Hikmət Hacıyev: “Barışığın əsas meyarlarından biri Ermənistanın itkin düşmüşlər mövzusuna cavab verməsidir”

Hikmət Hacıyev: “Barışığın əsas meyarlarından biri Ermənistanın itkin düşmüşlər mövzusuna cavab verməsidir”

“Şuşada keçirilən konfrans çərçivəsində bizim humanitar yardım gündəliyimiz də ictimaiyyətin diqqətinə çatdırılır. Xüsusən Ermənistanın işğal dövründə həyata keçirdiyi vandallıq siyasəti barədə tədbir iştirakçıları məlumatlandırıldı. Onlar yol boyunca dağıdılmış ərazilərlə tanış oldular. Dağıntılarla yanaşı, Ermənistanın bu illər uzunu həyata keçirdiyi minalama siyasəti və bunun nəticəsində Azərbaycanın üzləşdiyi humanitar problemlər, onun təmizlənməsi ilə bağlı problemlər barəsində ətraflı məlumat verilir”.

APA-nın xəbərinə görə, bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfindən minalama siyasəti bu gün də davam etdirilir: “Bu barədə də beynəlxalq ictimaiyyətə məlumat verilib. Bu yaxınlarda “Qisas” əməliyyatı çərçivəsində Kəlbəcər-Laçın istiqamətində bəzi hərbi postlar Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü. Yalnız bir məntəqədə 900-dən artıq piyada əleyhinə mina müəyyən edildi. Bunlar 2021-ci ildə Ermənistan ərazisində istehsal edilib. Bu, onu göstərir ki, Ermənistan riyakarcasına minalama siyasətini hələ də davam etdirir. Həmçinin, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində mövcudluğu və bunun regional sülh üçün yarada biləcəyi potensial risklər, xüsusən də cənab Prezidentin gündəliyində itkin düşən şəxslər mövzusu daim aktualdır. Cənab Prezident tərəfindən xarici tərəf müqabilləri və dövlət başçıları ilə təmasları zamanı bu mövzu davamlı şəkildə qaldırılır. Çünki post-münaqişə reallığında barışığın və ədalətin təmin edilməsinin başlıca meyarlarından biri də məhz itkin düşmüş şəxslər mövzusuna Ermənistan tərəfindən cavab verilməsidir. Buradakı kütləvi məzarlıqların yeri barədə Ermənistan hökumətində məlumat var, amma Ermənistan bunu gizlədir. O yerlər haqqında məlumat verilərək, qalıqların ekshumasiyası həyata keçirilərək, DNT analizləri vasitəsilə ailələrə məlumat verilməlidir. Bu məsələ də gündəliyimizdə aktiv mövzu olaraq qalmaqdadır”.

Share: