Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizdən sonra” adlı kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-yazıçı, publicist, Prezident təqaütçüsü Müşfiq Malik Muğanlının müəllifi olan kitabın təqdimatı rayonun Əliabad kəndində Mübariz İbrahimovun ev muzeyində baş tutub.
Mərasimdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid valideynləri və yazarlar iştirak edib. M. İbrahimovun atası Ağakərim İbrahimov (kitabın məsləhətçisi-red.) kitabın ərsəyə gəlməsində zəhməti olanlara, həmçinin tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib. O, bildirmişdir ki, bu kimi kitabların hazırlanması ölkəmizdə gənc nəslə hərbi vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyətlidir: “Müəlliflə bu haqda bir müddət idi ki, müzakirələr aparırdıq, dövlətçiliyimiz, xalqımızın milli birliyi haqqında gənclərimizə demək istədiyim fikirlərim var idi, sağ olsunlar ki, bu haqda söhbətlərim kitabda öz əksini tapıb”.
Kitabın baş redaktoru, AMEA-nin Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli məzmunlu çıxışında bildirmişdir ki, müdrük Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun əsgər və zabitlərinin düşmənlə savaşda göstərdiyi qərəmanlıqlar sayəsində tarixi torpaqlarımızın işğalına son qoyulması ilə dünya xalqları arasında başımızı uca tuta bilirik: “Sözsüz ki, Qələbə ölkəmizdə hərbi vətənpərlik hissininin daha da möhkəmlənməsində əvəzsizdir. Mübariz İbrahimov müasir Azərbaycan gəncliyinə Vətəni necə sevməyi əyani olaraq göstərdi, bu yolda onun rəşadəti əvəzsizdir. Bu kitabın fərqli hazırlanmasına birgə çalışdıq, təkmilləşdirilərək kitabın nəşrinin davamı da olacaqdır”.
Biləsuvar Rayon İcar Hakimiyyəti Başcısının müavini Ləman Yüzbaşova Rayon İcra Hakimiyyəti Başcısının salamını qonaqlara çatdırdı. O, qeyd etdi ki, Przezidentin müdrük, üzaqgörən siyasəti sayəsində ölkəmiz yüksək inkişaf mərhələsinə qədəm qoyub: “Ölkəmizdə gənclər siyasəti, ordu quruçuluğu ümdə dövlət priortetlərindən olub. Zaman yetişdikdə biz bunun nə dərəcədə əhəmiyyətli olduğunu yaxından dərk etdik. Yeni vətənpərvər nəsilin sücayəti sayəsində düşmən məğlubiyyətə düçar oldu. Biləsuvar gəncliyinə Mübariz İbrahimovun qəhrəmanlığı örnək oldu, Vətən müharibəsində bu diyarın neçə-neçə zabit və əsgəri ölməz Qəhrəmanlıqlara imza atdı”.
AYB-in Beynəlxalq Əlaqələr üzrə katibi Səlim Babullaoğlu bildirdi ki, Mübariz İbrahimovun əfsanəvi qəhrəmanlığı nəinki ölkəmizdə, hüdudlarından kənara səs saldı. Gəncliyimiz, məktəblilər onlara ədəbiyyatlarımızdan, dərsliklərdən nümunə göstərilən tarixi Qəhrəmanları özlərinə örnək seçirdilərsə, belə bir qərəmanın – Mübarizin öz aralarında olmasına daha aydın şahid oldular.
Kitabın imza sahiblərindən ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bilal Alarlı əlavə edir ki, Vətən müharibəsi bizə Xalqımızın minilliklərdən süzülüb gələn mərdlik, vətənsevərlik, milli birlik elementlərini bütün çılpağlığı ilə özündə göstərdi: “ Döyüşlərdə yeni Mübarizlərin misilsiz qəhrəmanlıqlarına şahidlik etdik. Parta arxasında neçə-neçə igidlərimizin olmasından xəbərsiz imişəm… Bu kitabda qələmə alınanlr tarixi zaman baxımından Mübarizdən sonra vətənpərvərvərlik hisslərində yeni mərhələnin başlanğıcıdır ”. Kitabın redaktoru şərqşünas, tərcüməçi Famil Burxanoğlu isə Vətənə, doğma torpağa sevginin imanın təzahürü olduğunu vurğulayıb. O, İslam dininin Vətən sevgisinə, vətənpərvərlik hisslərinə həmişə böyük önəm verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “ Öz Vətənini sevən hər bir kəs onun uğrunda canından belə keçməyə hazır olmalıdır. Şəhidlik ən yüksək zirvə və vətənpərvərlik hissinin təcəssümüdür. Məhz Mübariz də bu yolu seçdi”.
Tədbirdə rayon ziyalılarından Rüsətəm Əliyev, Mirhənifə Mirsultanov, Mirsahib Zəkiyev, şəhid atası Rafət İsayev və başqaları da çıxış edərək kitabın əhəmiyyətin söz açaraq, müəllifə öz təbriklərini çatdırdılar.
Sonda kitabın müəllifi Müşfiq Malik Muğanlı çıxış edərək tədbirin təşkilinə göstərilən təşkilati dəstəyə görə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətova öz minnətdarlağını çatdırdı. Kitabın ərzəyə gəlmə prosesindən söz açan M.Muğanlı qeyd edək ki, kitab iki hissədən, dörd bölmədən ibarətdir. Kitabın birinci hissəsində oxucular Ağakərim İbrahimovun uşaqlara, yeniyetmələrə, gənclərə verdiyi məsləhətləri, düşüncələri ilə, tanınmışların Mübariz İbrahimov haqqında fikirləri ilə və kitabın ikinci hissəsində isə Mübariz İbrahimovun həyat hekayəsi, esse və şeirlərlə, sonda isə “Müqəddəs Mübarizim” poeması ilə tanış ola bilərlər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
Surxay Şahbazov