Mürəkkəb, anadangəlmə ürək qüsurlu uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Klinikada əməliyyat olunublar. Xəstəxanadan AZƏRTAC-a bildiriblər ki, klinikanın baş həkimi, kardiocərrah Kamran Musayev bu barədə məlumat verib.
Həkim deyib: “Son günlərdə İsveçrədən klinikamıza dəvət olunmuş həmkarlarımızla birlikdə toplam 12 xəstə uşağımız əməliyyat olunub. İcra olunan əməliyyatlar uğurla nəticələnib, uşaqlarda mövcud anadangəlmə ürək qüsurları aradan qaldırılıb. Sevindirici haldır ki, bir çoxlarından fərqli olaraq bəzi uşaqda mövcud qüsurlar əməliyyatla tam aradan qaldırılır. Bundan sonra bu balalarımız həyatına həmyaşıdları kimi normal davam edə biləcəklər. Şəxsən mən bir cərrah olaraq bu cür əməliyyatlar icra etdikdə çox sevinirəm. Bunun səbəbi isə mövcud olan problemin tam aradan qaldırılması ilə körpələrin yenidən həyata qaytarılmalarıdır. Uşaqlardan üçündə digər xəstəxanalarda icra olunmuş əməliyyatlar bizim tərəfimizdən təkrar keçirilib. Son əməliyyat etdiyimiz uşaqlardan biri ongünlük və iki kilo yarım çəkidə olub. Bu körpənin də əməliyyatı uğurla nəticələnib.
Bir məqamı da xüsusilə qeyd etmək istərdim ki, bu cür mürəkkəb və kompleks şəklində aparılan əməliyyatların həyata keçirilməsində Heydər Əliyev Fondunun verdiyi dəstək əvəzolunmazdır.
Mən elə hesab edirəm ki, bu cür mürəkkəb əməliyyatların Mərkəzi Klinikada, ümumiyyətlə ölkəmizdə olunması səhiyyəmizin, kardiologiyanın və ümumiyyətlə kardiocərrahiyyənin gəldiyi nöqtənin əsas göstəricisidir. Mən bu işdə əməyi olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm”.
Müstəqil.Az