İbrahimbəyovun üçbaşlı ilanı – Əsəd CAHANGİR yazır
Müstəqil.Az tənqidçi Əsəd Cahangirin son günlərdə müzakirələrə səbəb olan Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Qafqaz üçlüyü” filmi haqqında Artkaspi.az-da yayımlanan məqaləsini təqdim edir:
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında gürcü rejissoru Eldar Şengelayanın çəkdiyi, erməni-azərbaycanlı “dostluğundan” bəhs edən “Qafqaz üçlüyü” filminə görkəmli kinoşünasımız Ayaz Salayevin məqaləsi ilə tanışlıqdan sonra baxdım. Yazıçının, üstəlik də Xalq yazıçısının öz xalqının problemlərinə bu qədər ögeyliyi, tarixi ədalətdən bu qədər uzaqlığı, ilahi həqiqətə bu qədər biganəliyi məni, yüngül desək, təəccübləndirdi. Məkrli bir ermənipərəst mövqe sərgiləyən, xüsusi bədii-estetik dəyəri olmayan bu siyasi konyunktura nümunəsi məndə də çoxları kimi ikrah hissi doğurdu. Amma bunun bir idraki önəmi də oldu. Hamı kimi mən də bildim ki, Azərbaycan neçə illərdir öz qoynunda üçbaşlı ilan bəsləyirmiş. Əsl trio da elə budur – rejissorun gürcü ola, dilin rusca danışa, başın ermənicə işləyə. Azərbaycançılığın isə sadəcə adında qala. Və özünə Milli Şura kimi təntənəli ad qoymuş qurumun irəli sürdüyü vahid namizəd kimi Azərbaycanın Prezidenti olmaq sevdasına düşəsən.
Hörmətli Ayaz müəllimin filmi avtomat kimi yığıb-sökən, ən xırda psixoloji nüanslarına qədər şərh edən, özü də kifayət qədər məntiqi və inandırıcı şərh edən məqaləsindən sonra başlayan geniş müzakirəni “Qafqaz üçlüyü”nə ictimai baxışın nəticələri də saymaq olar. Nala-mıxa vuranları nəzərə almasaq, filmə münasibətdə bir-birinə zidd iki rəy sərgiləndi.
Olduqca böyük əksəriyyət Azərbaycan xalqını vəhşi, yırtıcı, qaragüruhçu, erməniləri isə mədəni, sivil, təzyiqə məruz qalan, haqqı tapdalanan tərəf kimi göstərən R.İbrahimbəyovu bu ədalətsiz mövqeyinə görə kəskin tənqid etdi. Onun Xalq yazıçısı fəxri adından məhrum edilməsi barədə haqlı çağırışlar səsləndi. Bu ittihamlara rahat, arın-arxayın cavabından göründü ki, “Qafqaz üçlüyü”nün ssenari müəllifi bütün bunların o qədər də umurunda deyil. Yəqin əmindir ki, özlərinin xüsusi təəssübkeşliyi ilə seçilən ermənilər onu Ermənistanın Xalq yazıçısı adına layiq görəcək, “naş Rustam” deyə çağıracaqlar.
Bəziləri isə filmin uzaqdan gəl-gəl deyən ermənipərəst mövqeyini malalamağa, hətta bu siyasi konyunktura örnəyinin Azərbaycanın mənafeyinə xidmət etdiyini qəribə bir həyasızlıqla “sübut etməyə” başladılar. Bununla da özlərinin guya “vicdanlı”, “obyektiv”, “ağıllı”, “cəsarətli” olduqlarını, “kütləyə” qoşulmadıqlarını nümayiş etdirdilər. Fərqində olmadılar ki, bu kütlənin yox, xalqın özünün filmə münasibətidir. Başa düşmədilər ki, təkcə filmə yox, Qarabağ münaqişəsinə də “Qafqaz üçlüyü”nün qəhrəmanlarından biri – Bakıda doğulub böyüyən, sonra Moskvada göz həkimliyi edən Eduard Ağayanın oftalmoskopu ilə baxırlar. Ona görə filmdəki olayları ermənicə görür, ermənicə şərh edirlər. Burda bircə detal çatışmır ki, Ağayan eynən öz pasiyentləri ilə etdiyi kimi, onların da alnından zarafatyana bir yumruq vurub ürəyində, – “Ay gic musurman!” – desin.
Film Ə.Əylislinin “Daş yuxular” romanını xatırladır. Roman da, film də ermənipərəst mövqe sərgiləyir. Hər ikisi öz müəlliflərinin karyerist ambisiyalarının təmin olunmamasından doğan qisas hissindən yaranıb. Ə.Əylisli niyə məni AYB-yə sədr qoymadılar, R.İbrahimbəyov isə niyə məni ölkəyə Prezident seçmədilər deyə narazıdır. Hər iki müəllif Nobel eşqinə görə, öz xalqına, dövlətinə, tarixi həqiqətə, haqqa-ədalətə böhtan atır. Ermənilər klassik metropoliyalar dövründə olduğu kimi torpaqları tutmaqla kifayətlənməyib, postmodern dövrün ruhuna uyğun qafaları da tuturlar. Beyin işğalı prosesi gedir, özü də adi, sıradan bir şeylər yox, seçilmişlərin beyni. Ə.Əylislidən sonra R.İbrahimbəyovun da beyni erməni işğalına məruz qaldı. “Daş yuxular” kimi “Qafqaz üçlüyü”nü də ermənilər yəqin ki Azərbaycan əleyhinə təbliğat üçün əllərində bayraq eləyəcəklər.
Amma bu erməniada nümunələri arasında bir fərq var. “Kənd yazıçısı” Ə.Əylisli “şəhər yazıçısı” R.İbrahimbəyov kimi çoxbilmiş deyil, pişik başı bəzəmir, öz fikrini xarakterinə uyğun avantürizmlə birbaşa, çılpaq deyir. Ermənipərəst mövqeyini gizləməyən romandan fərqli olaraq, film özünün hər detalı ilə ssenaristin də, rejissorun “qərəzsiz”, “obyektiv həqiqət” iddiasından xəbər verir: “Görürsünüz, biz necə obyektiv, ədalətliyik, heç bir tərəfə qahmar çıxmır, həqiqəti dəstəkləyirik. Bir-birini qıran bu tərəflər arasında biz də öz qəhrəmanlarımız kimi istisnayıq”. Amma bu, eləcə iddia olaraq qalır. Çünki filmin binası, bünövrəsindən əyri qoyulub və sonradan özünü nə qədər “obyektiv” göstərsən də, bu əyrini düzəldə bilməzsən.
Nədir bu Rüstəmbəyov əyrisi? Ola bilərmi Azərbaycanın Xalq yazıçısı erməni-azərbaycanlı münaqişəsindən film çəkib Qarabağ konfliktinin üstündən sükutla keçsin, bu qarşıdurmada müqəssir kimdir, Qarabağ kimə məxsusdur suallarına cavab verməsin? Niyə axı, R.İbrahimbəyov bu qədər taleyüklü məsələlərdən yan keçib, hansısa bir erməninin Bakıya rahat gəlib-getməsini öz filminin mövzu, problem, ideyasına çevirməlidir? “Mən başa düşmürəm ki, bunlar necə adamlardır. Biri deyir Qarabağı verin bizə, o biri deyir vermərik” deyən, bununla da duru suyu bulandırıb, ermənilərlə yanaşı azərbaycanlıları da günahlandıran Qorbaçovla Xalq yazıçısının fərqi nədədir?
Ən pisi isə odur ki, neytralitet mövqeyi Qorbaçov kimi İbrahimbəyovda da sırf zahiri, saxta xarakter daşıyır. Birincisi ona görə ki, məsələyə neytral yanaşmanın özü münaqişəyə səbəb olan tərəf kimi artıq erməninin xeyrinədir. İkincisi, “Qafqaz üçlüyü”nün o qədər də gizli olmayan simvolikası göstərir ki, İbrahimbəyov hətta bu mövqedə belə dayanmayıb, tərəzini əl altından ermənilər tərəfə əyir.
Filmdə Qarabağ konfliktini işarələyən üç obraz var: erməniləri Eduard Ağayan, azərbaycanlıları Kamil, Qarabağı isə Ağayanın rus qadınından doğulan və Kamil tərəfindən böyüdülən oğlu Timur simvolizə edir. Yəni onlar Timura şəriklidir – biri doğma ata, ikincisi isə onu böyüdüb boya-başa çatdıran atalıq kimi. “Kimin Timura haqqı daha çoxdur” sualı “Qarabağ kimin olmalıdır” sualına rəmzi işarə kimi səslənir. Timuru Eduardın oğlu kimi təqdim etmək İbraimbəyovun kino dilində “Qarabağ ermənilərin doğma torpağıdır” anlamına gəlir. Timurun gələcək taleyinin məhz Moskva ilə bağlanması zərurəti Qarabağ konfliktinin çözülməsində Rusiyanın həlledici roluna ruspərəst İbrahimbəyovun kinematoqrafik işarəsidir. Kamilin Timurdan könüllü surətdə əl çəkməsi, “Bundan sonra oğlumun həyatının təhlükəsizlikdə olacağına əminəm”, – deyə onu Eduarda bağışlaması Qarabağ məsələsinin həlli ilə bağlı İbrahimbəyovun gizli arzusudur. Əgər prezident olsaydı, yəqin ki, o, bu gizli arzusunu aşkar edəcək, öz qəhrəmanının səxavətini daha geniş miqyasda təkrar edəcəkdi.
Filmdə İbrahimbəyovun özünün də simvolik obrazı var. Bu, Eduardın dostu, institut direktoru, siyasi cəhətdən müxalif yönlü çıxışlar edən Fərhaddır. Fərhadın kabinetindəki stolun üstündə bardaş qurub oturmuş Buddanın heykəlciyi qoyulub. Balaca Budda erməni-azərbaycanlı münaqişəsi də daxil olmaqla dünyanın bütün “mənasız”, “cəfəng” işlərinə dayanmadan başını yelləyir: “Ay, ay, nə deyim sizə, axı, bu fani dünyada bir parça torpaq üstündə niyə bir-birinizi qırırsınız?” Əgər nəzərə alsaq ki, heykəlcik Fərhadın, Fərhad isə müəllifin təcəssümüdür, onda belə çıxır ki, İbrahimbəyov bu münaqişədə özünü hadisələrə yuxarıdan baxıb başını bulayan Budda rolunda görür. Filmin simvolikasının yuxarıdakı açılışları isə bu “buddist mövqeyin” sadəcə bir maska olduğunu kifayət qədər aydın göstərir.
Buddizm bütpərsətlikdir və Allahı itirmiş adamın bütpərəstliyə yuvarlanması məntiqidir. Amma məsələ bununla bitmir. Bütpərəstliyin ən pis növü özünü bütə çevirməkdir. Təkcə bu heykəlcik simvolu ilə yox, bütün film boyu R.İbrahimbəyovun özünü bütləşdirmək cəhdi aydın görünür. O, filmin personajlarından birinin dili ilə özünü hətta açıq-aşkar tərifləyir də: “Rüstəm İbrahimbəyov? Əla dramaturqdur! Bax, belə!” Prezident olmaq cəhdinin özü də İbrahimbəyovun özü haqqında real əsası olmayan, şişirdilmiş təsəvvürlərə düşməsinin bir əlamətidir.
Bir sözlə, “Qafqaz üçlüyü” İbrahimbəyovun reallıq hissini itirdiyini göstərir. Amma, təəssüf ki, təkcə Ə.Əylisli və R.İbrahimbəyov yox, bir sıra adlı-sanlı yazıçılarımız yaşları artdıqca müdrikləşmək əvəzinə, kələfin ucunu itirir, öz karyerist ambisiyalarını hər cür ümummilli maraqların fövqünə qoyur, özlərini bütləşdirirlər. Onlar fərqində deyillər ki, kabinetlərindəki stolun üstünə Budda heykəlciyi qoymaq bir şey, Budda kimi daxilən nurlanmaq isə tamam başqa şeydir. “Qafqaz üçlüyü” filminin Azərbaycan yazıçıları tərəfindən çoxmənalı sükutla qarşılanması özü də bir daha təsdiq edir ki, R.İbrahimbəyov heykəlcik xəstəliyinə yoluxan sadəcə, ikinci yazıçıdır, qalanlarından Allah qorusun.