Hüseynbala müəllimin 78 yaşına tələsən SÖHBƏT…

Hüseynbala müəllimin 78 yaşına tələsən SÖHBƏT…

 

Haqqında söhbət açmaq istədiyim Hüseynbala Mirələmov ikinci dünya müharibəsində zəfər çalan sovet hökumətinin ilk dəfə qeyd etdiyi 9 may Qələbə bayramından qırx yeddi gün sonra dünyaya gəlib.

Ucqar Lerik rayonunun Nuravud kəndində zəhmətkeş ailəsində, halal süfrənin ətrafında böyüyüb boya-başa çatıb. Bütün kənd uşaqları kimi meşədən odun da gətirib, mal-heyvan da otarıb. Amma heç vaxt kitab əlindən düşməyib, mütaliə etməkdən yorulmayıb. Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Politexnik İnstitutuna iki “5”-lə qəbul olunub və əla qiymətlərlə də başa vurub. Altı il “Azərbaycan pioneri” qəzeti redaksiyasında baş ədəbi işçi vəzifəsində çalışsa da, 1971-ci ildən öz ixtisası üzrə işləməyə başlayıb. Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışıb. İşgüzarlığını, bacarığını nəzərə alıb, 35 yaşı olanda, onu həmin idarəyə rəis təyin ediblər.
İndi təsadüfi adamlara verilsə də, sovet dönəmində vəzifədə olanların orden alması elə də asan məsələ deyildi. O vaxt onun təltif olunduğu “Qırmızı Əmək Bayrağı” ordeni “Lenin” ordenindən sonra ən nüfuzlu ordenlərdən biri sayılırdı…

Şübhəsiz ki, insanın uğur qazanmasında onun bacarıq və əzmkarlığından başqa İlahinin uğuru vacib məsələdir. Bu uğur qismətində olmadıqda insanın bacarıq və əzmkarlığı da nəticəsiz qalır. Yəqin ki, hansısa əməllərinə görə Yaradan bu uğuru ondan əsirgəməyib və onun vəzifə pillələrində irəliləməsinə yol açıb. Bəli, Tanrının izni olmasaydı ucqar dağ rayonunda, əlçatmaz, ünyetməz kənddə kasıb bir kişinin ailəsində doğulub böyüyən bir insan “Azərqaztəmirtikinti” trestinin rəisi vəzifəsindən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini, Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrinədək yüksələ bilməzdi…

Deyir ki,- “İnstitutun birinci kursunda oxuyanda yazılarımı “Azərbaycan pioneri” qəzetinə aparırdım. Allah rəhmət eləsin, bir baş redaktor var idi, Əmrah müəllim, mənə dedi ki, sən gəl bizdə ştatda işlə. Gündüz növbəsində oxusam da, dərsdən çıxan kimi ora gedirdim. Qəzetin ədəbiyyat şöbəsinin işlərini mən aparırdım. Düzdür, rəhmətlik Hikmət Ziya şöbənin rəhbəri idi, amma xəstə olduğu üçün işə nadir hallarda gəlirdi. İnstitutu bitirənə kimi o şöbəyə mən rəhbərlik etdim. Sonradan qırmızı xətti keçmək istəyən bəzi tanınmış jurnalistlərə, baş redaktorlara yarızarafat-yarıciddi deyirdim ki, sizə o qəzetdə xəbər, oçerk, məqalə yazmağı mən öyrətmişəm. İnstitutu bitirəndən sonra əsgər getdim, qayıdandan sonra isə qəzetdə deyil, öz ixtisasım üzrə çalışdım…”

O vaxtdan bu vaxta bədii yaradıcılıqla da məşğul olur. İndiyədək iyirmiyə yaxın kitabı işıq üzü görüb. Bir sıra əsərləri müxtəlif dram teatrlarında səhnələşdirilərək tamaşaçılara təqdim olunub. “Qızıl qələm”, “Qızıl dərviş”, “Qızıl buta”, “Abdulla Şaiq” və “Rəsul Rza” mükafatları laureatıdır…

Bir siyasətçi kimi də qismətinə İlahi uğurdan pay düşüb, uzun illər Milli Məclisin deputatı olub. Bədxahları da ki, az olmayıb. Sanki pusquda durub, onun səhvə yol verməsini gözləyiblər. İllər öncə adi bir hərəkətini əsas tutub onu aşağılamaq istəyənlər də tapıldı. Və nəhayət savadsız, dünyagörüşü zəif olan toplumun arasında onu gözdən sala bildilər. Ruslar demişkən, “padumayeş” böyük bir hadisə baş verib, kiminsə arxasına əlini sürtüb. Yadıma bir rəvayət düşdü: Bir hakimə şikayət edirlər ki, bəs filankəs filan qadınla olub, onu cəzalandırmaq lazımdır. Hakim şikayətçiyə qadını da özüylə götürüb onun yanına gəlməsini xahiş edir. Növbəti dəfə görüş zamanı əlinə bir iynə alıb, sapı qadına verir. Deyir ki, bu iynəni sapla. Qadın sapı iynəyə yaxın gətirdikcə hakim iynəni geriyə çəkir. Qadın ha çalışırsa iynəni saplaya bilmir. Cavabında hakim gözəl bir söz deyir:- Təsəvvür edin ki, iynə qadın, sap isə kişidir. İynə istəməsə sap heç zaman iynədən keçməz…

O gün “Təzadlar” qəzetinin 30 illiyi şərəfinə verilən ziyafətdə onu da gördüm. Bir az sınıxsa da şuxluğunu hələ də itirməyib. Həmişəki kimi şən, zarafatcıl, mehriban görünür. Bəli, Hüseynbala müəllim nə el-obası, nə də dostları arasında pis adam olmayıb. Çox adama əl tutub, problemini həll edib. Necə deyərlər, Allahın da, elə bəndələrinin də qarşısında alnı açıq, üzü ağdır. İyunun 25-də onun növbəti ad günü olacaq. Nə az, nə çox 78 yaşını qeyd edəcək. 78 yaşlı insana nə arzulamaq olar- möhkəm cansağlığı, firəvan həyat, ağrı-acısız günlər.

Yaşa, yaz-yarat, Hüseynbala müəllim!..

Hörmətlə, Elman Eldaroğlu

Share: