HƏMAS-ın İsraillə müharibəsinə ilk reaksiya: Neft qiymətləri artdı, ABŞ fond füçersləri düşdü

HƏMAS-ın İsraillə müharibəsinə ilk reaksiya: Neft qiymətləri artdı, ABŞ fond füçersləri düşdü

HƏMAS-ın İsraillə müharibəsinə ilk reaksiya olaraq bazar günü axşam neft qiymətləri artıb və ABŞ fond füçersləri ucuzlaşıb.

Bildirilir ki, İsrail əsas neft istehsalçısı olmasa da, neftlə zəngin Yaxın Şərqdə gərginliyin artması son həftələrdə neft satışını çoxaldan investorları qorxudub.

Məlumata görə, bazar günü axşam ABŞ-də neftin qiyməti 4% artaraq bir barel üçün 86 dolları ötüb. Dünya etalonu olan “Brent” markalı neft də təxminən 4% bahalaşaraq bir bareli 88 dollar civarında alınıb.

“SPI Asset Management”in idarəedici partnyoru Stiven İnnes bildirib ki, artım çox güman ki, treyderlər arasında Yaxın Şərqdəki geosiyasi eskalasiyaya “əvvəlcə al, sonra sual ver” tərzdə reaksiya vermək meylindən qaynaqlanır.

“Tarixi təhlillər göstərir ki, neft qiymətləri Yaxın Şərq böhranından sonra davamlı olaraq yüksəliş tendensiyası nümayiş etdirib”, – deyə o vurğulayıb.

Birjalarda gözlənilməz dərəcədə güclü ABŞ əmək bazarı hesabatı fonunda cümə günü bahalaşan ABŞ fond füçersləri bazar günü axşam saatlarında kəskin ucuzlaşıb.

“Dow” füçersləri 200 bənd (yaxud 0,6%), “S&P 500” füçersləri 0,7% , “Nasdaq” füçersləri isə 0,7% ucuzlaşıb.

Qlobal investorlar Yaxın Şərqdə uzunmüddətli gərginliyin kövrək qlobal iqtisadiyyatın bərpasına zərər verə biləcəyindən ehtiyat edirlər.

Mənbə: CNN

Share: