İçimdə kədərdən özgə heç nə yoxdur

İçimdə kədərdən özgə heç nə yoxdur

Kulis.az Orxan Həsəninin “İçimdə kədərdən özgə heç nə yoxdur” adlı yazısını təqdim edir.

Oturub yağışı gözləyirdim.

“İçimdə kədərdən özgə heç nə yoxdur” – yağış yağınca bu cümlə ürəyimin ən yuxarı mərtəbəsində cana gəlib özünü boşluğa atdı. Parpar alışan rəngli işıqlar, vitrinlər, maşın siqnallarının fasiləsiz çığırtısı, qara buludların arxasınca öləziyən cansız, taqətsiz günəş, tələskən adamların tələskən addımları, nəfəslə isinən, ciblərə sığmayan əllər, eyni çətirə qısılan burnu qırmızı, sifəti qırışlı qocalar, çiskinin sərin-sərin yerdə gölməçələnməsi, ayaqqabıların bəbir qovan ceyran ayağı kimi gölməçəyə tez dəyib, tez çəkilən təması və artırmalara yığılan adamların siqaretə güc gəlməsi, ləzzətlə dartması və tüstünün yağmura qarışıb itməsi – bəli, bu payızdır və payızı düşündükcə bir cümlə ürəyimin ən yuxarı mərtəbəsində cana gəlib özünü boşluğa atır. “İçimdə kədərdən özgə heç nə yoxdur.”

Bu gecə dostumu qürbətə yola salacam.

Yağış məni yüngülləşdirmişdi. Addımları diri atır, avtobusa tələsirdim. Alov qurdu kimi küçə boyu uzanan tıxaclar min maşını bir maşın kimi göstərirdi. Payızın erkən düşən axşamı hündür binaların arasına duman olub soxulurdu. Qaranlığın soxulmasıyla küçə fənərləri alışır, birinci mərtəbədəki mənzillərin işığı pəncərəni yarıb küçəyə düşürdü. O pəncərlərin arxasındakı isti münasibətlərin, bir-birini qucan ürəklərin alovunu duyurdum. İnsanı vətənə bağlayan doğmalarıdır. Onlarsız nə küçənin qiyməti var, nə evin canı var, nə şəhərin ruhu.

Yalnız onlara məhəbbət və bağlılıq torpağı vətənə çevirir, şəhərləri xatirələrinin paytaxtı edir. Yalnız onlara məhəbbət və bağlılıq həyatı unutdurur, ciddi həqiqətləri bayağı münasibətlərlə əvəzləyir, yaşamaq yükü yüngülləşir, nəfəs alırsan, dincəlirsən, dinirsən və gecə gözlərini arxayınca qapayırsan, səhərə həvəslə oyanırsan. Sevgi ən original əsarət növüdür. Qollarını könüllü qandallayırsan, həyatdan razı olursan. Bir azdan qürbətə yola düşəcək dostumu düşündükcə yaddaşım qıcıqlandı və axşam gördüyüm yuxunu xatırladım. Yuxuda görmüşdüm ki, bir ilan bir gombul qurbağanı udmaq istəyir. Qurbağanın ayaqları ilanın ağzında sallanmışdı. Mən qurbağanın ayaqlarını qıdıqladım və onu həyatın son anında gülməyə vadar elədim.

Doğrudan da, yağış məni yüngülləşdirmişdi. Hətta o dərəcədə yüngülləşmişdim ki, bəzən məndə belə bir arzu oyanırdı; istəyirdim qəflətən dilimi çıxarıb adamlara göstərim.

Yolu keçərkən asfaltın kənarında maşın vurmuş ana pişik gördüm. Pişiyin başı xıncım-xıncım olmuş, yola yapışmışdı. O, ölüm haqqında düşünmədən, bunu hiss eləmədən, hazırlaşmadan ölmüşdü. Onu elə yaxalamışdı ki, ölümün həyatın davamı olduğuna inanmamaq üçün heç bir əks arqument qalmamışdı. Ölüm haradasa A nöqtəsindən B nöqtəsinə getmək və orada əbədi gözləmək idi, bir otaqdan başqa otağa keçmək idi, paltar, geyinmək, televizorda kanalı dəyişmək idi, səni arxadan çağıran səsə çevrilib baxmaq idi. Ölü pişiklər ilə diri pişiklər bir-birinə bənzəyir, ölü insanlarla diri insanlar isə bir-birinə bənzəmir. Bəlkə də, buna görə babam öləndə və mən onun ölü çöhrəsini görəndə tanımadım. Babamı tanımamağım əhvalımı təlx elədi.

Avtobus gəlmək bilmir, dayanacaqdakı səbrsiz adamlar tez-tez saatı yoxlayırdılar. Birdən dayanacağın arxasındakı sıx kolluqdan üç bəyaz pişik balası çıxıb başı xıncım-xıncım olub asfalta yapışan ana pişiyi yanladılar və onun süd dolu döşlərini acgözlüklə əmdilər.

İçimdə kədərdən özgə heç nə yoxdur və bir azdan dostumu qürbətə yola salacam.

Dostumla görüşdüm və yağışda islandıq. Mənə siqaret təklif elədi. Nəzakətlə geri çevirdim. Siqareti tərgitmişdim. Doğrudan da, düz doqquz aydır damağıma siqaret dəymir. Arada yuxularımda siqaret çəkirəm. Yuxuda siqaret çəkəndə xoşbxət oluram.

Dostum birdən dayandı və barmağını hündürmərtəbələrdən birinə tuşlayıb dedi:

“Bakının hər tərəfi xatirələrlə doludur. Bu şəhərdə addımlamaq, ömür sürmək, ili il arxasınca xərcləmək mənim üçün təsəvvür edə bilməzsən ki, necə çətindir. Elə bil xatirələr üstümə yüyürür. Elə bil ayağımdan daş asılıb. Bax bu binanın on səkkizinci mərtəbəsində beş il sevgili olduğum qadın indi ərdədir. Beş ilimi ona qızıl teştdə sundum. Sonra ayrıldıq və açığı, bilmirəm bu necə baş verdi? Axı nə əhəmiyyəti var? Sevmək üçün bir səbəb bəs edir, ayrılmaq üçün isə minlərlə səbəb var. İnsan bütün əməllərinə, addımlarına, səhvlərinə bəraət qazandıra bilər. Əvvəl-əvvəl tez-tez gəlib-gedirdim. İndi ayağım kəsilib. Biz gəlib bu yerə necə çatdıq axı? Yaman işə düşdük. Gərək bu küçədən keçməzdik”.

Mən onun söhbətini diqqətlə dinlədim və yağışın məni yüngülləşdirdiyini bir daha hiss elədim. Dostumun göstərdiyi binanın birinci mərtəbəsi mebel mağazası idi. İşıqlı vitrindən rahat mebellər, çarpayılar gözə dəyirdi. Güzgülər, şkaflar, masalar da adamı yaşamaq üçün həvəsə gətirirdi. Reklam lövhəsində mağazanın adı və adın aşağısında bircə cümlə yazılmışdı: “Hər ev gözəldir”.

Bəli, hər ev gözəldir və içimdə kədərdən özgə heç yoxdur. Dostumla vidalaşdım və onun qulağına Konstantinos Kavafisin bir şeirini pıçıldadım. Şeir belə idi:

Sən dedin: “Mən başqa ölkəyə başqa sahilə gedəcəm,

Bu şəhərdən daha yaxşısını tapacam.

Mən nə edirəmsə, tale hamısını tərs çevirir

Və mənim qəlbim meyit kimi cansızdır.

Hara gedirəmsə, hara baxıramsa,

həyatımın qara viranələri gözümə dəyir.

Bax mən burada neçə-neçə illərimi məhv etmişəm.

Axı nə qədər mənim ruhum burada çürüsün?”

Sən nə yeni ölkə tapacasan, nə də yeni sahil.

Bu şəhər həmişə səni izləyəcək.

Sən bu küçələrdə addımlayacaqsan,

bu məhəllələrdə yaşlanacaqsan,

bu evlərdə saçlarına dən düşəcək.

Sən bu şəhərdə ömrünü başa vuracaqsan

Başqa yerlərə ümid etmə:

Səni aparmağa nə bir gəmi var, nə də sənin getməyin üçün bir yol.

Əgər sən həyatını burada, bu kiçik yerdə zay etmisənsə,

Sən onu hər yerdə zay edəcəkdin.

Share: