Azərbaycan unikal məmləkətdir. Burada bircə sətirlə milçəkdən fil, hörümçəkdən silah düzəltmək, oğrunu yüksək çinli məmur səviyyəsinə qaldırmaq, sonra da sosial şəbəkələrdə və ya başqa media vasitələrində “Dostlar, bu mövzu köhnəldi, yeni mövzu var…” deyə şərh yazmaqla “yeni-yeni işlərin binasını qoymaq” olar.
Akademiklərinin böyük əksəriyyətinin bir bölgədən “seçildiyi”, gömrük xidməti generallarının hamısının bir kənddən, inhisarçılarının çoxunun bir şəcərədən, nazirlərinin, rektorlarının və daha kimlərinin-kimlərinin bir-iki şəxsin protejesi, xalqın gələcəyinin təminatçısı hesab edilən təhsilinin naşıların əlində olduğu məmləkətdə elə məhz belə olur. Bizimkinə bənzəyən başqa bir belə məmləkət tapmaq, vallah, çətin məsələdir.
Son günlər gündəmi Amerika, NATO və Rusiya qarşıdurmasından daha çox zəbt etmiş “hörümçək” əslində cəmiyyətimizin özünün bütövlükdə onun torunda olduğunu və heç də bu tordan çıxmağa həvəsli olmadığını göstərdi. “Hörümçək” məsələsinin də az sonra tamamilə unudulacaq qalmaqaldan, səs-küydən başqa bir şey olmadığının fərqinə, yəqin ki, böyük əksəriyyət varır.
Bir neçə il əvvəl yeni orfoqrafiya qaydalarının hazırlanması məsələsi də beləcə hay-küylə keçdi və unuduldu. Necə deyərlər, çax-çax başını ağrıtdı, dəyirman isə öz işini gördü.
Təhsil sahəsində az qala hər gün şahidi olduğumuz qalmaqallar da beləcə, heç bir şey olmamış kimi az sonra undulub gedir. Unuda-unuda gedirik, bu məmləkətin böyük oğullarını unutduğumuz kimi.
Bu yazının müəllifləri – biz – hər axşam cəmiyyətimizin belə ağrılı məsələlərini usanmadan müzakirə edir və hər dəfə özümüzə “Biz niyə beləyik, bu, niyə belə olur?” sualları veririk. Hər dəfə də bunlara cavabı dəvə ilə sahibinin ölümqabağı halallaşması səhnəsində tapırıq.
İsmi doğru-dürüst hallandıra bilməyən, “biz milli sözləri alınma sözlərlə əvəz edirik” deyən akademikin rəhbərliyi altında elə hörümçək toruna düşməli olan lüğət hazırlana bilərdi. Məhz belə “alim”lərimiz sayəsində dövlətin, xalqın milyonlarını talayıb zənginləşən çoxsaylı məmurlar kimi, lüğətlərimiz də əcaib sözlər, əcaib terminlərlə, “qələt-məşhur”larla gündən-günə “zənginləşir”.
Dilimizin keşiyində duran, yaxud durmalı olan institutun özünün belə, adı yanlışdır: Dilçilik İnstitutu. “Dilçilik” sözü peşə bildirir. Belə çıxır ki, bu institut dili yox, dil ilə məşğul olanları araşdırır. Bir neçə başqa nümunə: “elmi şura”, “elmi dərəcə”, “müdafiə şurası”, “dissertasiya şurası”. Dilimizə rus dilindən yanlış tərcümədən gəlmiş belə sözlərin düzgün variantlarının lüğətlərimizə daxil edilməsi barədə nə vaxt danışacaqsınız, ay kosmik sürətlə akademik “seçilənlər”? Haradasınız? Nazirlər Kabinetinə “Çox xurmetdi Kabineti Nazirlər məllim” kimi müraciət edən bəzi nazirlərdən sizin nə fərqiniz var? Susursunuz. Onda qoy biz danışaq: “Dilçilik İnstitutu” yox, “Dil İstitutu”, “elmi şura” yox, “alimlər şurası” (ученый совет), “elmi dərəcə” yox, “alimlik dərəcəsi” (ученая степень), “müdafiə şurası” yox, “müdafiə üzrə şura” (совет по защите) “dissertasiya şurası” yox, “dissertasiyaların müdafiəsi üzrə şura (совет по защите диссертаций), çünki şura elmdən, müdafiədən yox, insanlardan / alimlərdən təşkil olunur.
Unutqan olmayıb qayıdaq “hörümçək” məsələsinə.
90 minə qədər sözdən ibarət “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə daxil edilməmiş “hörümçək” ajiotajının yaratdığı “sunami” artıq səngiməkdədir. “Sunami” müddətində AMEA-nın Dilçilik İnstitutunun hazırladığı bu lüğətin nəşrinə məsul olanlar sudan quru çıxmaq üçün çox tər tökərək “texniki” səbəbi sipər etməklə “dalğa”lardan qorunmaq məcburiyyətində qaldılar. “Texniki” sözü “texnikaya aid olan, texnikadan istifadə ilə əlaqədar olan” mənasında işlənir. Görəsən, bu vəziyyət lüğətin tərtibində hansısa texnika və ya texnologiyanın istifadə olunması, ya olunmaması ucbatından yarandı?! Reallıq budur ki, həmin söz, axtarsanız, onun kimi daha yüzlərlə başqa söz, məhz “texniki” səbəbdən lüğətdə yer almamışdır. Əsas məsələ elə bu oldğundan ona da aydınlıq gətirək.
“Orfoqrafiya lüğəti”nin indiki, yəni yeddinci nəşrinin hazırlanmasından əvvəl, bu gün oxuyanda ağı deyib halına ağlamalı olduğumuz yeni orfoqrafiya normalarının müzakirəsinə başlandığı ərəfədə, Dilçilik İnstitutunun ovaxtkı rəhbərliyinə yeni lüğəti ənənəvi yolla deyil, müasir texnologiyaların tətbiqilə tərtib etmək barədə təkliflər verilmişdi. Təkliflərin məzmunu bundan ibarət idi ki, müasir dövrdə lüğətlərin hazırlanma texnologiyası xeyli dərəcədə inkişaf etmiş, əvvəlki kartoteka sistemindən qat-qat mükəmməl sistemlər, işin səmərəliliyini dəfələrlə artıran yüksək texnologiyalar, müasir axtarış proqramları yaradılmışdır. Onların tətbiqi ilə internet şəbəkəsində Azərbaycan dilinin ən müxtəlif üslublarını əhatə edən mətnlərin taranması yolu ilə çox böyük həcmdə material toplamaq, onu emal etməklə dildə işlənmə tezliyi linqvostatistik metodlarla təyin olunan siyahılar əldə etmək olar. Siyahıların linqvistik təhlili bizə 1) Azərbaycan dilinin orfoqrafiya lüğətini və 2) Müasir Azərbaycan dilinin orfoqrafiya lüğətini hazırlamaq imkanı verərdi. Nəticədə müxtəlif dövrlərdə mübahisələrə səbəb olmuş bir məsələ – müasir dildə az işlənən və klassik ədəbiyyata aid olan sözlərin orfoqrafiya lüğətinə daxil edilib-edilməməsi – öz həllini tapmış olardı. Texnoloji imkanlar hesabına əldə olunmuş material təkcə orfoqrafiya lüğəti üçün deyil, izahlı və başqa filoloji və tərcümə lüğətləri üçün də istifadə oluna bilər və ən başlıcası, hazırkı dövr üçün Azərbaycan dilinin sözlük bankının formalaşmasını təmin edərdi. Bundan başqa, görülmüş işlər Azərbaycan dilinin milli korpusunun yaradılmasına mühüm töhfə olardı. Əslində orfoqrafiya, izahlı və başqa filoloji və tərcümə lüğətləri üçün əldə olunacaq material dilin milli korpusunun bir alt sistemi kimi lüğətlərin alt korpusunu təşkil etməli idi.
Bu təkliflər Elmin İnkişafı Fondunun dəstəyi ilə 2017-2018-ci illərdə fil.ü.e.d., prof. Məsud Mahmudovun rəhbərliyi ilə AMEA-nın Dilçilik İnstitutu və İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının yerinə yetirdiyi layihənin praktik nəticələrinə əsaslanırdı. Layihə çərçivəsində həm də lüğətlərin elektron variantlarının hazırlanması, dilin lüğət tərkibinin zənginləşməsi və təkmilləşdirilməsinə xidmət edən portal yaradılması nəzərdə tutulmuşdu. Azərbaycan dilinin verilənlər korpusunun hazırlanması üzrə inteqrasiya olunmuş elektron lüğətlər sistemi ilkin variantda artıq formalaşdırılmışdı. Layihə çərçivəsində görülmüş işlərin nəticəsi barədə “Türkologiya” jurnalında (2019, №1, s. 66-80) geniş məqalə də dərc edilmişdir.
Təəssüf ki, verilmiş təkliflər dəstəklənmədi, orfoqrafiaya lüğətinin ənənəvi yolla hazırlanmasına üstünlük verildi. Ənənəvi üsulla tərtib edilmiş lüğətin müasir tələblərə cavab verə bilməyəcəyi əvvəlcədən məlum idi. Müasir dövrdə sıravi vətəndaşdan mütəxəssislərə qədər hər kəsin görülmüş işin, xüsusən də milli kimlik və varlıq məsələsi olan Azərbaycan dili ilə əlaqəli əsərlərin keyfiyyətini və günün tələblərinə cavab verməsini sorğulamaq haqqı vardır. Bu haqqın qarşılığı verilməlidir. Bunun üçün lüğətlərin hazırlanmasında dünya təcrübəsinin öyrənilərək Azərbaycan dilinin orfoqrafiya və izahlı lüğətlərinin təkmilləşdirilməsində istifadə olunması perspektivləri nəzərə alınmalıdır.
Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğəti ilə bağlı ilkin olaraq sosial şəbəkələrdə başlamış və cəmiyyətin müxtəlif təbəqələrində şiddətli reaksiya doğurmuş bu hadisə anlaşılandır. Hazırda Dilçilik İnstitutunun qarşısında lüğətin təkmilləşdirilərək yenidən nəşr edilməsi tələbi qoyulmuşdur.
Qısa müddət ərzində İnstitutun fəaliyyətinin müxtəlif sahələri üzrə (elmi-tədqiqat planlarının təkmilləşdirilməsi, əvvəlki illərin plan işlərinin nəticələrinin çap olunması, əməkdaşların dissertasiyalarının müxtəlif səbəblərdən uzanan müdafiəsi işinin yoluna qoyulması, dissertasiyaların müdafiəsi üzrə və elmi şuraların işinin təkmilləşdirilməsi, doktorant və dissertantların attestasiyası, seminarların təşkili və s.) ümidverici işlərin təməlini qoyan yeni direktor prof. Nadir Məmmədli orfoqrafiya lüğətinin təkmilləşdirilərək yenidən nəşri tələbini də yerinə yetirmək üçün mövcud elmi potensialla lüğətin müasir texnologiyaların tətbiqi əsasında hazırlanması məsələsini artıq bir neçə dəfə müzakirəyə çıxarmışdır. Kifayət qədər həyat təcrübəsi, idarəçilik və tədqiqatçılıq bacarığı ilə elmi ictimaiyyətdə tanınmış yeni rəhbərlik yaxşı başa düşür ki, qloballaşma şəraitində Azərbaycan dilinin inkişaf perspektivləri onun elektron məkanda daha geniş istifadəsi, dilçiliyin müasir inkişaf meyillərinin nəzərə alınması, müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi istiqamətində olmalı, Azərbaycan dilinin orfoqrafiya və digər lüğətlərinin tərtibində ənənəvi üsuldan müasir texnoloji yenilikərin tətbiqinə keçilməli, Azərbaycan dilinin milli korpusunun yaradılması istiqamətində işlər görülməlidir.
Milli korpus konkret dildə mətnlərin elektron formada toplanmasına istiqamətlənmiş məlumat axtarışı sistemidir. Konkret dilin milli korpusunda həmin dil tam şəkildə, bütün səviyyələrdə təmsil olunur. Korpusu təşkil edən mətnlər və həmin mətnlərə müraciət formaları müəyyən qaydalar üzrə nizamlanır. İstifadəçi onu maraqlandıran istənilən məsələ ilə bağlı korpusdan lazımi məlumat əldə etmək imkanına malik olmalıdır. Korpusda dilin bütün üslubları, janrları inkişaf mərhələləri, özəllikləri, fonetikası, qrammatikası, frazeologiyası, lüğətləri (ikidilli, çoxdilli tərcümə lüğətləri, terminoloji, tarixi, etimoloji, dialektoloji, statistik lüğətlər, antonimlər, sinonimlər, omonimlər lüğəti, sorğu lüğətləri, ensiklopedik lüğətlər və s.) cəmləşdirilir. Bundan başqa, milli korpusa müxtəlif istiqamətli və janrlı bədii mətnlər, jurnal və qəzet materialları, elmi, elmi-kütləvi və tədris mətnləri, dini-fəlsəfi mətnlər, texniki mətnlər, rəsmi-işgüzar və hüquqi mətnlər, məişət mətnləri və s. daxil edilir. Bu mətnlər korpusda alt korpuslar təşkil edir (kütləvi informasiya vasitələri alt korpusu, dialekt mətnləri alt korpusu, poetik mətnlər alt korpusu, tədris alt korpusu, şifahi nitq, aksentoloji, multimedia alt korpusları və s.).
Biz belə məsələlərlə məşğul olmalıyıq və oluruq. Lakin “Azərsu” və “Azəriqaz”ın müxtəlif bəhanələr gətirərək sayğacları dəyişdirməsinə, Hacıbala Abutalıbovun qoyub getdiyi ənənəyə uyğun olaraq, dünən çəkilmiş asfaltı bu gün dağıdıb yenidən çəkməyə böyük məbləğdə maliyyə vəsaiti tapılsa da, belə lüğətlərin hazırlanmasına zəruri vəsait tapılmır ki, tapılmır.
Ümid edirik ki, bu yazı müvafiq qurumlar və şəxsləri milli kimliyimizin göstəricisi olan dilimizə lazımı qayğı və kömək göstərmək, lüğətlərimizi “hörümçək toru”ndan xilas etmək, bu tordan milli korpusa qədər olan uzun yola necə çıxmaq barədə düşünməyə, bu yolu necə keçmək barədə irəli sürülən səmərəli təklifləri dinləməyə vadar edəcək, həmin təkliflərin reallaşması üçün şərait yaradılmasına binagüzarlıq edəcəkdir.
İlham Tahirov
filologiya üzrə elmlər doktoru, professor,
Həbib Zərbəliyev
filologiya üzrə elmlər doktoru, professor