Alagöz…
(povest)
(Əziz oxucu, əgər sənə görə dünyada həyatdan qiymətli heç
nə yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb…)
… Payızın son ayı idi. Builki payız yağışlı, yağmurlu gəldiyinə çöllərdə ot-ələf topuğacan qalxmışdı.. Sanki payız yox, yaz fəsliydi. Ucu-bucağı görünməyən çöllükdə mal-qaranın, qoyun-quzunun səhərdən axşamacan ağzını yerdən ayırmadan otlaması adama özgə ləzzət verirdi. Bu mənzərəyə tamaşa etdikcə yadıma, hələ uşaqkən ahıllardan eşitdiyim: -“Dilsiz-ağızsız mal-qaranın da Allahı var” sözləri düşdü. Yəqin yaşlılar belə deyərkən, Allah-təalanın “dilsiz-ağızsız” yaratdığı heyvanlara payızın bu son ayında bu cür bol ruzi verməsini nəzərdə tutublarmış. Yoxsa, mal-qara da insan deyil ha, baxt-taleyi gətirsin, vəzifəsi, ev-eşiyi olsun. Bu heyvanların elə bolluca ot-ələfi olsa, “Allahlarına şükür edərlər də…”
Hər gün işdən sonra yorğun-arğın evə dönəndə yolumu mal-qara örüşünün yanından salardım. Bilmirəm, nədənsə yorğun vaxtlarımda iki şeyə tamaşa edəndə dincəlirəm: – yamyaşıl çəmənliyə, bir də axar suya baxanda.
Bu gün işim az olduğuna görə bir az ertədən çıxmışdım. Dünyanın işlərini götür-qoy edə-edə göy otların üstüylə yeriyirdim. Çəmənlikdə yerimək o qədər rahat, o qədər xoş olur ki, elə bil xalça üzərində gəzirsən.
Beləcə bir xeyli addımladım. Məndən bir az aralıda əlli-əlli beş yaşlarında, hündürboylu, arıq bir kişi mal-qara otarırdı. Onu burada əvvəllər də görmüşdüm. Həmişə də yedəyində qızılı rəngdə olan bir dayça olardı. Qəribə idi, kişi dayçanın noxtasını əlindən buraxmazdı. Elə bil dayça quş idi, buraxsaydı onu tutmaq mümkün olmayacaqdı.
Mən kişinin yanına çatanda salam verdim, “bərəkətli olsun” dedim. O, çönüb salamımı aldı. Sonra məndən papiros istədi. Çıxarıb ona bir papiros verdim, birini də özüm yandırdım. Üz-gözündən yerli adama oxşamırdı, danışığı da başqaydı.
O, papirosa bir-iki qullab vurduqdan sonra:
– Görürsən də, qardaş, maşallah, builki payız yaxşı gəlib. Heyvanlar payızda özlərini götürsələr qışda qorxusu olmaz. Heç olmasa, bu dilsiz-ağızsız heyvanlara Allahın rəhmi gəlsin, yazıqdılar, – dedi. Sonra isə dərindən köks ötürdü. Bizimkisə Allahlıqdan keçib, qardaş. Biz özümüz öz əlimizlə evimizi yıxmışıq, buna Allah neyləsin.
Kişinin birdən-birə söhbətə belə dərindən başlaması, onun dərdli adam olduğuna məndə şübhə qalmadı. Ömrümboyu maraqlı adamlar, qəribə hadisələr arzusunda olduğum üçün, bu yeni tanışımla söhbətə nərdivan qoymaq, onu danışdırmaq məqsədiylə dedim:
– Qardaş, deyəsən biz tərəflərdən deyilsən?!
Kişi gözlərini qıyıb papirosundan dərin bir qullab aldı. Sonra papirosun tüstüsünü burnunun dəliklərindən elə məharətlə fısqırtdı ki, elə bil özünü mənə göstərib, demək istəyirdi: – “Sən də belə edə bilərsən?!”
– Hə, buralı deyiləm, – dedi, – baxt-taeyi qara gəlmiş Qarabağ tərəfdən, Kəlbəcərdənəm. Qaçqın düşəni, bir müddət Bakıda oğlumun yanında yaşadım. Sonra gördüm ki, yox, ömrüboyu dağda-daşda gəzib dolanan adamın quru asfalt üstündə nə ölümü var? Bura mənim yerim deyil, mən belə şeylərə öyrəşməmişəm. Bir gün oğluma dedim ki, əgər ölümümü istəmirsənsə, mənə rayonların birində yer tap, qoy bir-iki baş heyvan saxlayım, başımı qatım.
Oğlumun sizin rayonda bir tələbə yoldaşı vardı. Məni gətirdi onun yanına. Sağ olsun, bizi yaxşı qarşıladı. Bir müddət məni evində qonaq da saxladı. Sonra narahat olduğumu görüb, hökumət evlərinin birində mənim üçün mənzil almaq istədi. Razı olmadım. Ondan xahiş etdim ki, məni kəndlərin birində yerləşdirsin, mal-qara saxlamaq istəyirəm. O da sözümü yerə salmayıb, məni Qoşatəpə kəndinə gətirdi və ailəsiylə Rusiyada yaşayan bir adamın boş qalmış evində yerləşdirdi. Elə o gündən burada yaşayıram. Beş-altı baş qoyun, bir baş da inək aldım. Elə işim-gücüm heyvanları qabağıma qatıb otarmaqdır. Heyləyim, birtəhər başımı girələyirəm də, Əzrayıl gələnəcən.
O, danışdıqca tük basmış sir-sifətinə, həsrət dolu gözlərinə baxıram. Nələr oxunmur o donuq baxışlardan. Yurd-yuvasından didərgin düşmüş bu insanın gözlərinə baxmaq, adama nə qədər çətin gəlir. Təkcə bu idimi?! Yox! Rastlaşdığımız yüzlərlə, minlərlə qaçqın insanın gözlərindən oxumaq olurdu dərdlərini. Onlar yuvalarından perik düşmüş quşlara bənzəyirlər. Hər sözdən, hər baxışdan diksinirlər. Söhbət zamanı adamın gözlərinin içinə baxmağa ehtiyyat edirlər, utanırlar elə bil. Bəlkə də fikirləşirlər ki, yurd-yuvalarını qoyub qaçdıqlarına görə, kimsə onları söyəcək, danlayacaq. Fikirləşirsən, axı, bu biçarələrin nə günahı var?” Torpağı satan, Vətən satan kənarda qalıb, ona gözün üstə qaşın var deyən yoxdur, amma əldən gedən əlsiz-ayaqsızlardır.
Bayaqdan kişi söhbət etdikcə, ipini əlində tutduğu qızılı rəngli dayça ayağını bir addım da olsun kənara qoymur, elə sahibinin yan-yörəsində hərlənirdi. Arabir də uzunsov, nazik başını kişinin qoltuğuna soxub, fınxırırdı. Kişi də bundan xoşlanan kimi olur, əlini sırıqlısının cibinə salıb, oradan bir az arpa çıxarıb ovcunda tutar və onu yedizdirərdi. Dayçanı belə əzizləməsini görüb dedim?
– Yaxşı heyvandır, amma çox balacadır. Bir az böyüyünü alsaydın yenə ayaqlarını yerdən götürərdi.
Mənim bu sözlərimdən sonra kişi bir ah çəkdi. Doğrusu, onun ahı elə dərindən oldu ki, bu sözləri dediyimə peşiman oldum. Dönüb onun gözlərinin içinə baxdım Bu nədir? Deyəsən, o ağlayırdı. Özümü itirdim. Fikirləşdim ki, axı ona nə dedim ki, o belə kövrəldi? Bayaqdan ev-eşiyindən, qaçqın həyatının dözülməzliyindən danışarkən özünü toxtaq tutan bu kişiyə nə oldu birdən bu hala düşdü? Mənim məyus olduğumu hiss etdiyindən, özünü ələ alıb zorla gülümsəməyə çalışdı.
– Bilirsən, qardaş, sən mənim yaralarımın qaysağını qopartdın. Bu neçə ili mənim başıma dəhşətli hadisələr gəlibdir. Danışmaqla qurtaran deyil. Amma qanını qaraltmaq istəmirəm.
Ürəyimə danmışdı ki, bu kişidən nə isə maraqlı bir şey eşidəcəyəm. Odur ki, zarafatla dedim:
– Əşi, gəl oxunu atıb, yayını gizlətmə, sözünü danış. Qanımın qaralmağına gəlincə, narahat olma, indi bütün millətin qanı qaradır.
Bu sözlərimdən sonra çiyninə saldığı sırıqlısını götürüb göy otların üstünə atdı və mənə oturmağı təklif etdi. Özü isə dayçanın qıçlarını çəpçidar edib yanımda əyləşdi. Yerini rahatlayıb söhbətə başladı:
– Nə deyim, qardaş, mən Kəlbəcərdənəm. Bilmirəm, o tərəflərdə olmusan, ya yox, oralar özgə aləmdir. Dünyanın hansı nemətini axtarsaydın, orda tapardın. Dağı, dərəsi, gülü, çiçəyi adama gəl-gəl deyirdi. Allahın orada yaratdığı hər şey məlhəmdi adama. Ot-ələfindən xəstəyə, azarlıya min cür dərman hazırlamaq olurdu. Qışı qış, yayı da ki, yaydı. O cənnət deyirlər ha, vallahi elə oraydı. Hərənin qapısında bir sürü mal-qarası vardı. Dolanışığımız, geyim-kecimimiz yaxşıydı. Mən özüm qoyun fermasında briqadirdim. Bilirsən də bu nə deməkdir? Ev-eşiyim də, nə deyim, biri-birinə deyər e, top vursan dağılmazdı. Günüm çöldə-bayırda keçərdi. Canım da kı, buz baltası kimiydi. Xəstəlik-zad nədir bilməzdim. Qışın oğlan çağında, bir də gördün ürəyimdən soyuq su içmək keçdi. Allah- təala suyunu da vermişdi. Hər qayanın, hər daşın altında gözyaşı kimi bir bulaq qaynayırdı. Dizlərimi atardım yerə, o bal kimi şirin, bumbuz soyuq sudan doyunca içərdim. Nə isə, danışılası dərd deyil e… ağrın alım.
Uşaqlarım da çox deyildi: – Allah mənə bircə oğul qismət eləmişdi. Həyat yoldaşım xəstə olduğuna görə, daha uşağımız olmurdu. Bir də Alagöz adında bir atım vardı. Sənə at deyirəm e… Qaçanda quş quşluğuyla elə səkəmməzdi. Bir yorğası vardı ki, adamı belində yuxu aparırdı. Elə azca yüyənini tərpədən kimi yerindən götürülərdi. Yalan olmasın, damağındakı papirosu yandırın saatı, səni mənzilbaşına çatdırardı. O boyda Kəlbəcərin bütün yaylaqlarını Alagözlə qarış-qarış gəzmişəm. Sol budunun üstündə “H” hərfi damğalatdırmışdım. Öz adımın baş hərfidi.
Bunu deyəndə o, başını yelləyib, əlini dizinə şırpdı və:
– Görürsən, – dedi, – heç tanış da olmamışıq. Mənim adım Həsəndir, – o, əlini mənə uzatdı. Mən də onun əlini sıxıb, – mənimki də Səlimdir, – dedim.
– Hə, ona görə atı damğalatdırmışdım ki, o tərəflərdə hamının gözü bu atdaydı. Qorxurdum ki, oğurlayıb, eləllər.
– Qardaş, Alagöz adam kimi dil bilirdi. Bircə dəfə adını tutsaydım, harda olsaydı, bir də gördün ildırım kimi özünü yetirdi. O kişnəyəndə dağa-daşa səs düşərdi, adam səksənirdi onun səsindən. Belinə qalxanda elə bilərdim ki, bütün dünyanı mənə veriblər, dərd-sərim unudulardı Bircə an da olsun Alagözsüz qala bilmirdim, xeyir şərə də onun belində gedərdim, inan mənə.
Həsən kişi bu yerdə bir azca söhbətinə ara verdi. Nədənsə, onun əhvalı tamam dəyişdi, güclə nəfəs almağa başladı. Bir neçə dəfə udqundu. Elə bil deyəcəyi sözlər boğazında ilişib qalmışdı. Ha udqunurdu sözləri ağzından çıxara bilmirdi, gözləri yaşarmışdı. Bir azdan xırıltılı səslə dedi:
– Bilirsən, qardaş, Kəlbəcərin ermənilərin əlinə keçməsi bizim belimizi qırdı. Heç bilirsən Kəlbəcərdə nələr vardı? Kəlbəcər elə belə yer deyildi, çox varlı-karlı yerdi. Təkcə mənim qapımda beş yüzdən artıq qoyun-quzu, əlliyə yaxın iribuynuzlu heyvan vardı. Xalça-palazı saymaqla qurtaran deyildi. Hamısı qaldı erməniyə. Yatsaydım, yuxuma da girməzdi ki, Kəlbəcəri düşmənə verərlər. Oranın dağı, dərəsi, sıldırım qayaları, özü bir səngərdi düşmənə. Bizə kömək eləyən olmadı, bizi düşmənin qabağında əliyalın qoyan özümüzkülər oldu. Yanıram e, qardaş, yanıram, tüstüm təpəmdən çıxır. Kömək edən olmadı kəbəcərlilərə, hərə ağzına gələni danışdı, işə gələndə isə tülkü kimi quyruqlarını qısıb aradan çıxdılar. Köməkləri görüm təpələrinə dəysin, barı əl-ayağa dolaşmayaydılar, qoyaydılar biz başıdaşlılar özümüzə bir gün ağlayaq. Vallah, daşla, kəsəklə o düşmənlərin qabağına durardıq. Hanı, harda qaldı Kəlbəcərin gur-gur guruldayan vaxtlarında Bakıdan, Şəkidən tökülüşüb gələn, hər çeşmənin başında bir erkək asdırıb kabab çəkənlər? Hanı, televizorda ağzı köpüklənə-köpüklənə “mənəm-mənəm” deyən dil pəhləvanları? Harda qaldılar? Ay evi dağılmışlar, bu xalqın evini dağıdıb, niyə balalarını düzdə qoydunuz, hə?
Qardaş, Kəlbəcərin ağır vaxtında, o böyük-böyük adamlar, siçan kimi kiçilib dəlmə-deşiyə girdilər. Bir dəstə adam gəlmişdi, öz kor olmuş gözlərimlə gördüm, camaatı qorxudurdular ki, tez olun, çıxın, qaçın, ermənilər sizi xocalılardan da beş-betər edəcəkdir. Daş düşdü bizim də başımıza, hər yoldan ötən köpəyoğlunun sözünə inanıb oradan çıxdıq.
Həsən kişi darıxdı. Məndən bir papiros yandırmağı xahiş etdi. Papirosu alıb sümürdü. Elə bil acığını ondan çıxmaq istəyirdi.
