Müstəqil.Az Rusiyada yaşayan tanınmış yazıçı – tərcüməçi Araz GÜNDÜZün Rus tarixçisi VOLDEMAR BALYAZİN indən tərcümə etdityi ” I Pyotr keçmiş arvadının sevgilisini necə öldürtmüşdü?” əsərini təqdim edir.
ƏZABKEŞ YEVDOKİYA VƏ BÖYÜK ƏZABKEŞ STEPAN
1669-cu ildə boyar İllarion Abramoviç Lopuxinin ailəsində bir qız doğuldu, adını Proskoviya qoydular. Üstündən iyirmi il keçəndən sonra bu qızı I Pyotrun anası oğlu üçün gəlin seçdi. O çağların qaydasınca, gəlinin və ona evlənəcək ərinin rəyini öyrənmədən, onları adaxladılar.
Pyotrun anası bu qohumluqla oğluna arxa olacaq bir adam tapmaq istəyirdi, Lopuxinlər çox varlı olmasalar da, ancaq böyük, adlı-sanlı və çoxsaylı bir nəsil sayılırdılar. Anası bu nəsilin Pyotra dayaq olacağını düşünürdü. Bu qohumluq münasibəti ilə, boyar İllarionun adını dəyişib Romanovlar ailəsinin sevimlisi olan Fyodr obrazlı Məryəm Ana ikonasının şərəfinə, Fyodr qoydular. Praskoviyanın da adını dəyişib Yevdokiya qoydular, o çar arvadı olacaqdı deyə, gərək yaxşı səslənən bir ad daşıyaydı. Köhnə adət-ənənələr üzrə böyüdülmüş Yevdokiya xasiyyətcə mühafizəkar bir qadın idi. Onların evliliyinin ilk illəri söz-sovsuz keçsə də, belə təbiətli bir qadın gənc və enerjili çarın xoşuna gələ bilməzdi. Yevdokiya adət-ənənəyə uyğun sakit bir ailə həyatı sürmək istəyir, gənc ərinin onu yalqız qoyub tez-tez uzaq səfərlərə çıxması ilə heç cür barışmaq istəmirdi, bu isə gənc ailədə tez-tez baş verən söz-sova gətirib çıxarırdı. Ər-arvad arasındakı soyuqluq getdikcə artmaqda idi. İki oğlanlarının doğulması da, gənc çar ailəsində istiqanlıq yarada bilməmişdi. İlk doğulan oğlanları körpə yaşlarında ölmüşdü. Yalnız 1690-cı ildə doğulan üçüncü oğlanları Aleksey sağ qalmışdı. Ancaq onun da, sonradan taleyi gətirməyəcək, 1718-ci ildə, atasının buyuruğu ilə, dönüklükdə suçlanaraq öldürüləcəkdi. Pyotrun alman gözəli Anna Monsla başlayan sevgi romanı da, ər-arvad münasibətlərinin korlanmasında böyük rol oynamışdı. 1696-cı ildə Pyotr Avropaya uzunmüddətli səfərə gedir, Yevdokiya isə ərinə bir neçə məktub yazıb, onu atıb getməsinə görə Pyotru qınayır, ancaq məktublarının heç birinə cavab almır. Artıq bütünlüklə öz arvadından soyuyan çar Moskvaya, dayısı L. K. Narışkinə məktub yazaraq Yevdokiyanı monastra gedib rahibə olmağa razı salmağı xahiş edir, bu isə çarın öz arvadını boşaya bilməsi üçün yeganə çıxış yolu idi. Narışkin Yevdokiyanı çox dilə tutsa da, o monastra getməkdən boyun qaçırır, ancaq Pyotr Moskvaya qayıdan kimi, arvadını zorla, Suzdaldakı Pokrov monastrına göndərib, rahibə olmasını əmr edir. Yevdokiyanın könüllü olaraq rahibə olmaq istəmədiyini öyrənən monastrın başçısı onu rahibəliyə qəbul etmək üçün gərəkən ayini yerinə yetirməkdən boyun qaçırır və buna görə də, Pyotrun buyuruğu ilə dustaq olunur. Biraz sonra isə, Yevdokiyanı rahibə elan edib ona yeni, Yelena adını verirlər. Ancaq onun rahibə paltarı geyinib monastr həyatının ağır şərtləri ilə yaşaması çox da uzun çəkmir…
