Heydər Əliyev milli dilimizin xilaskarıdır…- Məhbubə Şahbazova

Heydər Əliyev milli dilimizin xilaskarıdır…- Məhbubə Şahbazova

          Ana yurdumuz, sevimli Vətənimiz Azərbaycan öz milli-mənəvi dəyərlərini nəinki qoruyur, yaşadır ,hətta unudulmağa məhkum olunmuşları üzə çıxardır,onlara yeni can verir. Vətənpərvərlik,doğma yurda qırılmaz tellərlə bağlılıq, Azərbaycançılıq, Azərbaycan dilinə dövlət dili kimi hər yerdə yüksək qiymət verilməsi belə dəyərlərdəndir.Vətəni sevmək, orada yaşayan doğmalarını sevmək, onların dilini sevmək deməkdir! Ulu Öndərimiz Heydər Əliyevin hamımızın dilinin əzbərinə çevrilmiş sözləri , necə də yerinə düşür: ” Hər bir xalqın milliyyətini , mənəvi dəyərlərini  yaşadan , inkişaf etdirən onun dilidir. ”  Bu gün Azərbaycan durmadan bu yolla irəliləyir. Artıq dünyada yaşayan bütün Azərbaycanlıların da doğma vətəninə çevrilmişdir Azərbaycanımız. Onlar bir an da olsun öz soy-köklərini , dilini, milli mənsubiyyətini unutmur, milli adət-ənənlərimizi yaşadır,qoruyurlar.  Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində milli-mənəvi dəyərlərin qorunmasına, ana dilimizin rolunun artırılmasına xüsusi diqqət göstərmişdir.

   Ulu Öndərin  insanı heyrətə gətirən cəhətlərdən biri barədə danışmağa dəyər. Heydər Əliyevin tutduğu “rəsmi” vəzifə ,çiynində daşıdığı  ağır olduğu qədər də şərəfli olan “general” paqonlarının çəkdiyi “hasarlar” içində vaxt tapıb yaşadığı həyatın hər guşəsinə,ən ali dövlət məqamlarından ,siyasi-ictimai idarəçilikdən tutmuş,sadə,sıravi insanların məişətinə,dolanışığına ,mənəviyyatına ,fikir və düşüncələrinə,elmə,ədəbiyyata,incəsənətə,müasir texnologiyanın nailiyyətlərinə dərindən dərinə bələd olması,illərlə rusdilli mühitlə əhatə olunmasına rəğmən ,öz ana dilini,doğma Azərbaycan dilini bütün incəliklərinə qədər bilməsi əsil möcüzə sayıla bilər.Adi Allah bəndəsi bu işin öhdəsindən gələ bilməz! Təsadüfi deyildir ki,hərtərəfli inkişaf etmiş Azərbaycan vətəndaşı yetişdirmək Ulu Öndərin həyat amalı idi.Yeri gəlmişkən,Heydər Əliyevin tayı-bərabəri olmayan natiq olmasından danışmamaq mümkün deyil.O,rus dilinə də yaxşı bələd idi, çıxışları, məruzələri yuxarı dairələrdə hərarətlə qarşılanırdı.Adama elə gəlirdi ki,bu adam başqa dildə belə danışa bilməz.Zaman göstərdi ki, Heydər Əliyev Azərbaycan dilini nitqi ləhcə, şivə və dialektlərlə dolu olan bir çox dilçidən təsəvvürəgəlməz dərəcədə yaxşı bilən, danışan ,tayı-bərabəri olmayan bir natiqdir.O öz dilini çox sevirdi, çünki öz xalqını sevirdi.Danışarkən söz üçün gəzmirdi, söz mirvari kimi gəlib süzülürdü. Bu sözlər iş başında olanda bəzən çox amansız,sərrast atəş səsini xatırladırdı.Bu sözlərdən mümkün qədər uzaq olmağa çalışan,baş girləyən vəzifə hərisləri belə yaxalarını qurtara bilmirdilər.Onlar elə oturduqları kresloda,iclas salonunda qolları bağlanmamış söz məhbusuna çevrilirdilər. Söz Ulu Öndərin heç vaxt hədəfdən yayınmayan silahı idi. Hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin nitqlərinə saatlarla qulaq asmalı,Azərbaycan Dövlət dilində təmiz,adına layiq danışmağı öyrənməlidirlər!

    Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması, qorunması və inkişafında Heydər Əliyevin müstəsna xidməti vardır.  Azərbaycan dilinin hərtərəfli inkişafı və zənginləşməsi,  ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların tribunalarında səslənməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazılıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Ulu Öndər dil məsələsinə həmişə diqqət göstərmişdir.   Ana dilinin böyük təəssübkeşi olan Heydər Əliyev onun inkişafı və qorunması istiqamətində bir-birinin ardınca fərmanlar imzaladı, qanunlar qəbul etmişdir.  1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 27-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi.

   Ulu Öndərin Azərbaycan dilinin inkişafına, qorunub saxlanmasına verdiyi xüsusi dəyər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşaraq  Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirir. 

    Heydər Əliyev hər şeydən əvvəl,ürəyi eşq dolu vətənpərvər idi. O,canından əziz tutduğu Vətənə məhəbbətini dəfələrlə,yüz dəfələrlə işdə,əməldə sübut etdi. Özü bu barədə gözəl deyib: ”Bilirəm  ki,40 ildən artıq bir müddət ərzində Azərbaycana bəxş etdiyim töhfələr-zavodlar,buruqlar,binalar, obyektlər,abidələr ,yeni qəsəbələr mən olmayanda da Heydər Əliyev işləri kimi yaddaşlarda yaşayacaqdır”.Fikir verin:yaratdıqları,qurduqları,tikdikləri demir,sadəcə,Heydər Əliyev işləri deyir. Bəli,fenomenlər həmişə belə təvazökar olurlar.Onun qartal baxışları özünə qızıldan heykəl qoyduranların aqibətini görürdü.  Burada elimizin gözəl bir bayatısı yada düşür:

                                          Bu qala , bizim qala,

                                          Bizimdir, bizim qala,

                                          Tikmədim özüm qalam,

                                         Tikdim ki,izim qala.

  Bir fərqlə! İçərisində yaşadığımız 2025-ci il Ulu Öndərin anadan olmasının 102-ci ilində müstəqil Azərbaycanımızın hər tərəfində Heydər Əliyevin nəfəsi duyulur, gələcəyimizi yönləndirən göstərişləri səslənir, başlıcası onun canlı yadigarı atasının arzusunu həyata  keçirib 44 günlük Vətən müharibəsində “Qarabağ Azərbaycandır!” hayqırıb əzəli torpaqlarımızı düşmənin başını dəmir yumruqla əzib işğaldan azad edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dönmədən atasının müəyyən etdiyi yolla gedir ,onun işini davam etdirir. Ali Baş Komandan olaraq İlham Əliyev Ulu Öndərin ona əmanət etdiyi əziz Vətəni düşmənin hər cür hiyləsindən qorumaq üçün əlindən gələni edir.

                          Məhbubə Şahbazova,

               YAP Masallı rayon təşkilatının fəal üzvü

Share: