Dekabrın 16-da Heydər Əliyev Mərkəzində dünyaşöhrətli musiqiçi, caz əfsanəsi Vaqif Mustafazadəyə həsr olunmuş “Anam. İçərişəhər. Xəzər…” adlı konsert təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, konsertin “Anam. İçərişəhər. Xəzər…” adlandırılması təsadüfi deyil. Belə ki, Xəzərin sahilində yerləşən Bakıda, İçərişəhərdə dünyaya göz açan Vaqif Mustafazadə yaradıcılığındakı uğurların səbəblərindən söz açarkən hər zaman etiraf edərdi: “Çünki, anam, İçərişəhər və bir də dəniz var idi”.
Konsertdə Azərbaycan caz-muğam musiqisinin məşhur nümayəndələri Vaqif Mustafazadənin əsərlər ifa edilib. Konsertdə Alim Qasımov, Elbəy Məmmədzadə, Elçin Şirinov, Elvin Bəşirov, Emil Əfrasiyab, Etibar Əsədli, İsfar Sarabski, İsgəndər Ələsgərov, Mir Musa Seyidzadə, Nicat Aslanov, Riad Məmmədov, Ruslan Hüseynov, Şahin Növrəsli, eləcə də Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı və dirijor Fuad İbrahimovun idarəçiliyi ilə “Bakı Kamera Orkestri (“Baku Chamber Orkestra”) çıxış ediblər.
1940-cı ildə anadan olan görkəmli bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR-in Əməkdar artisti, Dövlət Mükafatı laureatı Vaqif Mustafazadə ilk təhsilini anası Zivər Əliyevanın çalışdığı 1 saylı musiqi məktəbində alıb. Vaqif Mustafazadə təhsilini 1957-1963-cü illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində davam etdirib. 1964-cü ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1965-ci ildə Tbilisi şəhərinə məşhur “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət edilib, elə həmin il Gürcüstan Dövlət Filarmoniyasının nəzdində “Qafqaz” caz triosunu yaradıb. 1967-68-ci illərdə Tallində Beynəlxalq caz festivalında iştirak edib.
1968-ci ildə görkəmli bəstəkar Rauf Hacıyevin dəvəti ilə Bakıya dönən Vaqif Mustafazadə 1969-cu ildə Bakıda “Caz-69” festivalında 1-ci mükafata layiq görülüb. 1970-ci ildə “Leyli” vokal kvartetini, 1971-ci ildə Dövlət Teleradiosunun nəzdində “Sevil” vokal-instrumental ansamblını yaradıb.
1977-ci ildə Donetskdə keçirilən caz festivalında laureat, 1978-ci ildə Tbilisidə caz festivalda laureat adına və ən yaxşı pianoçu mükafatına layiq görülüb. 1979-cu ildə “Əzizəni gözləyərkən” kompozisiyası ilə Monakoda Beynəlxalq caz kompozisiyaları müsabiqəsində ən yaxşı bəstəkar kimi birinci yerin və “Ağ royal” mükafatının sahibi olub. Elə həmin il Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu gün də aktualdır və bir çox musiqiçilər ifalarında Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.