Dehli şəhər Polisinin Cinayətkarlıqla Mübarizə üzrə Şöbəsi hindistanlıları xarici ölkələrə qeyri-qanuni yolla məskunlaşmaq üçün göndərmək istəyən 4 nəfərdən ibarət cinayətkar qruplaşmanın üzvlərini həbs edib.
Bu barədə “Report” Hindistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, qruplaşma üzvləri – Qiriş Bhandari, Himanşu Mehta, Qaqan Şarma və Rameş Arya Dehlinin qərbindəki Tilak Naqar rayonunda fəaliyyət göstərən bir turizm şirkəti adı altında qanunsuz fəaliyyət göstəriblər.
“Bhandari qruplaşmanın arxasında duran təşkilatçıdır və o, təxminən 12 il əvvəl polisin diqqətini cəlb etməmək üçün səyahət və turizm biznesi açaraq bu işə başlayıb”, – (Cinayət Bölməsinin-red) xüsusi komissarı Ravindra Sinqx Yadav deyib.
Ravindra Sinqx Yadav qruplaşmanın bütün səfirliklərin yerləşdiyi Dehlidə, milli paytaxt regionunun digər hissələrində agentləri, Salvador və Meksika kimi ölkələrdə tərəfdaşları olduğunu söyləyib. “Onlar müxtəlif ölkələrin 80 pasportunu, eləcə də müxtəlif şirkətlərin çoxlu möhürlərini və reketçilikdə istifadə olunan hər cür saxta sənədləri ələ keçiriblər”, – zabit bildirib.
Həbslər və müsadirələr bu ayın əvvəlindən ötən həftənin sonuna qədər, cinayət idarəsi bu cür fırıldaqların sürətlə artmasına diqqət yetirməyə başlayandan sonra həyata keçirilib.
Polis rəsmisi bildirib ki, qruplaşma hindistanlıları ABŞ-a göndərmək üçün əsasən iki marşrutdan istifadə edib – Bakı-İstanbul-Salvador və Avropa-Meksika.
Polisin məlumatına görə, Bhandari və onun adamları bank çıxarışları və vergi bəyannamələri kimi saxta sənədlər hazırlamaq üçün kompüter proqramlarından istifadə ediblər.
Lakin cinayətkarların qanunsuz yolla sərnişin göndərməyə nail olub-olmadıqları hələ məlum deyil.