Hekayədə ədəbiyyat çatışmır – Hekayə müzakirəsi

Hekayədə ədəbiyyat çatışmır – Hekayə müzakirəsi

Kulis.az “Hekayə müzakirəsi” layihəsində Əli Novruzovun “Quyu” hekayəsini haqqında yazarların fikirlərini təqdim edir.

Rasim Qaraca

Rasim Qaraca - Ra günəş deməkdir, Rasim...

Sadə dillə, heç bir emosional əlavələr etmədən yazıçı Bakı kəndindəki kiçik əhvalatı oxucuya danışır. Hadisənin ritmi real zamanın ritminə uyğundur və inandırıcıdır. Azərbaycan hekayəçiliyində adətən yazıçı nəsə güclü bir məsaj verməyi qarşısına məqsəd qoyur, mütləq nəsə partlayışlı bir hadisə, xəyanət, qan, zorlama, ayrılıq, göz yaşı kimi motivlər olmalıdır və ya ən azından kimsə ölməlidir, bir sözlə, nəsə taxçadan düşüb tapp eləməli, Qızxanım da onu happ eləməlidir. Burada isə yazıçının obyektivi “adi gözlə görünməyən”, Azərbaycan hekayəçiliyi üçün ənənəvi olmayan, hadisə sayılmayacaq qədər “kiçik” bir hadisəyə fokuslanıb. Bu cəhətinə görə heakayə unikaldır.

Təsvir etdiyi hadisəyə mistik-sakral mənalar yükləmədiyinə görə də yazıçıya minnətdar olmalıyıq. Azərbaycan hekayəçiliyi mistikadan qurtulur deyəsən yavaş-yavaş. Eyni zamanda, Əlinin özünün əvvəlki hekayələrindən fərqli olaraq, bu hekayə işarələrlə danışmaq, Ezop dilində hansısa göndərmələr etmək üslubundan uzaqdır.

Artıq soyuq başla, yardımçı üslub vasitələrinə baş vurmadan soyuq təmkinlə olmuş (və ya olmamış) bir hadisəni danışa bilir. Əslində bu bir aksiomdur, bütün bu bacarıqlara yiyələnəndən sonra nəsə yazmağa başlamalısan. Ancaq ədəbiyyatımız o səviyyədədir ki, hekayəçilik normativlərinin kiçik işartısını belə görəndə istər-istəməz sevinirik. Hekayənin mənə görə (nöqsanı deməzdim) oxucunu doyurmayan cəhəti, lap kiçik hadisələrin fonunda olsa belə, insan talelərinin göstərilməməsidir.

Əlimizdəki bu hekayə ilə dünyadakı hansısa bir coğrafiyanıın hansısa tarixi kəsikdəki bir anını bərpa etməyimiz imkansızdır, çünki hadisənin hansı zamanda baş verdiyi bilinmir, konkretlik yoxdur. Yazıçı hekayənin tarixi prosesdən qoparılmış, steril bir uşaqlıq xatirəsi kimi qalmaması üçün heç bir cəhd göstərməyib.

Aqşin Yenisey

Aqşin Yenisey - İsanı kölələr şillələdilər. » Ədəbiyyat.AZ - Ədəbi yazılar,  məqalələr, son xəbərlər, kitablar, poeziya

Novruzovun bu hekayəsinin nə bədii ideyası var, nə bədii informasiyası. Hər gün birnəfəsə yüzlərlə belə hekayə yazmaq olar. Hekayənin adını oxuyanda Pol Osterin “Quyudakı adam” romanı yadıma düşdü və fikirləşdim ki, müəllif “quyu” anlayışını təsadüfi seçməyib, yəqin ki, bizi “qazdığı” quyuya sallayıb kəndirimizi kəsəcək və bizi, oxucunu eynən Məlikməmməd kimi tanımadığımız bir dünya ilə təkbətək buraxacaq.

Ancaq biz bütün uşaqların qumda qazdığı quyudan başqa heç nə görmədik. Məsələn, Polun romanının qəhrəmanı Brik səhər yuxudan oyanıb özünü bir quyunun dibində görür (kafkaesk bir giriş) və özündən soruşur: “Nə baş verir, məni bura kim salıb?” Sonra bu suallar daha da dərinləşir və bəşəri bir suala çevrilir: “Bizim bu dünyada nə işimiz var, bizi bura kim göndərib?” Cavab yoxdur. Yeganə bir yol var; yaşamaq, həm də şikayət etmədən. Buna deyirlər əsərin bədii həlli. Eşitdiyim qədəriylə Əli Novruzov həm də ədəbiyyat tənqidçisidir, bunları bilməmiş olmaz.

Amma bu hekayəsində çatışmayan çox şey var, ən başlıcası da ədəbiyyatın özü. Məsələn, birini mən deyim, mətndə təhkiyəçinin baxış bucağı verilməyibsə, “bağın bu tərəfində yox idi” yazmaq naşılıqdı. “Bağın bu tərəfi” hansı tərəfidir, təhkiyəçi hansı tərəfdən baxır? “Həndəvərinə göz gəzdirdi, uşaq bağın bu tərəfində yox idi” yazılsaydı, birtəhər işə xitam vermək olardı.

Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlunun yeni kitabı təqdim olunacaq

Abşeron. Yay. Bağlar. Qumsal. Meynəlik. Bu peyzaj həmişə mənə doğma gəlib, istənilən bədii əsərdə bu mənzərə məni özünə çəkib. Əli Novruzovun “Quyu” hekayəsi ilk növbədə bu baxımdan məni cəlb elədi. Sonra isə sakit, “heç nə baş verməyən” təhkiyəsi. Xüsusi bir hadisə baş vermir, Mirini incidən bir uşağın narahatlığına şahidlik edir. Qorxur ki, ondan inciyən qohumu bağdan qaçar, başına nəsə gələr, onu danlayarlar. Lakin xeyli axtarışdan sonra Mirini meynəlikdə tapır. O, hamıdan gizlənmək üçün özünə quyu qazıb, içinə uzanıb. Səbəblərdən biri isə budur ki, Miri müharibədə olan atasının öləcəyindən, özünün yetim qalacağından qorxur. Və bütün bu sıxıntıdan qurtulmaq üçün özünü quyu ilə hər şeydən təcrid etməyə çalışır. Miri quyunu özü üçün qazıb, lakin bu dəfə məşhur atalar sözümüzün astarı üzünə çevrilir: Mirinin özünə qazdığı quyuya başqası düşür.

Miri atasının müharibədə öləcəyindan narahatdır. Qohumunun isə atası var. Özü də bir azdan işdən gələcək. Və gəlib meynənin dibini qazdığına görə oğlunu döyəcək, hətta quyunu Mirinin qazdığına öyrənsə də ona inanmayacaq.

Beləcə sakit təhkiyə bu kiçik paradoksla birdən-birə təlatümə gəlir və quyu kimi oxucunu öz içinə çəkir.

Ömər Xəyyam

Bumbuz qadın - Ömər Xəyyamdan yeni hekayə

…günəşin ilmələri ki meynəlikdə dincəlir, – haman ilmələr elektriçka kimi canımdan keçir; payızdan sivişib əmimgilin bağına – Maştağaya çatıram; bağın ölü sevindirən çağı – qərib ikindi vaxtı əncir yarpaqları xışıldayır… yox, yox, atam imiş…

o il atam öldü. o il əncir də gətirmədi… nənəm hər dəfə deyinirdi. deyirdi ki, guya mən əncir ağacının dibinə işəmişəm, bəs ağac küsüb. fəqət mən nənəmə deyə bilmədim ki, onu həmin gün əncir ağacının dibinə işəyəndə görmüşəm. o il nənəm də öldü.

Oxuduqca əmimgilin bağını, atamı, nənəmi, nənəmin qırmızı güllü donunu xatırladım, onun razyana qoxulu əllərinin yumşaqlığını duydum.

Yumşaq hekayədir. Məndən ötrü hekayə həm də tətikləyicidir: şövq verir, ilhamlandırır, fərəhləndirir, olanları/ölənləri qurdalayır… – Bu hekayə kimi.

Hə, hekayədimi? Hekayədi.

Birbaşa, özünü göstərmədən o şey haqda məlumat verə bilirsənsə, – deməli, alınıb. Əli də Maştağada – bağda, qumluğun içində atası müharibəyə getmiş bir tifilə səngər qazdırır; bir növ, haman tifil atasının, böyük mənada ataların qazdığı səngərə düşür. Müharibə haqda, müharibənin mahiyyəti haqda topsuz, tüfəngsiz hekayə!

Tələskənlik sezdim. Əli tələsir. Tələsir ki, o yetim tifili atasının qazdığı səngərə salsın. Meynəlikdə xeyli eşələnmək olardı…

Üslubunu bəyənmədim, yox, yəni mən bu üslubu bəyənmirəm. Bədii həll məzmundan “balacadı”. Bədii həlli məzmunun haqqını verməyib. Hərdən müəllifin barmağı gözümə girirdi. Məsələn, dialoqlar ona görə qurudur. Əli Miriyə imkan vermir, Miri də məcbur Əlinin ağzıyla danışır. Gərək Əli qumluqdan, meynəlikdən çəkilərdi, çıxıb oturardı əncir ağacında, diktə etməzdi.

İlham Əziz

Bir 1 kişi, ayakta, meyve, ağaç ve açık hava görseli olabilir

Gözəldir. Əslində, əhval hekayələrinə ehtiyac var. Heç nə olmur, amma hər şey var. Bir-iki redaktə işini nəzərə almasan dili də rəvandır. Bu tip hekayələrin özünəməxsusluğu onun rəngindədir. Bağ hekayələri bizim ədəbiyyatda xüsusi bir janr kimi formalaşıb. Bizim bağlar, Latın Amerikasının səhraları kimi ədəbiyyatımıza material, yön verir. Bu hekayəni oxuyanda nədənsə Xuan Rulfonu xatırladım. Əlinin hekayəsini bəyəndim, müəllifə uğurlar!

Təvəkgül Boysunar

Yazıçılıq və dilənçilik - Təvəkgül BOYSUNAR | Edebiyyatqazeti.az

Əli Novruzovun hekayəsi son həftələrdə yayımlanan hekayələrdən, təbii ki, daha fərqli hekayədir. Çünki müəllif, yazılarını mətbuatda tez-tez dərc etdirməsə də, görünür, əslində peşəkar yazıçıdır. Və elə bu səbəbdən də, onun mətnini dəyərləndirəndə biz müqayisəni hekayə janrının uğurlu nümunələri ilə aparmalıyıq.

Hekayədə yetim bir uşağın – Mirinin kədərindən, özünü bu həyatda təklənmiş hiss etməsindən danışılır. Sonra məlum olur ki, uşağın atası müharibədədir və bəlkə, müharibədən qayıda da bilər.

Sonda Mirinin kədərinə başqa bir kiçik kədər də əlavə olunur. Dayısı da onu bacarıqsız biri kimi görür, quyunu onun qazdığına inanmır və həmin quyuya görə cəzanı Mirinin dayısıoğlu alır.

Lakin, zənnimcə, Mirinin kədərini oxucuya hiss etdirmək istəyən və buna kiçik həcm çərçivəsində müəyyən qədər nail olan müəllifi başa düşsək də, hekayədə xüsusi qeyri-adilik, oxucunu zövq üçün təkrar-təkrar oxumağa sövq edən dil, bənzətmələr və güclü atmosfer yoxdur.

Amma bu durum, hekayəni ona görə pis göstərmir ki, müəllif də mətni xüsusi iddiayla, hay-küylə, böyük bir yükün öhdəsindən gəlirmiş kimi görsənərək yazmayıb. Uğurlar.

Orxan Həsəni

Azərbaycan toyuna ermənilərin oynaması – Orxan Həsəni yazır…

Minimalist, incə, ürəyə toxunan detallarla işlənib. Bir neçə dəfə oxudum və çox sevdim. Hekayənin arxa fonunda müharibə gizlənib. Məncə, hekayənin müharibə mövzulu olduğunu söyləsək, yanılmarıq. Çünki çıxış nöqtəsi müharibədir. Öldüdüsündən, qaldısından xəbər-ətər olmayan atanın yoxluğu oğlu incikliklərə qarşı müdafiəsiz qoyur, onu küsdürür, quyunun içinə salır. Atası döyüşdə olan Miri onun dönəcəyinə ümid etmir. Kiçik incikliklər isə böyük dərdlərin və mənanın qapısını açır. Quyu detalı şərhə açıqdır. Forma və məzmun olaraq doyurucu hekayə idi.

Vüqar Babazadə

Molla - Vüqar Babazadənin hekayəsi

Hekayəni iki dəfə oxudum. Birinci dəfə təəccübləndim, ikinci dəfə kef elədim. Ağlımda tutduğum şeyləri yazmaq istəyəndə, gördüm ki, Orxan Həsəni yazıb. Orxanın fikirlərinə qatılıram. Maraqlı hekayədir. Əli söhbəti çox yaxşı bilir.

Share: