İbrahim Tatlısəs başından yox, səsindən vurulub

İbrahim Tatlısəs başından yox, səsindən vurulub

Kulis.az Fərid Hüseynin “Səsindən güllələnən sənətkarın qayıdışı…” adlı yazısını təqdim edir.


İstedadın cəzası…

İstedad insana dost da qazandırır, düşmən də. Ancaq nədənsə istedadın qazandırdığı düşmənlər çox zaman dostlardan güclü çıxır. İstedadın dostlarının əli ancaq istedadın özünə, onun sahibinə, düşmənsə əli hər yerə çatır….

On bir il öncə İbrahim Tatlısəs başından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirildi. Ağır əməliyyatlardan sonra əlində, nitqində, yerişində fiziki qüsurlar yarandı. Amma o qismən sağalandan sonra anladıq ki, əslində o, başından yox, səsindən güllələnib…

Zirvədən zirvəyə

İbrahim Tatlısəs yenə şərqilər oxuyur, yeni-yeni mahnılar yazdırır. İndi onun özünə seçdiyi ən böyük zirvə, hədəf bir zamankı İbrahim Tatlısəsə – öz keçmişinə çatmaq, illər öncəki halına qayıtmaqdır. İnsan bir yerə gəlib çatır, ancaq dayandığı yerin fərqində olmur, anlamır ki, onun üçün ən ideal nöqtə elə qərar tapdığı məkanmış… Ernest Hemninqueyin “Klimancaro qarları” hekayəsinin ideyasını xatırlayıram: “Zirvədən zirvəyə yol yoxdur. Zirvəyə qalxdınsa mütləq enməlisən…”

İndi Tatlısəsi dinləyənlərin əksəriyyəti, bəlkə də, dəyişən, başqalaşan səsinin fərqinə varmırlar. Çünki onlar bu səsi əvvəlki səs ecazında duyurlar. Onu sevənlər öz yaddaşlarındaca sənətkarın təkrarsız avazlarının əbədi sakininə çevriliblər…

Keçmişi andıran…

4-5 il bundan əvvəl Tatarıstana getmişdim. Tatarıstanda Xalq artisti ilə söhbət edirdim. Dedi ki, onsuz da, şöhrətim ötən onilliklərdəki şöhrət deyil, amma insanlar, xüsusən, yaşlı nəsil məni çox sevir. Çünki mənə baxanda keçmişlərini xatırlayırlar, elə bilirlər ki, dünya elə həmin dünyadır, keçmiş əyyamdan az şey dəyişib.

Və mən onun keçmişi ilə parlayan gözlərindən ilhamlanıb bir şeir yazmışdım. Həmin şeir onun dediklərinin poetik təkrarı idi:

İndi sən qocalara cavanlığını,

cavanlara uşaqlığını xatırladan,

uzaq keçmişsən, həminki vaxtsan.

İnsan anlayışı bəzən zaman anlayışına çevrilir. İnsan öz əməyi, işləri ilə birgə bəzən zamanı ifadə edir. İbrahim Tatlısəs 1970, 1980, 1990, 2000, 2010-cu illər, yarım əsrlik musiqi tarixi deməkdir… Bir nəfərlik tarix…

Həmişə meydanda

Bir dəfə Türkiyəli görkəmli caz ustası, fərqli ifaları ilə Fransada və ayrı-ayrı ölkələrdə şöhrət qazanmış Senem Diyicidən müsahibə alırdım. Danışırdı ki, pərəstişkarlarım bəzən deyə bilmirlər ki, qocalmışam, yaşın artıb, əvəzində söyləyir ki: “biz sizin mahnılara uşaqlıqdan qulaq asırıq”. Tatlısəs də belədir, yaş üstünə yaş gəlib, illər nə qədər filmin, nə qədər tele-serialın, mahnıların, televiziya proqramlarının üstündən keçib. Onlardan dünəndə qalanlar da çoxdur, sabaha addımlayanları da. Amma neçə onillik səhnədə olan bir sənətkarın meydandan getməsi, səhnədən uzaqlaşması da asan deyil.

İdmançıların bir xoşbəxtliyi də odur ki, bəlli yaşda istədin-istəmədi kariyera səhnəsindən uzaqlaşır, ən uzağı məşqçi kimi öz peşələrini davam etdirir. Amma əslində, meydana kənardan baxan məşqçi öz ürəyində həmişə oyunçu olaraq qalır. Bu məsələ incəsənət adamlarında, sənətkarlarda belə deyil. Gərək özün həmişə meydanda olasan, baş qəhrəman kimi daim şəxsən özün çıxış edəsən.

Ürəyə dammalar…

İbrahim Tatlısəsin güllələndiyi gecə “Bəyaz Tv”dəki “İbo şou” proqramına baxıram. Bir neçə saat sonra öz əvvəlki həyatından sanki şüuraltı olaraq xəbərdar imiş. Sanasan bilirmiş ki, başı bəlalar çəkəcək. Danışır:

“Bu dəyərlərin qiymətini bilməsək biz gedəndə çox kədərlənəcəksiniz… 35 il ərzində mənə yazılmayan söz qalmadı. Mənim qədər heç kəsə ləkə yaxmadılar… Nəyin yolunda əlləşib-vuruşuruq? Nəyin üstündə öcəşirik? Hamımızın gedəcəyi yer bəllidir”.

İstedadlı adamlar sanki çox zaman aqibətlərindən xəbərdar olurlar. İranlı məşhur şairə Fürux Fərruxzadın anası Betül Vesiritebar müsahibəsində qızının öz aqibətindən irəlicədən duyuq düşdüyü barədə danışarkən deyir ki: “Füruğ ölməmişdən bir neçə gün qabaq evimizə gəldi və “anacan, bilirsən az qala öləcəkdim?” dedi. “Niyə, Allah göstərməsin” dedim. “Bir neçə adamla maşında idik, qəza oldu, hamısı yaralandı, amma mənim burnum da qanamadı”.Allaha çox şükür! Allah xatirinə, özündən muğayat ol, Füruğ” deyəndə cavabında söylədi ki: “Onsuz da, Allah deyən olacaq” sonrasa əlavə elədi: “Ana, əlini ver baxım”. Əlimi tutub baxdı. Öz əlinə də baxdı. “Mənim ömrüm çox gödəkdir, tez öləcəm. Amma sənin ömrün çox uzundu”. Dedim ki, “Füruğ, bu sözləri deməkdə məqsədim ürəyimi qırmaqdısa, çıx get. Belə ağzına gələni danışmağını eşitmək istəmirəm”. Qəhqəhə çəkib güldü: “Ana, inan ki, yalan demirəm”. Gedərkən “Anacan, bir fikirləş ki, bu yaxınlarda, məsələn, bazar ertəsi qəzetlərin birindən sənə zəng edib baş sağlığı versələr” deyəndə cavabında qayıtdım ki: “Füruğ and olsun ki, sən məni dəli edəcəksən, çıx get”. “Görəcəksən ki, sənə yalan demirəm”. Elə dediyi gün də maşın qəzasında düşdü və onu bir də görmədim”.

İbrahim Tatlısəs isə sanki “İbo şou”da özü-özüylə vidalaşırdı… O bir az sonra “öləcəkdi” və onun xatirələrini, səsinin “bir qismini”, alın yazısının savab və günahlarını daşıyan başqa bir İbrahim doğulacaqdı… özü demiş: “Gedəcəyi yer bəlli idi”.

İstinad tarixi

İbrahim Tatlısəsdən hansısa hadisədən danışanda “həmin olaydan sonra…” deyir və onu tanıyan hər kəs anlayır ki, söhbət 2011-ci ilin 14 martından – başından vurulduğu gündən gedir. İnsan həyatında elə ağır hadisələr olur ki, həmin hadisə onun ömrünün istinad tarixinə çevrilir. Məsələn, kimisə ömrünü vəzifəsini itirdiyi, yaxud vəzifəyə yiyələndiyi gündən hesablayır, kimisə sevdiyi bir insanı itirəndən, yaxud da xoşbəxt bir tarixdən sonra hesablayır…

Səsin seyri

2020-ci ilin 15 noyabrdan İbrahim Tatlısəs “İbo Şou”nu bərpa elədi. Və həmin tarixdən 9 il əvvəlki qonaqları – Dəniz Seki ve Kutsi – ilə qaldığı yerdən davam edir. O sanki hər dəfə mahnı oxuyanda sanki nəyisə axtarır. Onun axtardığı, əvvəlki, bənzərsiz səsidir. Hərdən elə əvvəlki ahəng ilə, gücü ilə, insanları heyrətləndirən boğazı ilə, gəzişmələri ilə, xırdalıqlarla yenə də möcüzələr yaradır. Amma bu çox çəkmir. Həmin məqamlarda o havadaca öz səsini görür. O oxuyarkən öz səsinin seyrinə çıxır… Sənətkar üçün ən gözəl mənzərə yaratdığı sənətinin mənzərəsidir… Hər sənətkar yaratdıqları ilə özünə kənardan baxa bilir. Sənət yaratmayanlara da sənətçilər kənardan baxırlar… Vay, heç bir yerdən görünməyənlərin halına…

Share: