Kulis.az Əli Zərbəlinin “Şərhlər və mənalar” adlı essesini təqdim edir.
“Hər şeydə məna yaratmağa, dünyanı anlaşılan etməyə çalışırıq. Bununla belə, biz mənadan məhrum olmaq təhlükəsi ilə üz-üzə deyilik, əksinə, məna ilə dolub-daşırıq və bu bizi öldürür.
Jak Bodriyar
Görəsən Heminquey burada nə demək istəyib?
Enrike Vila-Matasın “Paris heç vaxt bitmir” (París no se acaba nunca) adlı romanında maraqlı bir fraqment var. Enrikenin əksər romanlarında olduğu kimi burada da romanın qəhrəmanı bir yazıçıdır. O, bir gün Nant şəhərinə mühazirə vermək üçün dəvət olunur. Gedib Nanta çatır, zala daxil olur, mühazirəyə başlayır. Mənim bu şəhərə gəlib mühazirə verməkdə əsas məqsədlərimdən biri də – o, zala müraciət edir – sizlərin köməyilə Heminqueyin “Yağışdakı pişik” hekayəsində nə demək istədiyini anlamaqdır.
Markez deyir ki, bu hekayədən yaxşısı hələ yazılmayıb, ancaq düzünə qalsa, mən bu hekayəni zərrə qədər də başa düşməmişəm. İndi sizə o hekayəni oxuyacam, sizdən isə hekayədən nə anladığınızı qeyd etməyi, şərhlərinizi gözləyəcəm. Hekayəni oxumamışdan əvvəl isə sizə yenə də xatırlatmaq istərdim ki, bildiyiniz kimi Heminqueyin hekayələrinin sirri deyilməyənlərin içində gizli qalır, o çatdırmaq istədiklərini açıq-aydın yazmır, alt qatda yatan mənalarla, deyilməyənlər ilə, alluziyalarla nağıl edir. Gəlin hekayəyə baxaq.
İkinci dünya müharibəsindən sonra. Yenicə evlənmiş bir cütlük İtaliyada istirahətdədir. Onlar otel otağındadırlar, bir az ürəkləri sıxılır. Yağış yağır. Kişi yataqda uzanıb kitab oxuyur, qadın isə pəncərədən baxır, təlaşlı görünür; o, yağışdan qorunmaq üçün skamyanın altında gizlənən pişikdən ötrü narahatdır. İndicə gedib pişiyi evə gətirirəm – qadın deyir. Gözlə mən düşərəm – kişi deyir. Yox, özüm gedərəm – qadın deyir. Uzun sözün qısası, qadın köməkçi ilə birlikdə pişik üçün aşağı düşür, ancaq onu axtardığı yerdə tapmır. Axı burada pişik var idi – qadın deyir. Bu yağışda pişik? – köməkçi gülür.
Qadın geri qayıdır və ərinə pişiyi orda tapmadığını deyir. Sonra isə güzgünün qarşısında dayanıb qısa saçlarına baxır. Səncə, saçlarımı uzatsam necə olar? – ərindən soruşur. Mən indi necədirsə elə xoşlayıram – kişi deyir və oxumağa davam edir. Birdən qapı döyülür. Gələn xidmətçidir. Qucağında ona bərk-bərk sığınan ala-bula bir pişik var. Bağışlayın – xidmətçi deyir – bunu otelin sahibi sizə gətirməyimi istədi. Hekayə bitir.
Auditoriyanın hekayəyə verdiyi şərhlərdən bəziləri:
1) Hekayə qadının cinsi həyatının məyusluğa uğraması haqqındadır, bu məyusluğu o, pişik sahibi olmaqla kompensasiya etmək istəyir.
2) Hekayə, əslində, müharibədən yenicə çıxmış səfil İtaliyanın portretidir, onun Amerikanın köməyinə ehtiyacı var.
3) Hekayə cinsi əlaqədən sonra gələn can sıxıntısından bəhs edir.
4) Hekayədəki qadın saçını oğlansayağı qısa kəsdirməkdən bezib, çünki o artıq ərinin homoseksual arzularını qarşılamaq istəmir.
5) Qadın otelin sahibinə vurulub.
6) Bu hekayə bizə göstərir ki, kişilər, eyni zamanda, həm kitab oxuyub, həm də öz arvadlarına qulaq asa bilmirlər və bu ta Daş Dövrünə qədər gedib çıxır; o vaxtlar kişilər ova gedirdi, qadınlar isə mağarada qalıb yemək hazırlayırdılar, beləliklə kişilər sakitlikdə düşünməyi, qadınlar isə gün boyu baş verənləri necə danışmağı öyrəndilər və beləcə onlar emosiyalara dayanan münasibətlər inkişaf etdirdilər.
Zalda oturan qadınlardan biri isə deyir: Bəlkə, hekayə nə oxuyuruqsa elə ondan ibarətdir? Onda necə? Bəlkə, orda heç şərh olunası nəsə axtarmaq lazım deyil? Hekayə anlaşılan deyil və elə onun şarmı da burdadır.
Müəllif öldü; onu Roland Bart öldürdü.
Mənalardan və şərhlərdən danışıb Roland Bartı unutmaq ayıb olar. Onun “Müəllifin ölümü” essesinin post-strukturalizm nəzəriyyəsinin inkişafında böyük rolu olub və ədəbiyyat üzərinə yazılmış ən mühüm mətnlərdən biri sayılır. Esseni dilimizə Cavanşir Yusifli tərcümə edib.
Bu essedən belə nəticə çıxır ki, biz müəllifi mətnə tək bir məna bəxş etmiş Tanrı kimi görməməliyik. Ədəbi əsərə müqəddəs mətnin bir növ dünyəvi variantı kimi baxmamalıyıq. Əvəzində ədəbi mətn bir çox əvvəlki ədəbi əsərlərin “qarışdığı və toqquşduğu”, çoxlu təsirlərin, alluziyaların və sitatların olduğu yerdir. Həqiqətən də, “onların heç biri” – Bart iddia edir – “orijinal” deyil. Bunun əvəzinə mətn “sitatlar toxuması”dır.
Bart “müəllifin ölümü” ifadəsi ilə demək istəyir ki, mətnə müəllif yükləmək, əslində, həmin mətni məhdudlaşdırır, çünki belə olduğu halda biz ədəbi əsərə onu yazan müəllifə münasibətdə baxırıq. Uzun sözün qısası, Bart deyir ki, əgər oxucu əsərə müəllifin gözü ilə baxsa, oxumaqdan heç bir fayda əldə etməyəcək. Müəllifi mətnlə əlaqələndirməklə, mətnin potensialı avtomatik olaraq məhdudlaşdırılır.
Oxucu öz təcrübələrindən istifadə edərək mətndən öz mənalarını çıxarmaq, şəxsi baxış bucağı və ətrafındakı dünya ilə əlaqəyə uyğun olaraq öz fikirlərini stimullaşdırmaq əvəzinə, o, müəllifin nə demək istədiyini təxmin etməyə çalışmaqla mətni limitləyir. Oxucu diqqətini müəllifin fikirlərini başa düşməyə (“Görəsən, yazıçı burda nə demək istəyib?”) və müəlliflə razı olub-olmamasına diqqət yetirir və öz fikirlərinə, əsərlə bağlı fikirlərinə diqqət yetirmir.
Müəllifin ölümü konsepti isə mətnə belə yanaşmanın adekvat olmadığını iddia edir: Beləliklə, mətnin mənbəyi (müəllif) deyil, hədəf nöqtəsi (oxucular) daha önəmlidir. Mətnə mənanı oxucu qazandırır. Mətnə məna verən oxucudursa, mövcud ola biləcək şərhlərdə heç bir limit ola bilməz, çünki dünyada hər kəsin onu formalaşdıran özünəməxsus təcrübələri, düşüncələri var və bunlar mətnin müxtəlif cür yozulmasına imkan yaradır.
Bart məşhur essesini belə bitirir: oxucunun doğulması müəllifin ölümü bahasınadır.
“Sahibsiz mətn”
Bu sual ilə tez-tez rastlaşırıq: görəsən, yazıçı bu əsərdə nə demək istəyib? Gəl lap əvvəldən başlayaq. Bu sualın, daha doğrusu, bu çaşqınlığın qaynağı bəllidir; istənilən mətn təbiət etibarilə şərhə açıqdır. İstənilən mətni əminliklə bir neçə mənaya yozmaq olar. Ancaq bəzən bu yüklənmiş mənalar, yozumlar orijinal mətni usandırır, onun boynuna məsuliyyət qoyur, absurd müstəvilərə daşıyır. Yuxarıda qeyd olunan fraqmentdə, Enrikenin bu məsələyə ironik yanaşmasını görmək asandır. Enrikenin yarı-avtobioqrafik romanının qəhrəmanın (yəni özünün) ağlına auditoriyadan gələn son şərh, yanaşma daha çox batır – “Bəlkə, hekayə nə oxuyuruqsa, elə ondan ibarətdir? Onda necə? Bəlkə, orda heç şərh olunası nəsə axtarmaq lazım deyil?”
Məsələn, Bekket “Godotu gözləyərkən” əsərində nə anlatmağa çalışırdı? İki nəfər yolun kənarında yarpaqsız bir ağacın altında dayanıb rabitəsiz cümlələrlə danışıb vaxt öldürərək, Godot adlı bir nəfəri gözləyir. Godot da heç vaxt gəlib çıxmır. İlk əvvəl klassik pyes ənənəsindən uzaq olduğu, süjet xəttinin olmaması üçün heç də xoş qarşılanmasa da, sonradan yavaş-yavaş öz absurdluğunu, anlaşılmazlığını silah edərək müxtəlif şərhlərlə, müzakirələrlə özünə auditoriya qazanmağı bacarmışdı.
Kimisi pyesi insanın həyata dirənişinin, absurdla qarşılaşmasının təsviri kimi görür, başqaları mətni dini kontekstdə müzakirə edərək Godotu Tanrı kimi şərh edir, bəziləri gündəlik həyatın mənasız, hadisəsiz və monoton təsviri kimi anlayır və s. Onlarla bu tip interpretasiyalar. Bir az uzağa gedib (ağını çıxardıb) pyesi sosio-politik müstəvidə də şərh etmək olar: Godot ümidlə gözlənilən, ancaq heç vaxt gəlib çıxmayan mükəmməl, ədalətli sosial iyerarxiyanı təmsil edir.
Niyə də yox? Bəs Bekket bunlardan hansını düşünmüşdü? Məncə, Bekket bu əsəri bikarçılıqdan yazmışdı. Zarafat eləmirəm. Bunu əsla pis bir şey kimi də təqdim etmirəm. Bekket stilist idi, minimallığın stilisti. Bu dəfə isə o, üslubunu minimallaşdırmaq yox, mövzunu minimallaşdırmaq istəmişdi; o, sadəcə olaraq “heç nə” haqqında əsər yazmaq istəmişdi. Və bunu bacarmışdı da. Qulağa inandırıcı gəlmir. Neçə dənə “heç nə” haqqında yazılmış əsər tanıyırıq?
Təzəlikcə iki nəfərin qızğın din debatına istəmədən qulaq müsafiri oldum. Onlardan biri hamının dəfələrlə eşitdiyi klişe bir fikir səsləndirdi: Quran yeganə kitabdır ki, onu oxuyub həm dindar, həm də ateist olmaq olar, orda yazılanları müxtəlif yerlərə yozmaq olar. Özümü ortalığa atıb “Xeyr!” demək istədim, Quran müxtəlif cür şərh oluna biləcək yeganə(!) kitab deyil. Ancaq “əşşi” dedim, “özləri bilər”.
Mətn şərh oluna biləndir. Şərh mətnin taleyidir. Kafkanın məhkəmə əsərini nevrotik totalitarizmin amansızlığı, bürokratiyanın parodiyası kimi yozanlar da oldu, mətni daha fundamental – Tanrı-insan, günah-ilahi cəza, qismət-çarəsizlik konteksində müzakirə edənlər də oldu. Mətn şərh oluna biləndir. Mətnin möhtəşəmliyi, sehri də elə burdadır. Ancaq təəssüf ki, bu möhtəşəmliklə yanaşı mətnin şərhəaçıq xarakteri, onu eyni zamanda sanki lənətləyir də. Bunu dini kitabların, fəlsəfi, siyasi, sosial manifestlərin və onların yozumlarının törətdiyi fəsadların timsalında daha aydın görmək olar.
“Müəllifin ölümü” mətnə yanaşmada inqilabi bir kəşf idi, bu yanaşma mətni zəncirlərdən xilas etmiş, ona azadlıq vermişdi, onu monotlonduqdan xilas etmişdi, həyəcanverici, sehrli etmişdi. Müəllifin yaxasından yapışıb “sən axı burda nə deyirsən?” bağıranlara fərqli baxış bucağı sunmuşdu. Ancaq bununla belə bu azadlıq bəzən baha başa gəlir; siyasi, ideoloji ağırlığı olan mətnə Bartın təqdim etdiyi kontekstə yanaşmaq (Məsələn, Makiavelli – “Hökmdar”, Nitşe – “Zərdüşt belə deyirdi” kimi əsərlərin nümunəsində) “sahibsiz” mətnin sui-istifadəsinə, fəsadlı nəticələrə də gətirib çıxara bilir.
Ədəbiyyat tarixində o qədər “səhv anlaşılan” kitablar var ki. Hansı birindən danışasan? Məsələn, Beat nəslinin təmsilçisi Cek Keruakın “Yolda” romanı. Romanı oxuyub mənasız, avara həyat tərzi əxz edənlər Keruakı çox məyus etmişdi. Əslində isə Beatniklər cəmiyyətin təzyiqi, sosial tələbatları altında əzilənlər və öz yerini bu dünyada heç cürə tapa bilməyənlər idi.
Ancaq bəziləri romanı oxuyub, narkotika, eyş-işrətlə dolu məqsdəsiz, bohemian, hedonist yaşayışla “cool” görünüb “qız tutmağa” başladı. 50-ci illərin sonlarında qəhvəxanalarda, caz klublarında toplaşan psevdo-intellektual bir dəstə yaranmışdı. Bunun məsuliyyətini Keruak daşıyırdı? Yaxşı sualdır. Keruakın reaksiyası təxminən belə idi: “Bu əsl Beat deyil”
Siyahını nə qədər desən uzatmaq olar. Yazını uzadıb “Döyüş klubu”, “Mexaniki Portağal”, “Alis Möcüzələr Diyarında” və s. əsərləri haqqında da danışmaq olar. Ancaq gəl başqa birindən danışaq. İllər öncə “Başsağlığı” adlı bir hekayə yazmışdım. Təzəlikcə Kulisdə hekayə müzakirəsinə çıxarılmışdı. Hekayəni bəyənənlər, uğurlu sayanlar da oldu, bəyənməyənlər də. Bunlar təbiidir, gözləniləndir. Mənim diqqətimi isə şərhlər çəkdi.
Hekayəni tez-bazar danışsaq belədir: Bir gün ucdan tutma hamı Səməndər adlı bir nəfərə başsağlığı verməyə başlayır. O əvvəlcə düşünür ki, yəqin, onu kimləsə səhv salırlar, ya da onu ələ salırlar. Ancaq vəziyyət getdikcə ciddiləşir. Hər kəs dayanmadan ona durduq yerdə başsağlığı verməyə davam edir. Qonşular, dostlar, iş yoldaşları, Rusiyadakı qardaşı, boşanmış arvadı və s. O, axırda səbəbini anlamadığı başsağlığı təzyiqlərinə dözə bilmir, yatağa düşür, canı ilə əlləşib ölür.
Kulisdəki müzakirədə rəy bildirənlərdən biri belə qeyd etmişdi: “Ümumiyyətlə, başa düşmədim ki, bu hekayə nə üçün yazılıb? Heç bir məna yükləmək olmur”. Çox maraqlıdır. Çünki bu absurd bir hekayədir. İçində məna filan gizlənilməyib, nədirsə odur, sadəcə olaraq reallıqdan kənar, absurd bir situasiyadır.
Bu şərhi görəndə yadıma bir hadisə düşdü. Bakalavr vaxtı dostlardan biri məndən ona kitab tövsiyə etməyimi istədi, “ancaq qısa bir şey olsun” dedi. Çox yormadım özümü, ağlıma “Çevrilmə” gəldi. Bir neçə müddət sonra universitet korridorunda təsadüfən görüşdük. Kitabı oxuyub oxumadığını, bəyənib-bəyənmədiyini soruşdum. Belə dedi: “Pis deyil idi. Ancaq başa düşmədim ki, bu kitab nə üçün yazılıb? Mənasını tuta bilmədim.
Bir də ki, Zamza niyə böcəyə çevrilmişdi ki?”