Bu dəqiqələrdə KİV-lər Polşa Hərbi Hava Qüvvələrinin içərisində ölkə silahlı qüvvələrinin komandanlığının nümayəndələrinin olduğu Boeing-737-86X təyyarəsinin qaçırıldığı haqda xəbərlər yayıblar. Xəbəri ilk dəfə açıq mənbələr vasitəsilə təyyarələrin hərəkətini izləyən OpenSky Network saytı yayıb, daha sonra digər KİV-lər tərəfindən tirajlanıb.
Bildirilir ki, təyyarə Polşanın Çexiya ilə sərhədinə yaxın uçarkən pilot efirə “7500” siqnalını ötürüb. Bu, təyyarənin qaçırıldığı deməkdir. Bundan sonra heyətlə əlaqə kəsilib, təyyarə isə Avropa İttifaqının qərb sərhədlərinə, Atlantik okeanı sahillərinə tərəf istiqamət alıb. Daha sonra ümumiyyətlə, təyyarənin uçuşunu hamı üçün əlçatan olan monitorinq sistemləri vasitəsilə izləmək mümkün olmayıb.
Təyyarənin göyərtəsində neçə nəfərin olduğu məlum deyil, hələlik insidentlə bağlı Polşa rəsmilərindən heç bir şərh verilmir. Bəzi jurnalistlər ehtimal ediblər ki, əslində bu insident Polşada bir neçə gündür davam edən hərbi təlimlərlə əlaqəli ola bilər. Lakin bu barədə də rəsmi məlumat yoxdur.
Xəbər yenilənəcək…