Bakının Salatın Əsgərova küçəsində “Malibu Rezidens” şirkətinin apardığı tikinti zamanı binanın bünövrəsi qazılanda tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol aşkarlanıb.
AMEA Tarix İnstitutunun direktor müavini Cəbi Bayramov Teleqraf.com-a bildirib ki, tarixi abidələrin yerləşdiyi ərazilərdə tikinti işləri aparmaq üçün Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası Arxeologiya Etnoqrafiya İnstitutunun rəyləri alınmalıdır:
“Bunun tarixi abidə, dövlət əhəmiyyətli bina olub-olmaması yoxlanılmalıdır. Tədqiqat işləri aparıldıqdan sonra tikinti, yaxud qazıntı işlərinin aparılmasına icazə verilməlidir”.
Qanunvericiliyə görə, tikinti işləri zamanı şəxsi mülkiyyətə daxil olan ərazidə hər hansı tarixi abidə, maddi mədəniyyət nümunələri aşakar olunarsa müvafiq dövlət orqanlarına məlumat verilməlidir.
Həmçinin, rəsmi dövlət nümayəndələrinin mütəxəssilərindən ibarət qrup əraziyə baxış keçirməlidir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Qasımov deyir ki, tarixi-arxeoloji baxımdan mühüm əhəmiyyətli ərazi, yaxud bina varsa, orada arxeoloji qazıntılar aparılmalı, arxeoloji məna ehtiva etdiyi halda ərazi qorunmalıdır. Mülkiyyət sahibinə kompensasiya ödənilməlidir:
“Baxış keçirilən ərazinin tarixi əhəmiyyət məna kəsb etmədiyi məlum olarsa, ora qısa müddətdə mülkiyyətçinin ixtiyarına qaytarılır. Ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşı, hüquqi və fiziki şəxs tarixi önəmi olan əşya, tapıntı aşkarlayarsa müvafiq dövlət orqanlarına xəbər verməlidir”.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri Qoşqar Qoşqarlı deyib ki, tikinti şirkəti 1 hektardan böyük ərazidə inşaat işləri apararsa, ora arxeoloji baxış keçirilməlidir: “Hər bir şirkət müvafiq qanunvericiliyə uyğun addım atmalıdır”.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, Salatın Əsgərova, Rəsul Rza, Şamil Əzizbəyov və Mərdanov qardaşları küçələrinin perimetri daxilində çoxmərtəbəli binanın özülünün qazıntısı zamanı tarixi əhəmiyyət daşıdığı ehtimal edilən maddi nümunələr aşkar olunub. Hazırda ərazi Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. Tikinti işləri dayandırılıb. Arxeologiya İnstitutunun mütəxəssisləri araşdırmalara cəlb olunub: “Son qərar mütəxəssislərin rəyi əsasında veriləcək. Ərazidə tarixi və memarlıq əhəmiyyətinə malik olan abidələr aşkarlanarsa, tikinti işlərinə qadağan ediləcək”.
Qeyd edək ki, Bakının Salatın Əsgərova küçəsində “Malibu Rezidens” şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılıb.
Tapıntıların qədim dövrlərə aid tarixi abidənin qalıqları, yeraltı yolun isə “İçərişəhər”ə və ya “Qız Qalası”na gedən gizli yol olduğu ehtimal edilir. Sonradan tikinti şirkəti qazılan ərazinin üzəri torpaqla örtərək, gizlədib.
Ərazidə tikinti aparan şirkətlə əlaqə saxlmağa çalışsaq da şirkət açıqlama verməkdən boyun qaçırdı.