Dünən, oktyabrın 1-də Heydər Əliyev Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının təntənəli açılış mərasimi olub. “Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.
AZƏRTAC xəbər verir ki, genişmiqyaslı maarifçilik layihəsi olan “LiFFt” Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən etibarən hər il keçirilir.
Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.
Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.
Festivalın əsas vəzifələrinə aşağıda sadalanan məsələlər aiddir: Avrasiya ölkələrində festival hərəkatının birləşdirilməsi, Avrasiya xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə kömək, peşəkar ünsiyyət imkanlarının genişləndirilməsi, ədəbi forumlar və festivallar təşkili sahəsində təcrübə mübadiləsi, ictimaiyyətin geniş dairələrinin, oxucuların qitənin mədəni həyatında iştiraka cəlb edilməsi, mütaliənin və ədəbi yaradıcılığın təbliği, oxucu mədəniyyətinin formalaşması, bütün xalqlar üçün ortaq mənəvi-əxlaqi dəyərlərin bərqərar olması yolu ilə yazıçıların və oxucuların qarşılıqlı zənginləşməsi.
Festivalda Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri iştirak edirlər.
“LiFFt-2019” Avrasiya festivalı Avrasiya məkanında ədəbiyyatçıların qarşılıqlı yaradıcı fəaliyyəti, yer üzündə həyatın qorunub saxlanması naminə mədəniyyətə və qarşılıqlı hörmətə, sülhsevərliyə, millətlərarası mehriban qonşuluq və həmrəyliyə əsaslanan beynəlxalq ictimai münasibətlərin yeni modelinin yaradılmasında iştirak edən yazıçı və oxucuların geniş dialoqu üçün nəzərdə tutulan məkandır.
“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının açılış mərasimində Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev çıxış edib. O, dünyanın müxtəlif ölkələrindən festivala gəlmiş çoxsaylı qonaqları salamlayaraq deyib ki, bu payız Azərbaycan üçün sözün həqiqi mənasında ədəbi payız olub. O deyib: “Bu, ilk növbədə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə bağlıdır. Bu yubiley dövlət səviyyəsində genişmiqyaslı silsilə tədbirlərlə qeyd edilir. Sevindirici haldır ki, “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı Bakıda keçirilir. Festivalın işinə və iştirakçılarına uğurlar arzu edirəm”.
Sonra “LiFFt” Avrasiya Xalqlarının Mədəni Layihələrinin İnkişafına Dəstək Fondunun direktoru, “Şairin və rəssamın kitabı” layihəsinin müəllifi rəssam Anvar Almuxametov çıxış edib. O, festivalın təşkilatçılarına, xüsusən Heydər Əliyev Fonduna və “Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqına təşəkkürünü bildirib.
Festivalın Təşkilat Komitəsinin sədri, “Avrasiya xalqları assambleyası” baş katibinin birinci müavini, Baş Katibliyin rəhbəri Svetlana Smirnova “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının “gözəl ölkənin gözəl paytaxtında” keçirilməsinə yaratdığı imkana və dəstəyə görə Avrasiyanın çoxmillətli ədəbi ailəsi adından Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. “Artıq ikinci gündür ki, festivalın iştirakçıları qonaqpərvərlik, mahnı və rəqslər, Azərbaycan mətbəxinin ləziz təamlarından həzz alır, ən başlıcası Azərbaycan xalqının ürək genişliyini duyurlar”, – deyən S.Smirnova çıxışının sonunda festivalın loqosunu xatirə kimi Azərbaycan Yazıçılar Birliyinin sədri Anara hədiyyə edib.
Sonra “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının prezidenti və səfiri Marqarita Al çıxış edib. O, Avrasiya qitəsinin bütün guşələrindən gəlmiş yazıçıları və oxucuları salamlayıb. Onun sözlərinə görə, festival həmişə həmrəylik üsuludur və bu mənada “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı unikaldır.
Sonra festivalın laureatları – rusiyalı şair, fəlsəfə elmləri doktoru, filosof və ədəbiyyat tənqidçisi, “metametafora” termininin və metakodun fəlsəfi nəzəriyyəsinin müəllifi Konstantin Kedrov-Çelişev, qazax şairi, yazıçı və ədəbiyyatşünas, Qazaxıstanın Əmək Qəhrəmanı, Qazaxıstan SSR Xalq yazıçısı, Qazaxıstanın ictimai-siyasi xadimi, diplomat Oljas Süleymenov, Azərbaycan yazıçısı, Azərbaycanın “Qızıl kəlmə” ədəbi mükafatı laureatı, yazıçıların Nyu-York Beynəlxalq Konqresinin iştirakçısı Varis Yolçuyev çıxış etdi. Onlar festival barədə fikirlərini bölüşdülər.
Təntənəli açılış mərasiminin sonunda festivalın bayrağı səhnəyə gətirildi və Azərbaycan nümayəndəsi, yazıçı Varis Yolçuyevə təqdim edildi. Festivalın himni səsləndi.
Festivalın birinci günü öz işini “Müasir dünya ədəbiyyatının qlobal trendləri – gələcək dünya obrazının və gələcəyin adamlarının obrazlarının proqramlaşdırılması və modelləşdirilməsi” (moderator-Riçard Berenqarten (Böyük Britaniya)), “Müasir poeziya ədəbiyyatın avanqardında gələcək adamının və sosiumun obrazlarını proqramlaşdırır” (moderator – Toğrul Tanyol (Türkiyə)), “Müasir qlobal dünyada ədəbi tərcümənin insanların qarşılıqlı anlaşmasında və gələcək dünyanın formalaşmasında artan əhəmiyyəti” (moderator – Sergey Dmitriyenko (Rusiya)) mövzularında plenar iclaslarla davam etdirib.
Qeyd edək ki, “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının azərbaycanlı spikerləri Azərbaycanın Xalq yazıçıları Anar, Elçin Əfəndiyev, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Elmira Axundova, Xalq şairi Ramiz Rövşən, akademik Nizami Cəfərov, Azərbaycanın xalq artisti Ramiz Fətəliyev və başqalarıdır.
“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının beynəlxalq spikerləri Oljas Süleymenov (Qazaxıstan), Konstantin Kedrov-Çelişev (Rusiya), şair, nasir, tərcüməçi, Olştın Universitetinin professoru, mədəniyyət sahəsində hər il təqdim edilən marşal Varmiya və Mazur mükafatının laureata Kşiştov Şatravski (Polşa), yazıçı və dramaturq, İsrailin Baş Naziri Binyamin Netanyahunun kiçik qardaşı İdo Netanyahu (İsrail), əsərləri dünya xalqlarının 40 dilinə tərcümə edilmiş satirik yazıçı, şair, publisist, tərcüməçi, Başqırdıstanın və Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Marsel Səlimov (Rusiya) və başqalarıdır.
Festivalın işi oktyabrın 3-də başa çatacaq.
Müstəqil.Az