Dünyamızı alt-üst edib getməyinin ildönümünə bir neçə gün qalıb. İnana bilmirəm ki, sənsiz bu qədər “yaşamışam” (Əgər buna yaşamaq demək olarsa). Düz bir ildi yarama basdığın duzun göynərtisi artır ki, azalmır… Bu bir ildə elə bir gün, elə bir saat olmadı ki, yadıma düşməyəsən. Elə bir gün olmadı ki, söhbət səndən düşməsin. Şəhərdə elə bir küçə, elə bir məkan yoxdu ki, səni xatırlatmasın. Hər yerdə xatirələrimiz var… Heyif ki, sənsiz o yerləri keçməyin ağırlığını anlada bilmirəm. Çox çətindi, lap çox
Sənin böyüklüyün, əvəzedilməz olduğun indi daha qabarıq göstərir özünü. Amma təəssüflər olsun ki, səndən sonra mahnılarına “divan tutanlar” çox oldu. Bacardı, bacarmadı mahnılarını “oxumaq” istəyənlər sənin ifanın yüzdə birini də edə bilmmədilər. Unutdular ki, sən Allahın bir lütfü idin. Sənin mahnılarını oxumaq üçün gərək SƏN olasan. Nə səsləri, nə ürəkləri SƏN ola bilmədi. Kiminsə BÜTÖV BALOĞLAN olması mümkün deyil. Allah o səsi, o ürəyi, o istedadı bir yerdə ancaq sənə vermişdi. Başqa hamıda kəsirlidi… Mahnılarına qənim kəsilənləri yerinə oturtmağa ilinə kimi səbr edirəm. İnşallah, ömür vəfa etsə elələrinə yerlərini göstərəcəm.(?)
…Səndən sonra çox şey dəyişib, Bali. Dünya dadını itirib, insanlar etibarını. Nə səni, nə Şahini, nə Əli dayını, nə Nurqələm müəllimi heç kəs əvəz edə bilmir. Sanki vədələşib getdiniz. Axı, hər yerə birlikdə gedərdik. Bir yerdə oturduğumuz, zarafatlaşıb xoş anlar keçirdiyimiz yerlərdən kədər boylanır indi. Dünyam qəmxanəyə dönüb…
Mən şahidəm ki, televiziyalardan sənə gündə yüzlərlə zəng olardı. Verlişlərinə çağırmağa dəridən-qabığdan çıxan televiziya kanalları (bir-ikisi istisna olmaqla) səni bir dəfə də olsun yad etmədilər. Onlar bir həqiqəti unudurlar ki, sənin unudulmaz ifalarının qarşısında özləri da, təmsil etdikləri televiziya da çox kiçikdi. Sağ olsunlar səni candan artıq sevən pərəstişkarların. Bir gün də unutmadılar səni. Sosial şəbəkələrdə mahnılarını paylaşmaqla minlərlə rəhmət oxutdurlar. Sən bu SEVGİni səmimiyyətin, təkrarsız ifanla qazanmışdın.
Sənsiz efirlərin, konsert salonlarının, şadlıq saraylarının ləzzəti gedib. Daha heç nəyin mənası qalmayıb. Sənin kimi bir SƏNƏTKARın yoxluğuna dözülürsə deməli doğurdan da fanidi dünya. Bu dünyanın mənasını özünlə aparmısan, qardaşım…
…Hər gün sənə yaxınlaşıram. Hər gün sənlə görüşəcəyim anın arzusundayam. Dünya sənə, sənsə mənə “vəfasızlıq” etdin. Əslində, baxanda mən də sənə vəfasızlıq edirəm. Sənsiz dünyamda “sənli” yaşamağın başqa adı varmı?
Heyif səndən, Bali. Çox heyif…
Şərafəddin İlkin,
Şair. Prezident təqaüdçüsü.