Aida Adıgözəl
Yandırılmış körpülər
Hey gidi günlərim, gidi günlərim …
niyə kiçik ikən uşaq öldünüz ?
Heç soruşmadınız , sual vermədiz
niyə boy atmayıb böyümədiniz?
Qanadlı mələkdim sanki səmada …
hələ qırmamışdın qanadlarımı.
Ver mənim tərtəmiz saf, büllur kimi
o məsum baxışlı xəyallarımı.
Sanki Alisa tək saf bir uşaqdım ,
necə inanırdım möcüzələrə…
Sehrli çubuqdum sanki əlində ,
“əlim dəyən kimi dön” tilsimlərə .
Ver mənim o dürüst , doğru danışan
o səcdə qıldığım oyuncağımı ,
o kiçik dar evdə unutduğumuz …
Elə bəxtəvərdik , elə nadincdik
mənim yadımdadı yumru saatı
bilmədən aşırıb sındırdığımız .
Yalansız filansız çox xoşbəxt idik…
bəlkə də mən səni elə bilirdim ?!
Demə Canavarı Şəngülüm bilib
inanıb üzünə saf saf gülürdüm !
Sən demə mövsümdə təkcə ərikmiş …
Bəlkə də günahı Qırmızı papağın
meşəyə tək tənha getməyindəymiş.
İndi dəfn edirəm nağıllarımı…
ürəyim ruhuma baxıb ağrıyır,
ruhum ürəyimi sıxıb ağlıyır .
Yıxılıb tikdiyim o doğru heykəl ..
bilmirəm aparıb harda basdırım .
Yox daha deməcəm qayıt geri gəl !!!
23.11.2019
Şahidsiz ağrılar
Sən hələ təzəsən, yaran istidir ,
hələ darıxmağın ,ağlamağın var .
Hələ leysanları, qəlb fırtınası,
hələ ləpələrdə boğulmağın var.
Gecələr divara üzünü tutub ,
hələ öz özünə danışmağın var.
İçində nə boyda məhkəmə qurub ,
Cavabsız suallar soruşmağın var.
Hələ korun korun ağrılarından
kömürsüz , kösövsüz tutuşmağın var.
Ürəyin yananda su əvəzinə
od töküb üstünə alışmağın var .
Nə çox şey öyrətdin mənə əzizim…
sənə minnətdaram bütün qəlbimlə :
sevməyi ,
küsməyi
hələ
susmağı ,
içində danışıb hey qarasına ,
görəndə lal olub bağışlamağı…
Hirslənib üstünə ad fikirıəşib :
yalançı ,saxtakar, vədlər goplayan .
Nə bilim cürbəcür adlar düşünüb :
bıçağı arxadan gizli saplayan …
Hərdən hirsin yatar bağışlayarsan
udarsan zəhərin sancılarını .
Hərdən olanları yadına salıb ,
tutarsan qürurun qırmanclarını .
..Biri əlin çatmaz lap uzaqlarda
qəlbində, gözündə ,ruhunda ölər.
İçində dəfn edib yasın tutarsan
xatirən boylanıb üzünə gülər.
24.11.2019