– Kəlbəcərə ermənilər hücum edəndə əhalini vertalyotlarla daşıyırdılar, – Həsən kişi danışmağa başladı. Çünki oradan çıxmağa başqa yol yox idi. Ağır xəstə olan həyat yoldaşımı çıxarmaq mümkün olmadı. O, yataq xəstəsi olduğundan, hay-küydən qorxaraq keçindi. Bədbəxtin qızını heç torpağa da tapşıra bilmədim, elə evin içində, – yataqdaca qaldı. Mən onun yanında olduğumdan fermadan xeyli aralanmışdım. Həmin vaxt Alagözü fermada bağlamışdım. Ferma da kənddən xeyli aralıda idi. Can şirin şeymiş, qardaş, mən onda bildim. Hər kəs öz hayındaydı. Hara gəldi qaçırdı. Aləm dəymişdi bir-birinə, it yiyəsini tanımırdı. Mən, elə bil yuxudaydım, ayıldım. Yadıma Alagöz düşdü. Bilirdim ki, bu cəhənnəm odundan onu qurtara bilməyəəcəyəm. Dedim, heç olmasa heyvanı açım buraxım, yazıqdı. Ona görə də, fermaya tərəf qaçdım. Oraya az qalmış, gördüklərimdən dəhşətə gəldim. Fermanı tamam yandırıb, kül etmişdilər. Ətrafda çoxlu heyvan ölüsü düşüb, qalmışdı. Ermənilərin hərbi texnikası artıq, fermadan aşağıya doğru, – kəndə tərəf gəlirdi. Alagöz gözümə dəymirdi. Onun öldü-qaldısından bir xəbər yox idi. Geriyə boylananda gördüm ki, artıq bizim kənd də ermənilərin əlindədir. Kənddən alışıb-yanan evlərin tüstüsü göyə qalxırdı. Elə bil orada böyük bir tonqal qalamışdılar, hər yan od-alov içərisindəydi.
Mən əsir düşməmək üçün dərəiçi qaçırdım. Yan-yörəmdə mərmilər partladığından, az qalırdı ki, qulaqlarım tutulsun. Hara qaçdığımı heç özüm də bilmirdim, amma qaçırdım. Tələsdiyimdən başımdakı papağımı da salıb itirdim…
Qarşıdakı çayın kənarında bir neçə vertalyot vardı. Camaatı onlara doluşdururdular. Güc-bəla özümü ora çatdırdım. Taqətim qalmadığından, addımımı ata bilmirdim. Bizimkilərdən iki nəfər qolumdan yapışıb məni vertalyota mindirdi. İçəridə adamlar ət-ətə dayanmışdılar. Özündən gedən, qışqıran, qorxusundan bir-birinə sarılıb ağlayan adamları görəndə, adamın tükləri biz-biz durursu. İllah ki, o yerdə arvad-uşaq ola.
Bir azdan havaya qalxdıq. Mən pəncərəyə tərəf sıxışdırıldığımdan aşağını əliçi kimi, apaydın görürdüm. Torpaqdan ayrıldıqca ürəyim sıxılırdı, elə bil əti dırnaqdan ayırırdılar. Köklü-köməcli ağacı yerindən qopararsan e, xartıltısı aləmə düşər, bax elə xartıldayırdı ürəyim, qardaş. Bə, nə bilmişdin, qarış-qarış gəzdiyin bu yerlərdən ayrılmaq, buna ayrılıq da deməzlər; – qaçmaq, özü də hər şeyini; – malını, dövlətini, namusunu qoyub qaçmaq mənə ölümdən daha ağır gəlirdi. Hirsimdən başımı vertalyotun pəncərəsinə çırpırdım. Sağ qaldığıma görə özümü lənətləyirdim. –Axı, hara gedirsən, a bədbəxt oğlu, – dedim, töküblər orda səninçün. Minbir əziyyətlə, diş-dırnaqla tikdiyim ev-eşiyimin bircə anın içində külə döndüyünü, ömrünü-gününü mənim yolumda əridən həyat yoldaşımı, vaxtsız rəhmətə gedən ata-anamın qəbirlərini və canımdan artıq bildiyim Alagöz atımı fikirləşəndə özümü saxlaya bilməyib ağladım. Düşündüm ki, bunlarsız mən nə üçün yaşayıram, axı bundan sonra kimə lazımam? Bircə oğlum Əhmədi yadıma salanda, ürəyim azca sakitləşdi. Nə yaxşı ki, ona beş-altı il bundan qabaq Bakıda ev almışdım, evləndirib ailə-uşaqlı etmişdim.
Vertalyotdan yerə dördgözlü baxırdım. Baxırdım ki, bəlkə Alagöz atımı gördüm. Əgər sağ qalmışdısa, yəqin ki, o da indi məni axtarırdı… (ardı var…)