Beləliklə də, keçmiş çar arvadı Yevdokiya, Yelena adı alıb, monastrın hücrəsində dustaq oldu. Çox keçmədən onun buradakı yaşamı yoluna düşməyə başladı, qohumlarından bir neçəsi, gizlincə, ona yemək və geyim göndərməyə başladılar, ayrılğına dözə bilmədiyi səkkiz yaşlı oğlu Alekseydən də, yaxşı soraqlar gəlməyə başladı. Deyilənlərə görə, Aleksey pis yaşamırdı, atası onu bütünlüklə öz himayəsinə almış, gələcəkdə çar olması üçün gərəkən nə vardısa, ona öyrətməyə başlamışdı, ancaq bu xəbərlər onun ana ürəyini sonadək ovundura da bilmirdi, o, necə olursa olsun, oğlunu görmək istəyirdi; bundan başqa da, mühafizəkar düşüncəli ana oğluna alman müəllimlərinin dərs keçdiyini eşidib, biraz da, darıxmağa başlamışdı, axı pravoslav olmayan bu kafirlər onun oğluna nə öyrədə bilərdilər, belə getsə, uşağı dindən uzaqlaşdırıb, kafir edəcəkdilər. Düzdür, müəllimlərin arasında bir-iki rus olanları da vardı, ancaq deyilənə görə, onlar içki və qadın düşkünü olan yaramazlar idi. Ancaq Yevdokiyanın çar sarayındakı dayısı knyaz Nikifor Vyazemskinin, bir də, ürək qızdırdığı ruhani Yakov İqnatevin Alekseyin yanında olması onu biraz sakitləşdirirdi.
Yevdokiya belə bir darıxdırıcı və cansıxıcı ömür sürür, tez-tez onu yandırıb-yaxan və ürəyini sındıran xəbərlər alırdı, habelə, keçmişlə bağlı xatirələr də, onun sınıq könlünü incidir, indi ona uzaq bir nağıl kimi görünən çar arvadı olduğu çağlar, o günlərdə yaşadığı ağrı-acılar da, yadına düşür, dərdinin üstünə dərd gətirirdi. Beləliklə də, biri-birinin ardınca bu sayaq, dəyişməyən, biri-birinə bənzəyən ürək sıxan illər keçib gedir, gənc qadın düşdüyü bu qara günlərinə ağlayır, bu qaragünlükdən çıxmaq üçün haradansa bir işıq ucu olacağına inamını itirməyə başlayırdı…
Monastrda keçən bu kədərli həyatının onuncu ilində, 1707-ci ilin yeni il bayramı günlərində, birdən, onun darısqal hücrəsinə işıq düşdü: keçmiş tanışı, çar sarayında yaşayan Yakov İqnatyev, gizlincə, 17 yaşlı Alekseyi onun yanına gətirdi. Sevincindən hönkürüb ağlayan Yevdokiya artıq yaşa dolmuş oğlu ilə görüşəndə birdən-birə özünün də, artıq yaşlandığını, 38 yaşına çatdığını xatırladı və dərin hüznlə qadın kimi yaşaya bilmədiyi, bir ağ gün görmədiyi ömrünə acıyıb sevinc yaşlarına qarışan acı göz yaşları tökməyə başladı. 1708-ci ilin yayında isə, onun ağlına belə gətirmədiyi təəcüblü bir hadisə baş verdi: Yevdokiyanın ürəyində, nə ata evində, nə də çar sarayında, heç vaxt, uma bilməyəcəyi alovlu bir sevgi duyğusu baş qaldırdı…
Bu belə olmuşdu: 1708-ci ilin qızmar bir iyul günündə, günorta çağı, onun yaşadığı hücrənin qapısı açıldı, Yevdokiya kandarda monastr baxıcısı Fyodr Pustınniki və onunla yanaşı dayanan, yaşıl boyalı Preobrajenski alay zabiti forması geyinmiş, tanımadığı bir şəxsi gördü, ucaboylu, bığlı, qonurgözlü zabit, sanki, heç bir səbəb olmadan, ona baxıb gülümsəyirdi. “Salam Yevdoşa”, deyə qonurgözlu və azman bədənli zabit istiqanlıq duyulan bir səslə dilləndi. Yevdokiya bu səsi eşidən kimi, ilk baxşdan tanımadığı bu zabitin Stepan Qlebov olduğunu anladı. Bir anın içində beyninə qan sıçrayan Yevdokiya dayandığı yerdə səntirlədi və Qleb Stepanovla bağlı şirin, gözəl və unudullmaz uşaqlıq xatirələrini yada saldı. Fyodr ata ilə yaxınlıqda dayanan rahibə bacı Kaptelina özlərinin burada artıq olduqlarını anlayıb, onları ikilikdə buraxaraq çıxıb getdilər. Ah, bilsəniz, onlar necə şirin-şirin danışıb biri-birinə qulaq asırdılar! Onlar aradan keçən və biri-biri ilə bağlı demək olar heç nə bilmədikləri bu uzun illər boyunca, başlarına gələn müsibətləri danışdıqca, biri-biri ilə dərdlərini bölüşür, biri-birinin acılarına ortaq olurdular!
Qlebovun deməsinə görə, o artıq 18 ildir evlənib və elə evləndiyi vaxtdan başlayaraq, Preobrajenski polkunun atlı bölüyündə qulluq edir. Ancaq hərbi qulluqda da, evlilikdə də, onun bəxti gətirməmişdi. Evləndiyi qadın çox keçmədən xəstələnmiş və indiyədək də, xəstəliyi davam edirdi, ən pisi isə, onların uşaqları və biri-birinə sevgisi də, yox idi. Qulluğunda isə ilk günlərdən baaşlayaraq işləri düz gətirməmişdi. Çar Pyotr Alekseyeviçin onu görməyə gözü yox idi, bunun səbəbi isə, Stepanın ona qarşı saymazyanalığı olmuşdu: günlərin birində çar, öz sevimli əyləncəsi üzrə, 18 yaşlı Stepanla güləşməyə çıxanda, o, çara yarınmaq istəməmiş, çoxsaylı zabit və əsgərlərin gözü qabağında, Pyotrun kürəklərini yerə vurmuşdu.
Çar üzdə onunla yaxşı davransa da, ancaq Stepan polkda hamının “bombardmançı ağa” adlandırdığı Pyotr Alekseyeviçin, heç vaxt, köhnə inciklikləri unutmadığını və bunu kimsəyə bağışlamadığını yaxşı bilirdi. Uşaqlıq dostları xoruzların birinci banına kimi, yorulmaq bilmədən, danışdılar, sonra Stepan Suzdala ordu üçün əsgər toplamağa getdi, o gündən başlayaraq, buralarda olduğu hər gün, Stepan Yevdokiyanın yanına gəlir və onun hücrəsində gecələyirdi. Beləliklə də, sevgiyə və nəvazişə ehtiyacı olan bu iki insanın arasında incə duyğular yaranmağa başladı.
O gündən sonra Stepan işlə bağlı bu yerlərə tez-tez gəlir və buralarda olanda Yevdokiyanın yanında gecələyirdi. Stepan uzaqlarda olanda isə, Yevdokiya ona demək olar ki, eyni məzmunlu məktublar yazırdı: “Tanrı eşqinə, məni burada tək qoyma, çalış buralarda bir işə düzəl”. Yevdokiya Qlebin Suzdalın voyevodası olmasını arzu edirdi, belə olardısa, onlar biri-birinin yaxınlığında olmaqla, tez-tez görüşə bilərdilər və Yevdokiya həftələrlə, aylarla çəkən bu ayrılıqdan biryolluq can qurtaradı, eləcə də, ona olduqca qısa görünən bu görüşlərin yerini birgə yaşamağın sevinci tutardı.
Beləliklə də, Yevdokiya ilə Stepanın ömründə yeni bir dönəm başlamış oldu, onların bu sevinc dolu həyatları 10 il çəkdi. Suzdala gələndə Stepan keçmiş çar arvadına sarayda baş verən müxtəlif hadisələrdən söz açardı: çarın oğlu Alekseyi Avropaya oxumağa göndərməsini, Alekseyi Braunşveyq şahzadəsi Sofya-Şarlotta ilə evləndirməsini, bu evliliyin uğursuzluqla bitməsini, onların evliliyinin dördüncü ilində Sofya-Şarlottanın ölməsini, bu birgə evlilikdən biryaşlı qızları Natalya və yenicə doğulmuş Pyotrun olmasını, Yevdokiya burada, ondan öyrənə bilmişdi. Stepanın deməsinə görə, alman şahzadəsi dərddən çərləyib ölmüşdü, dərdə düşməsinin səbəbi isə, Alekseyin ona dönük çıxıb, günlərini knyaz Vyazemskinin təhkimli kəndlisi olan Yefrosiniya ilə sevgi macəraları içində keçirməsi olmuşdu.
Stepanın onun yanında gecələdiyi vaxtlarda Yevdokiya yatağını qızdıran bu kişinin qoynunda özünü dünyanın ən xoşbəxt qadını sayırdı. Yevdokiya, yer üzündə nəvaxtsa, onun Stepanla olan sevgisi qədər ehtiraslı bir sevginin ola biləcəyinə inanmırdı.
“Məni səndən yalnız ölüm ayıra bilər”, Yevdokiya bu sözləri Stepana dönə-dönə deməkdən yorulmazdı. Stepan çıxıb gedəndən sonra, Yevdokiya çılğın sevgisindən və onu bərk qısqandığından, özünə yer tapa bilməz, özünün ruhani anası sayılan Kaptelinanın yardımı ilə, oturub Stepana alovlu sevgi məktubları yazardı, bu məktubları alıb oxuyan Stepan, çox keçmədən başını itirib, çaparaq Suzdala gələrdi.
Bu məktublardan doqquzu bugünümüzədək gəlib çatmışdır. Onlarınn yeddisindən bəzi parçaları diqqətinizə çatdırıram. Onları oxumağı sizdən xahiş edirəm. Bu məktubları oxuyandan sonra, siz indiyədək bu dünyada həqiqi sevginin olmadığına inanırdınızsa, indi artıq, ölümü də üstələyən belə bir sevginin həmişə olduğuna və indi də, belə bir sevginin ola biləcəyinə inanacaqsınız.
Oxuyun, bu məktublardan burada verdiyim çıxarışları, üstündə əl gəzdirilmədən, olduğu kimi, baxışlarınıza çatdırıram.
“Mən öz kədərimi necə və nə ilə ovudum indi? Sən məni belə tez unutdun! Mən burada sənin bəyənəcəyin kimi olmağı bacarmadım. Sənin üzünü, əllərini, bütün bədənini, dirsəyini və dizini gərəyincə oxşaya, yetərincə göz yaşlarımla yuya bilmədim, görünür, sənin ürəyincə olmağı bacarmadım…”
“Gözlərimin işığı, atam mənim, ruhum mənim, sevincim mənim! Mənə elə gəlir ki, artıq sənin məndən biryolluq ayrılacağın o qorxunc zaman gəlib çatıb. Belə bir ayrılıqdansa, nə olaydı, mənim ruhum bədənimdən ayrılaydı! Ah, gözlərimin işığı, mən sənsiz bu işıqlı dünyaya necə baxım, necə yaşayım? Mən artıq məhv olmaq üzrəyəm! Bir allah bilir, sən mənim üçün necə doğmasan. And olsun Allaha, yer üzündə səndən də, doğma olan bir adamım yoxdur!… Mən səni ölənədək unutmaram, nə qədər sağam, sən mənim ağlımdan heç vaxt çıxmayacaqsan…”
“Ah, gözlərimin işığı, ayrılmaz dostum mənim, sevgilim mənim, mənə nəsə yaz, nəsə danış, məni qüssəsədən ölməyə qoyma… Sənə bir qalstuk göndərirəm. Sənin üstündə məni xatırladacaq heç nə yoxdur, barı bu, məni yadına salsın. Ah, bilsən, ürəyim necə sənə can atır! Bilmirəm, sənsiz necə yaşayım, sənin ayrılığına necə dözüm? Sənsiz olmaqdan yaranan acılarımı sözlə demək olmur, gözümün işığı…”
“Stepaşenka, sənə iki ədəd sabun göndərdim, deyirəm, buraya gələnə kimi yuyunub biraz ağarasan bəlkə…”
“Ah, mənim əziz dostum! Sən məni niyə təklikdə qoyub getdin? Mənə niyə acığın tutdu belə? Mən nə ilə səni incitdim? Məndən sənə nə dedilər? Mənim xəzinəmi kim taladı? Mənim gözümün işığını kim oğurladı? Məni atıb kimin yanına getdin? Məni kiminlə dəyişdin? Mənə nədən yazığın gəlmir? Nə üçün qayıdıb gəlmirsən, əziz dostum? Mən sənsiz bu işıqlı dünyada necə yaşayım? Sən bu ayrılığınla məni necə məhv elədiyini bilsəydin!.. Allah eşqinə, bu ayrılığı bunca uzatma, qayıt gəl. Sənsiz mən məhv olmaqdayam artıq!..”
“Mənim sevincim! Mənə oğlumdan ürəkaçan kiçik bir soraq ver… Mən səni nə ilə incitmişəm, görən? Mənə nədən acığın tutdu? Ah, bu ayrılıqdansa kaş mən öləydim, sən məni öz əllərinlə qara torpağa göməydin! Mən onsuz da, yavaş-yavaş məhv olmaqdayam. İsa Məsihin, Allahın eşqinə məni atma. Sənin ayağından başınadək bütün bədənini öpürəm. Mənim ölməyimi istəmirsənsə, tez buraya gəlməyə çalış, ürəyim mənim…”
“Ürəyim mənim, Stepaşenka, canım gözüm, mənə ən çox sevdiyin kamzolunu göndər, qoy sənin ətrini ondan alım. Dişlədiyin bir tikəni mənə göndər… Başqasını sevib məni unutma. Mən sənə nə etmişəm, desənə, məni belə yetim, yazıq, qaragünlü durumda atıb getmisən?”
Bir neçə il sonra Yevdokiya Stepandan, çarın yeni arvadı olan Yekatirinadan, Pyotr adında bir oğlu olduğu eşidib dərdə batdı, o artıq Alekseyin yerinə yenu vəliəhdin gələcəyini, öz oğlunun isə yazıq günlərə qalacağını, çox ola bilsin, lap öldürüləcəyini anlamışdı.
Çox keçmədən, onun bu düşüncələri doğruldu: 1716-cı ilin payızında Stepan onun yanına gələndə Alekseyin Almaniyada müalicə olunan atasının yanına getmək adı ilə Rusiyadan Avropaya yollandığını, ancaq yolda, gözlənilmədən, yoxa çıxdığını danışmışdı, bunu eşidənlərin çoxu Alekseyin atasından qaçıb gizləndiyini düşünürdü…
Ah, bilsəniz, oğlundan aldığı bu soraq Yevdokiyanın necə qorxutmuşdu! O keçmiş ərinin necə amansız və qaniçən birisi olduğunu yaxşı bilirdi, şəxsi maraqları güc gələndə o oğlunun ömrünə də bir quruşluq dəyər verməzdi. Ancaq Avropaya qaçmış çar oğlu, elə bil, orada ot tayasına düşmüş iynə kimi yoxa çıxmışdı. Buna görə də, Yevdokiya biraz toxdaqlıq tapmış və bu işlərin sonunun yaxşı qurtaracağına inanmağa başlamışdı. Ancaq çox keçmədən tale ona və oğlu Alekseyə qarşı hazırladığı faciəni ortaya çıxarmağa başladı: 1718-ci ilin başlanğıcında, günlərin birində, onun monastrdakı hücrəsinin qapısını, döymədən, açdılar və Preobrajenski alayının zabiti icazəsiz içəri soxuldu.
Tanımadığı adamın bu gəlişi Yevdokiya üçün çox gözlənilməz olduğundan, o həyəcandan az qala huşunu itirəcəkdi. Zabit hücrəyə göz gəzdirib küncdəki sandıqçanın üstünə cumdu və onun qapağını açıb içindəkiləri döşəməyə tökdü.
Sandıqçanın dibində Yevdokiyaya yazılan məktublar var idi və indi onun içindəkilər yerə töküləndə, bu məktublar şeylərin üstündə qalmışdı. Bu məktubların içində Qlebovdan aldığı sevgi məktublarından başqa, oğlunun qaçması ilə bağlı, onu olduqca çıxılmaz bir duruma sala biləcək, iki məktub da vardı. Bu məktubları oxuyanda Yevdokiyanın və onun sevgilisi Qlebovun çar oğlunun qaçışını bilib, bunu çardan gizlətdiyi aydın olurdu…
Yevdokiyanı, Kaptelinanı, monastrın başçısı Fyodr Pustınniki, Suzdalın arximandriti Dosifeyi və iyirmiyə yaxın rahibi, rahibə Yelenanın (Yevdokiyanın rahibəlikdə daşıdığı adı belə idi) mayor Qlebovla pozğunluq etdiyini bilib gizlətməkdə suçlayaraq, arabalara mindirib Moskvaya göndərdilər.
Yevdokiyanın monastr hücrəsində axtarış aparılan gün, Qlebovun Kostramada olan mülkünə də, bir atlı bölüyü gəlib, orada axtarış aparmağa başlamışdı və biraz öncə, bir sıra parçaları ilə tanış olduğunuz, Yevdokiyanın sevgi məktublarını tapıb üzə çıxarmışdılar. Məktubları oxuyandan sonra mayor Qlebovu qandallayıb Moskva ətrafındakı Preobrajenski kəndində yerləşən qorxunc, “Taynıy prikaz” adlanan idarənin zindanına gətirdilər. 22 fevralda Yevdokiyanı və onunla əlbir olmaqda şübhəli bilinərək tutuqlanan başqa adamları da, buraya gətirdilər. Sonra Qlebovla Yevdokiyanı işgəncə otağına gətirib üzbəüz saxladılar, Qlebovu anadangəlmə soyundurub əllərini arxadan, yerə basdırılmış dirəyə bağladılar, ayaqlarını taxtadan yonulmuş iti mıxların üstünə qoyub ayaq üstə saxladılar. Bugünə gəlib çatmış istintaq protokulunda yazıldığına görə: “Stepana 25 qamçı zərbəsi vurludu, o Yevdokiya ilə pozğunluq etməsindən başqa, özünə qarşı irəli sürülən suçlardan heç birini boynuna almadı”.
İşgəncə üçün işlədilən cəllad qamçısı arabaçıların və çobanların işlətdiyi adi qamçılardan deyildi. Təcrübəli cəllad, bu qamçının bir zərbəsi ilə, işgəncə verdiyi adamın onurğa sütununu sındıra bilərdi. Ancaq cəlladlara belə bir göstəriş verilmişdi: onlar Qlebovu öldürməməli, işgəncə yolu ilə onun dövlətə xəyanət etdiyini etiraf etdirməli, bununla, Yevdokiyanın da, dövlətə xəyanət elədiyini sübuta yetirməli idilər.
Qlebov isə yalnız Yevdokiya ilə aralarında sevgi olduğunu deyir, qalan heç nəyi boynuna almayaraq susurdu. Cəlladlar onu əti sümükdən ayrılana qədər döydülər. Onların indiyədək işgəncə verdiyi adamlar, adətən, üç-dörd qamçı zərbəsindən sonra, onlardan nə tələb olunurdusa hamısını boynuna alırdı. Bu işgəncə ustaları arasında onların ürəkdən inandıqları və sevərək işlətdikləri belə bir söz də vardı: “Qamçı Allah deyil, ancaq o həqiqəti daha tez üzə çıxara bilir”. Ancaq Qlebov Yevdokiyanın ziyanına ola biləcək bir söz belə demədən, bütün işgəncələrə dözürdü. Qamçı zərbələrindən onun dərisi parça-parça olub sallanırdı, yan-yörəsi qan gölünə dönmüşdü, dağ basmaq üçün qoyulan közlərdən və qızmış dəmir parçalarından bədəni tüstülənirdi… Onu üç gün, ardıcıl olaraq, gündüzlər işgəncə verməklə dindirdilər, gecələr isə onu yaralı kürəyi üstə taxta mıxların üstünə uzandırıb bağlayırdılar. Ona onaltı sual vermişdilər və protokolda bunların hamısının qarşısında: “suala cavab vermədən susur” deyə yazılmışdır.
Stepandan heç bir etirafedici söz ala bilməyəndən sonra, onu, Yevdokiyanı və onlarla əlaqədə olmaqda şübhəli bilinən monax qadın və kişiləri Moskvanın Qızıl Meydanına gətirdilər, burada kimlərisə atların quyruğuna bağlayıb şaqqaladılar, bir başqlarını dəmir təkərə bağlayıb işgəncə ilə öldürdülər, bir neçəsinin boynunu vurdular, mayor Stepan Qlebovu isə dəmir payaya keçirdilər.
Burada, ötən çağlarda “inferal”, daha doğrusu cəhənnəmlik adlanan bir predmetdən danışmalı olduğum üçün siz oxuculardan üzr istəyirəm. Ancaq mən bu predmetin nə olduğunu və ondan necə yararlandıqlarını bütün dərinliyi ilə sizin üçün aydınlaşdırmasam, onda danışdığım hadisədəki bir çox durumlar kölgədə qala bilər və bu hadisədə işgəncələrlə üzləşən insanların xarakteri və yaşadıqları qorxunc dram bütünlüklə açıqlanmazdı.
Beləliklə də, Stepan Qlebovu lüt soyundurub payaya keçirdilər. Ancaq o çağlarda bu əzablı ölüm alətinin bir neçə növü vardı. Bu dəfə onlardan ən qorxuncu olan “fars payasını” seçmişdilər. Bu üsulla payaya keçirəndə, dəmir payanın hər iki tərəfinə oturacaq rolu oynayan iki taxta lövhə bərkidirdilər. Dəmir payanın iti ucu bu lövhələrdən 5 santimetrə yaxın yuxarıda qalırdı və öldürüləcək adamın bədəninə öncə bu yuxarıda qalan hissə yeridilirdi. Daha sonra, payaya bərkidilmiş bu iki taxta lövhəni götürürdülər və dəmir paya yavaş-yavaş öldürüləcək adamın içərisinə doğru, daha da dərinlərə işləyirdi.
Mayor Qlebovu, belə bir payaya keçirmə yolu ilə, 15 saat ərzində, işgəncə ilə öldürmüşdülər. Bütün bu vaxt ərzində çar I Pyotr, isti karetada, knyaz Aleksand Menşikovla birgə oturmuş, araq içərək kolyaskanın pəncərəsindən Qlebovun necə öldüyünə tamaşa etmişdi. Mart ayının ortaları olsa da, bayırda güclü şaxta var idi. Pyotr, Qlebovun soyuqdan tez ölə biləcəyindən ehtiyat edərək, karetadan düşüb onun çiyinlərinə qalın kürk salmış, ayaqlarına keçə çəkmələr geyindirməyi buyurmuşdu. Sonra Pyotr Qlebova yaxınlaşıb, əyilərək, onun başına papaq geyindirmək istəmişdi. Bu anda ölməkdə olan Qlebov azındakı laxtalanmış qanı onun üzünə tüpürmüşdü.
Biraz aralıda isə, Preobrajenski alayının əsgərləri Yevdokiyanı ayaq üstə saxlayıb, sevgilisinin bu qorxunc ölümünə tamaşa etməyə məcbur edir və onu huşunu itirməyə qoymurdular. Aradabir, qadın huşunu itirəndə, onu özünə gətirir və yenidən bu dəhşətli ölüm səhnəsinə baxmağa məcbur edirdilər. Yevdokiyanı, gözünü bir an olsa belə yummağa da, imkan verməyərək, bu əzablı ölümü sonacan izləməyə məcbur etmişdilər.
Stepanın ölümündən sonra Yevdokiyanı çılpaq soyunduraraq ona üç qamçı zərbəsi vurmuş, sonra isə arabaya mindirib Ladoqa gölünün üstündəki Uspenski monastrına aparmışdılar, biraz sonra isə onu Şlisselburqdakı zindanın yeraltı otaqlarından birinə aparıb, orada dustaq eləmişdilər. Yayda Yevdokiya oğlu Alekseyin Petropavlosk qalasında, çar Pyotrun buyuruğu ilə, işgəncə verilərək öldürüldüyünü eşitmişdi. Bundan sonra o beş il də, bu qəbirə oxşayan yeraltı zindanda oturmalı olmuşdu. Yevdokiyanın 57 yaşı olanda, çariça Yekaterinanın ölümündən sonra, onun oğlu Alekseydən olan nəvəsi II Pyotr taxta çıxmışdı və onu dustaqlıqdan buraxmış, yaşamaq üçün Kremlin Voskresenski monastrında yerləşdirmişdilər.
60 ildən biraz artıq yaşayaraq, ömrünün yarısından çoxunu dözlüməz ağrı-acılar içində keçirmiş Yevdokiya 27 avqust 1731-ci ildə ölmüşdü.
Tərcümə etdi: Araz GÜNDÜZ
Qaynaq: В.Н. Балязин. Неофициальная история России
Издательство: Олма Медиа Груп, Moskva, 2007 г.