Aysel Xanlarqızının Vətən şeirləri üzərinə
Çağdaş poeziyamızda bir Aysel Xanlarqızı imzası var. İncə, zərif qəlb pıçıltılarını söz-söz, misra-misra şeirə çevirən, bir az şən, bir az kövrək romantik dünyasının bənzərsiz mənzərəsini yaradan gənc, istedadlı Ayselimiz. O, istər lirik şeirlər, istərsə epik nəzm nümunələri yazanda da başqalarını təkrar etmir. Müşahidələrim belə deməyə əsas verir ki, Aysel daim öz üzərində çalışır, mütaliə edir, yuxusuz gecələrinə, Allah vergisi təbinə, ayazımayan ilhamına və əxz etdiyi bilgilərə söykənir.
Onun şeirlərində insana sevgi də, Vətən sevdası da pak, ilahi bir duyğudur. Onunçün sevgisiz həyat yoxdur. Ondan ötrü həyat həm də candan artıq sevdiyi, pərəstiş etdiyi Vətənlə gözəldir. Şeirləri diridir, canlıdır. Duyğuları, hissiyyatı kimi. Xanım yazarın şeirlərinin maraqla qarşılanması, məqbul sayılması, şairlərin, araşdırmaçı alimlərin diqqətini cəlb etməsi onun nəzminin poetik dəyəri, siqləti ilə bağlıdır. Şairin Qarabağ şeirlərində onun yurd sevgisi, millətinə, xalqına məhəbbəti bütün dərinliyi, incəliyi, ağrı-acısıyla ifadə olunur. Başqa sözlə, o, şeirlərində əsl təəssübkeşdir, milli kimliyimizin ifadəçisidir. Fərqli düşüncəsi, Azərbaycan sevdası ilə. Bir daha təkrar edirəm ki, söz adamının poeziyasında hər şeyin fövqündə öncəliklə sevgi dayanır. Sevgi insana güc, qətiyyət verən, onu yaşadan ucalıqdır.
Şair-publisist, Müstəqil.az saytının redaktoru Aysel Xanlarqızı “Darıxan şeirlər”, “Karantin boşluğu”, “Pəncərəmə günəş çək” və digər şeirlər kitablarının müəllifidir. Əsərləri Türkiyədə, Güney Azərbaycanda və Almaniyada işıq üzü görüb.
Onun poeziya yaradıcılığı haqqında söz adamları, ədəbi tənqidçilər maraqlı fikirlər söyləyiblər. Filologiya elmləri doktoru, görkəmli tənqidçi Vaqif Yusifliyə görə, “Aysel Xanlarqızı artıq yetkinliyə, sadə dillə desək, doluluğa, tamlığa, bütövlüyə doğru yol gedir. O, istər ayrılıqdan, təklikdən, istərsə də Qarabağdan şeir yazsın, bu şeirlərin hamısında poetik naxışlara rast gəlmək olur. Poetik naxışlar deyəndə biz şeirin şeir kimi incələməsini təmin edən bədii təsvir vasitələrini, sözü ehya etməyin variasiyalarını nəzərdə tuturuq… Vaxtilə böyük rus tənqidçisi V.Q. Belinski demişdi: “Şair olmaq quş kimi melodik səslər çıxarıb civildəmək deyil, şair olmaq poetik obrazlarla düşünmək deməkdir.” Ayselin bir çox şeirlərində də obrazlarla düşünmək bacarığı ilə rastlaşırıq.”
Ayselin “Karantin boşluğu” kitabına Xalq şairi Sabir Rüstəmxanlı ön söz yazıb. “Bu ön söz qətiyyən həvəsləndirici “mükafat” xarakteri daşımır. Səmimiyyətlə yazılan ön söz, ilk növbədə, onun yaradıcılığına inamdan irəli gəlir (V.Yusifli).”
Görkəmli söz ustası S. Rüstəmxanlının fikrincə, “poeziyanın bir işi də bütün mənəvi və ictimai sıxıntıların səbəblərini axtarmaq, onları aradan qaldırmaq yolları haqqında düşünmək, bu yöndə öz yeni nəğməsini yaratmaq, insanın mənəvi durumunun şəklini çəkmək, həm də ona bu ağır yoldan keçib getməkdə kömək göstərməkdir. Ayselin şeirlərinin başqa bir özəlliyi yaratdığı qəhrəmanın şəxsi taleyini yurdun taleyi üçün nümunəyə çevirməsidir. Onun şeirləri şəxsi faciələrlə, milli faciələrlə iç-içədir.”
İstanbulda nəşr olunan “Türk Ədəbiyatı” dərgisinin yazarı, şair Ənvər Aykol Ayselin Türkiyədə işıq üzü görən “Pəncərəmə günəş çək” adlı kitabı barədə qələmə aldığı essedə yazır: “Aysel Xanlarqızının şeirləri təkcə məhəbbətin izharından ibarət deyil. Onun romantik tərzi Qarabağ şeirlərində epik bir dillə, bədii-dramatik təsvirlərlə əvəzlənir.”
Əsasən sevgi şeirləri ilə tanınan Aysel Xanlarqızının yaratdığı poeziya nümunələri onun iç dünyasından süzülüb gələn hiss və duyğularının tərcümanıdır. Amma uzun illərdən bəri başımızın üstünü kabustək alan, bizi dərd girdabında saxlayan Qarabağ savaşı Ayselin də poeziyasına sirayət edib, onun lirikasının əsas məziyyətlərindən birinə çevrilib. Azərbaycan insanının Qarabağ həsrəti, yurd nisgili, qan-qada, ölüm-itim şairin vətən şeirlərinin canını təşkil edib:
Atası döyüşdə olan uşaqlar
Şəhid oğlu doğulurdu.
Anaların oğul həsrəti
Torpağın sinəsində
Vətən-vətən darıxırdı.
Şairin “Yadıma düşdü” şeirini də həyəcansız oxumaq olmur. “Yaddaşım hönkürəndə haray saldı boş yurdum”, “köçüb getdi köçüm də, bağlı qaldı qapılar” deyən müəllif məmləkətin başına gələn bəlalara görə qəlbini göynədən narahatlığını dilə gətirir:
Mərmilərin səsini,
Körpələr layla bildi.
Qərənfil diz çökəndə
Torpağa şəhid gəldi.
Anaların ahından
Göyün gözü yaşardı,
Qarabağda hönkürən
Vətən yadıma düşdü.
Üzləşdiyimiz ictimai bəlanın − qanlı müharibənin törətdiyi faciələrin ağrı-acısı Ayselin məhz bu üzdən içində yaranmış ağrılara qarışanda o, bu tandemi şeirə gətirirdi. Sən demə, itirilmiş yurd yerlərimizin qürbət ömrü hələ çox uzanacaqmış. Lap gözümüzün kökü saralanadək… Şair isə həssas, qəlbi nisgilli qələm dostları kimi, köçümüzün yurda sarı dönüşünü arzulayırdı:
Köçüb getdi köçüm də,
Bağlı qaldı qapılar…
Bir məzar daşı altda,
Yatan yadıma düşdü.
Yaddaşım hönkürəndə,
Haray saldı boş yurdum…
Həyatımdan film tək,
Ötən yadıma düşdü.
Aysel Xanlarqızının bu qəbildən olan şeirlərinin qayəsi qan yaddaşımızı oyatmaq, xalq təəssübü çəkmək, el-obanın dərdinə yanmaq, urcah olduğumuz məlum münaqişə, Qarabağ savaşı ilə əlaqədar tarixi həqiqətləri çatdırmaqdır:
Məndən “kimsən?” − soruşsalar,
Xocalıda əsir ruham!
Qeyrətin dar ağacında
Çarmıxa çəkilmiş aham…
“Haralısan?” soruşdular,
Torpaqdanam, mən söylədim,
Haqsızlığın susdurduğu
Dodaqdanam, mən söylədim.
Qarı düşmənin çirkin xislətini, yaramazlığını heç vəchlə yaddan çıxarmaq olmazdı. Heç nəyi unutmayan müəllif elatın torpağa bağlılığını, yurd məhəbbətini yaddaqalan bədii təsvirlərlə çatdırır, sözdən qurduğu poetik lövhələrlə çağdaş günümüzə səslənir. O, vətənpərvərliklə yoğrulmuş şeirlərində düşmən tanklarının yol-rizini dağım-dağım etdiyi, ümidləri tikə-parça olan, ahını, qüssəsini içində boğan məmləkətimizin harayına mərd ərənlərin gələcəyinə inanır:
Hər gün sevgisini
dualara büküb
cəbhəyə yollayan ananın
ayaqları altında
pıçıldaşırdı xəzəl…
Yurduma gələn
bu payız elə gözəldir ki…
Qarabağlı gözəl
dünyanı heyrətə salıb,
Deyəsən qələbəyə lap az qalıb…
Yaxud:
Müharibə qoxusuna oyanan gecə,
Sabahadək bayraqlarla küləklənirdi.
Duaları duyulmayan hansısa evə
Arzuları güllələnmiş şəhid gəlirdi…
Düşündüyümüz və ya heç ağıla gəlməyən, hər hansı bir mövzu öz obrazlı izharını taparsa, yalnız onda ədəbiyyatın predmeti ola bilər. Ayselin Vətən şeirləri bu həqiqəti bir daha təsdiq edir.
Şəhid general Polad Həşimovun əziz xatirəsinə ithaf olunmuş şeir bir qədər bədbin ruhlu olsa da, işğal edilmiş torpaqlarımızın düşməndən tezliklə təmizlənəcəyinə şairin ümidinin, inamının ifadəsidir. Söz adamının fikrincə, generalın döyüşçüləri öz hünərləri, yağını geri oturdan həmlələri ilə, hətta canları bahasına hələ bir qədər sonra qazanacağımız böyük qalibiyyətin bünövrəsini qoyanlardır:
Səngər boyu sürünən qəzəb
ölümü tətiklədikcə
Qarabağ uzaqdan
ümid dolu gözlərlə,
yalançı sərhədlərin
tikanlı məftillərindən
həsrətlə baxırdı.
Dünya Tovuz boydaydı bu gecə,
Bütün manşetlər boyu
güllələnirdi xəbərlər,
Bir generalın son əmrinə
müntəzir dayanmışdı
əsgərlər…
Paytaxta şəhid gəlirdi.
Cəmi 44 gün çəkən Vətən müharibəmiz dünya hərb salnaməsinə bənzərsiz bir nümunətək həkk olundu. Qələbə şeirlərini, Zəfər gününün dastanını yaratmaq vədəsi axır ki gəlib çatdı, yurdumuzun yazarlarına, Aysel Xanlarqızına da nəsib oldu:
Torpaq altda yuva tikən,
Sinəsində çiçək əkən,
Köksü üstən Vətən keçən
Hürr Qarabağın mübarək!
Zemfira Məhərrəmli
yazıçı-publisist