Vasif Süleyman uzun illərdir əlini Sözün kürəyindən çəkmir.
Kürəyində Sözün yükünü çəkir…
Onu görmək istəyəndə adətən şeirlərini oxuyuram…
Şeirlərini oxuyanda Onu görürəm…
Vasif Süleyman özünü Sözdə, Sözdə Özünü tapan adamdı.
Yazdığı hər bir şeirinin vergülünə, nöqtəsinə kimi Özüdü…
Bu böyük Vəhdətin təməlində kiminsə nəfəsini, əl izlərini heç vaxt axtarmamışam. Çünki onu tanıdığım ilk vaxtlardan, həm də Sözü tanımışam…
On yeddi-on səkkiz yaşlı Vasif Süleymanı ilk dəfə necə görmüşəmsə, eləcə olduğu kimi illərin yuvarlaq təhdidindən üzü bu yana qoruya-qoruya gətirib çıxaran da Sözdü!..
Vasif Süleymanla əvvəldən ürək dostu olmuşuq. İndi həm də ruh qohumuyuq.
Poeziya Vasif Süleyman üçün həyatdı!
Vasif Süleymanın həyatı poeziyadı!
Hər sözündə, hər şeirində indiyədək yaşanmış ömrünün rəsmini çəkib. Bu tabloda sadə, təvazökar və səmimi bir insanın zaman-zaman payına düşə biləcək çox şeylər var: yanağı şehli yaz çiçəklərindən tutmuş xəzan vurmuş payız yarpaqlarınadək. Orada həyata meydan oxuyan sal qaya parşası kimi iradəli bir gənci də görə bilərsən, sal qaya parçası üzərində oturmuş müdrik qocanı da…
Bu tabloda həm də xəyanəti sədaqətilə, riyakarlığı dürüstlüyü ilə, nifrəti sevgisilə yenən və öz böyüklüyünü, öz bütövlüyünü sonadək fədakarcasına qoruyan bir insan yaşayır. Ən xoş günlərində dostlarına, ən ağır günlərində qüruruna sığınan insan!..
Vasif Süleyman həm də şeirlərilə qurub yaratdığı böyük bir məmləkətin sahibidi. O məmləkətə qədəm basanları Günəş salamlayar, Sevgi qarşılayar. Günəşi ilə, Sevgisi ilə böyükdü O…
Qulaq yaddaşımda ilk dəfə mənə oxuduğu o qədər şeirləri var ki. Hansından danışım, hansından söz açım, bilmirəm. Ancaq onu bilirəm ki, bu şeirləri sətir-sətir, bənd-bənd sonalamaq bəlkə də dünyanın ən böyük günahı olardı məndən ötrü. Çünki Vasif Süleyman Özü kimi, Sözü kimi bütöv insandı! Sözübütöv Şairdi!..
Vasif Süleyman mayası halallıqla yoğrulanlardandı. Onu öz dünyasının sərhədlərini hər zaman göz bəbəyi kimi qoruyan qəhrəman bir sərkərdə kimi gördüm. Poeziya səltənətində də belədi: haramı qapısının kəndarına yaxın buraxmayan, nəfsinə qalib gələn əsl söz xiridarıdı Vasif Süleyman! Sözə dəyər verən, amma Sözü satmayan, satışa çıxarmayan Söz xiridarı!..
P.S. Əziz dost! Sənin haqqında danışmaq şərəfdi! 55 illik yubileyin ərəfəsində bu şərəfi mənə yaşatdığına görə xoşbəxtəm. Qələmini bir anlıq yerə qoy! Kirpiklərimdən sallanan göz yaşlarıma yiyə dur! Onlar mənim bu yazıda sənə deyə bilmədiklərimdi…