“Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qurtardı”

“Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qurtardı”

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.

FHN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, YAP-ın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, FHN-in əməkdaşları və Akademiyanın kursantları iştirak ediblər.

Nazir bildirib ki, Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. 44 günlük Vətən müharibəsində Qarabağımız düşmən işğalından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

K.Heydərov vurğulayıb ki, Heydər Əliyev 1990-cı ildə Naxçıvana gələrək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı erməni təcavüzündən qoruyub, onun hərtərəfli inkişafını təmin edib. O, Heydər Əliyevin 1993-cü ildə xalqın tələb və təkidi ilə hakimiyyətə yenidən gəlişi ilə Azərbaycanı real parçalanma, xalqı qardaş qırğını və vətəndaş müharibəsindən qurtardığını deyib:

“Bütün digər sahələrdə olduğu kimi, insanların təhlükəsizliyinin təmin edilməsi, o cümlədən təbii və texnogen fəlakətlərlə səmərəli mübarizə məsələləri də hər zaman Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən olub. Təsadüfi deyildir ki, Fövqəladə Hallar Nazirliyi fəaliyyətini ulu öndərin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” müdrik kəlamı üzərində qurub. Çox xoşbəxtik ki, dahi liderin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Fövqəladə Hallar Nazirliyinin kollektivi bütün qüvvə və bacarığını ölkə əhalisinin təhlükəsiz həyat və fəaliyyətinin təmin olunması naminə səfərbər edəcək”.


Share: