Hiss etdiklərim sətirlərə tökülür, şeir olur, hekayə olur…

Hiss etdiklərim sətirlərə tökülür, şeir olur, hekayə olur…

İmdad Avşar...

Söz adamlarına, yazarlara, sözün gözəlliyini, qiymətini bilənlərə, onun oduna yananlara hörmətim bir başqadı…İnsanın düşüncələrini, sevincini, kədərini, Vətənini, təbiətin sonsuz gözəlliklərini anlatmaq böyük istedad, hətta deyərdim ki, Allah vergisidi…
İlk tanışlığımız telefonla oldu İmdad Afşarla. Sanki çoxdandı bir-birimizi tanıyırmışıq kimi gəldi mənə. Sadə və mehriban danışığı onun təvazökar kimliyini göstərirdi. Sonra İstanbulda “Qürbət Zöhrəsi “ kitabımın təqdimatında görüşdük.
Yazarlar, şairlər başqalarından fərqlənirlər. Dünyaya baxışlarından, insanlarla ünsiyyətlərindən, düşüncələrindən…Bəzən adi insanların görmədiklərini görürlər. Təbiətdəki gözəllikləri, rəngləri, göy üzündəki ulduzları, ayı…
İmdad Afşar adamla danışanda da sanki haralardasa olur. Hansısa gözəllikləri fikirləşir. Hekayələrini, şeirlərini yazır. Kiminsə gözəlliyi, kiminsə kədəri onu uzaqlara aparır…

İslaq saçlarını sərən şəhərin,
Suda düyünlənən iki yaxası.
Gözlərində solan o itmiş rənglər,
Və yağmur əyirən küçə lampası,
His içində…his içində…

Uzaq iqlimlərdə susduqca günəş,
Ayı göy üzünə sən yasaqladın.
Ayaqdan asılı qalan “Zöhrə”tək,
Köksünə acılar yeridən qadın,
Sis içində…sis içində…

Söksən içindəki qəm çadrını,
Bahar yağmuruna bürünsən sərin.
Niyə baxışların dərdə qərq olmuş,
Matəm havasını çalan gözlərin,
Yas içində…yas içində…

Zülmətə adanmış nəğməni susdur,
İşıqlı gözlərlə dindir gecəni…
İçində dərdlərə yas ağacı qur,
Eşqə kölgə salan hər düşüncəni,
As içində…as içində…

Bilmirik sonunu, nədir yazımız,
Yenilmə ölümlü hər bir çağrıya.
Yeni dünyamızda göyərt bu eşqi,
Üsyankar gözlərlə baxma Tanrıya,
Sus içində…sus içində…

(Tərcümə: Aysel Xanlarqızınındı)

Üsyankar gözlərlə baxma Tanrıya, sus içində, sus içində… Gözəl deyimdi, gözəl çağrışdı. Şairlərin təbidi insanlara..çağırış etmək…
Bir bahar günündə dünyaya gəlib İmdad bəy. 1967 –ci ilin may ayının beşində. Çiçəklərin, güllərin dünyaya göz açdığı, səmaların ulduzlarla dünyaya işıq saçdığı bir zamanda. Bəlkə elə buna görədi təbiətə vurğunluğu… Kırşəhərin Kaman köyündə. İlk təhsilini də, universitet təhsilini də elə orda bitirib. Kırşəhər Eyitim Universitetini bitirdikdən sonra Malatyada, Ərzurumda müəllimliyə başlayıb. Lap ucqar kədlərdə, dağlıq yerlərdə. Özü də birincilərlə başlayıb. Həm də özü seçib kimsənin məşğul olmaq istəmədiyi birinciləri. Özünün də dediyi kimi bütün təhsil ilk gündən, ilk sinifdən başlayır. Gərək uşaqlara həm hərfləri, həm yazını, həm də dili doğru öyrədəsən. Təməldi birincilər, əllərindən tutub ilk hərfi yazdırmaq, öyrətmək insana ayrı sevinc, ayrı hiss bağışlayır. Onlar öz uğurlarına sevinəndə, ilk həriflərini yazanda, ilk cümlələrini quranda uçmağa qanadları olmur. Bilirsiniz o anda nə gözəl mənzərə, nə gözəl tablo durur qarşınızda. Bütün zəhmətini, bütün ağrılarını unudursan. Onlarla birgə göylərin yeddinci qatına qalxırsan. Unudursan bu keşməkeşli həyatı. Özün olursan, tək qəlbində sevinc olur… Mənim ürəkdən sevindiyim o anlarda olub həyatımda.
Bir uzaq dağ kəndində qarşılaşdığın nə varsa “boş ver” deyirsən. Buna dəyər, deyirsən… Fikirləşirsən yaxşı ki, bu peşəni seçmişəm, nə yaxşı məni belə bir ucqar kəndə göndəriblər. O anda hər şeyi unudub onlarla birgə sevinirsən, onlar birgə dadını çıxarırsan zəhmətinin bəhrəsinin…”Hələ də bəzən gözümü yumanda o anları xatırlayıram. Necə olursa-olsun, hansı vəziyyətdə oluramsa olum gülümsəyirəm. Yaxşı ki, müəllimliyi seçmişəm deyirəm. Mənə çox şey verdi. Ucqar kəndlərdə işləməyim, ordakı insanlarla qarşılaşmağım. Onlardan çox şey öyrəndim. Əsərlərimin ana vətəni olan o yerlərdən. Yaşayışları, xarakterləri, mənlikləri, adi və sadə insanların qürurları rəng qatdı həyatıma. Bir də orda gördüklərim mənim bir yazar olmağıma çox, həm də çox kömək etdi. Sanki o məğrur xarakterlər məni yazmağa məcbur etdi. “Məni yaz, məni yaz” deyə qarşımda durdular. Bir çox hekayələrimin qəhramanları həmin ucqar dağ kəndinin sakinləri, şagirdlərimdi…Onların hər birinin fərqli dünayasıdı. Hərəsinin öz nağılı olan dünyasıdı… ”
Təhsilini davam etdirən İmdad Avşar. 1999-cu ildə Fırat universitetinin Sosyal Bilimlər İnstitutunda Yüksək Lisansını tamamladı və İğdır bölgəsinə maarif müfəttişi olaraq işə başladı. Yenə məktəblərlə, şagirdlərlə təmasda olmağı ürəyindəndi. Deyir ki, hər dəfə də məktəblərə gedəndə birincilərlə maraqlanır, onları dindirirdim…
“Uşaqlar bahar fəsli kimidi. Onları açmaq istəyən qönçələrə bənzədirəm. Balacaların olduğu yer gül baxcasıdı sanki. Ordan bir məsumluq, bir gözəllik, təmizlik duyursan ancaq. Sanki nağıl aləminə düşürsən. Hələ heç bir pisliklərə bulaşmayan, məsum uşaqlarla birgə gözəlliklər dünyasına səyahətə çıxırsan. Hər şeyi unudursan. Ruhun dincəlir. Sən də onların yerində olmaq istəyirsən. İçindəkiləri unutmaq, uşaqlaşmaq fikrinə düşürsən. Uşaqların sehri bambaşqadır. Doğrudan kim o sehrə düşürsə çıxa bilmir, çıxa da bilməz. Buna görə də onları həqiqətən də sevmək lazımdı. Onların əlindən tutmaq, doğru yola aparmaq, doğru yönəltmək lazımdı. O anda onların ürəyində nə əksən onu görərsən, onu dərərsən. Gül əksən gül dərərsən, tikan əksən tikan biçərsən. Bilirsiniz onların nə maraqlı dünyası var. Əgər dindirsəniz, dinləsəniz valeh olarsınız. Mən bunu hər zaman edirəm və hiss etdiklərim sətirlərə tökülür, şeir olur, hekayə olur…”
İmdad Avşar gözəl şair, yazar olduğu kimi, həm də istedadlı tərcüməçidi. Məncə bu da onun Türk dilini gözəl bilməsindən irəli gəlir. Azərbaycan və Türkiyə yazıçılar birliyinin üzvü olan tərcüməçi demək olar ki, bütün Türkdilli xalqların yazarlarının əsərlərini tərcümə edir. Həvəslə, məsuliyyətlə. Sadalamaq uzun olardı. Məncə azərbaycanın ədəbi aləmi onu yaxşı tanıyır.
İlk şerini orta məktəb illərində yazmağa başlayan İmdad Avşar bir çox əsərlərin, kitabların müəllifidi. “Niyə yazıçı oldunuz, siz gözəl müəllimsiniz” sualına belə cavab verdi:
– Müəllim olmasaydım heç yazar da olmazdım bəlkə. Məni yazar o məsləyi seçməyim etdi əslində. Ordakı insanları yaxşı öyrənməyim, iç-içə olmağım məcbur etdi. Bir də ətrafımızda baş verənlər. Haqsızlıqlar, Vətənimin mərhəmətinə, gözəlliyinə, irəlləyişinə göz yumanlar. Yolumuzun üzərinə daş qoyanlar. Haqqı qoyub, nahaqqı danışanlar. Zorakılıqlar, belə bir əsirdə acından, susuzduqdan ölənlər, başqasının torpaqlarına göz dikənlər. Hansın deyim ki…
Hal-hazırda Türk ədəbiyyatı dərgisinin genel yayın yönəltməni olan İmdad Avşarın Qarabağla bağlı əsərləri fikirləri də az deyil. Özü dediyi kimi Azərbaycanı və Azərbaycanlıları çox sevir. Onun da qəlbini hüzünləndidi, ağlatdı Qarabağda baş verənlər. O dəhşətli Xocalı soyqırımından sonra “Xocalıda qalan tar” əsərini yazdı. Bir Türk kimi, bir yazar kimi qara bağladı əsərləri. Bu acıni indiyə kimi də unutmur, unuda bilmir. Söhbət zamanı təkrar-təkrar o günlərə qayıtdı. Xain düşmənin Türklərə vurduğu ən ağır zərbələrdəndi dedi Xocalı qətliamı.
Səyahəti, şəhərləri, ölkələri gəzməyi çox sevir İmdad bəy. Təbiətlə baş-başa qalmağı, orda baş verənlərin seyrinə dalmağı çox sevir. Bir çiçəyin açması, bir yarpağın böyüməsi, bir böcəyin hərəkətlərini, bir sözlə Allahın bizlərə bəxş etdiyi gözəlliklərə baxmaqdan doymur. Dənizi, onun haldan-hala düşməsini, köksünün necə qabarmasını, nəsə demək istəməsini, qəlbində bizlərə hələ də çox bəlli olmayan dünyasını anlatmağa çalışdığını öyrənir. Bir də dağları çox sevir. Əzəmətli, qürurlu dağları. Qəlbində dünyalar qədər sirr saxlayan, çəmənləri lalərlə, nərgizlərlə bəzənən, başı dumanlı, çənli dağları…Mənim Türk ölkələrinə bənzətdiyim zirvələri…
Bir də İlbilgəni çox sevir, nəvəsini…

 

Ulduz Qasım

Share: