İcra başçılarının pulu kəsilir – rayonları necə dolandıracaqlar?

İcra başçılarının pulu kəsilir – rayonları necə dolandıracaqlar?

Regionların mövcud potensiallarına adekvat həcmdə sərmayə cəlb edə bilməməsinin əsas səbəblərindən biri yerli icra hakimiyyətlərinin investisiya strategiyasına malik olmamalarıdır.

Rəsmi məlumata əsasən, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

Gələn il büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb.

Qeyd edək ki, rayonların dövlət büdcəsindən mərkəzləşmiş şəkildə vəsait ayrılmaması son illərdə müşahidə olunur. Xüsusilə son 3 ildə büdcədən mərkəzləşmiş vəsait almayan rayonların sayı iki dəfədən çox artıb.

Müstəqil.az “Yeni Müsavat”a istinadla xatırladır ki, rayonların özünü maliyyələşdirməsi, xarici investisiyanın cəlb edilməsi ilə bağlı hələ bir neçə il əvvəl Prezident İlham Əliyev yerli icra başçılarının qarşısında vəzifə qoymuşdu. “Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər”, – deyə Prezident son müşavirələrin birində demişdi.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin ilk rübündə ölkəyə 3 milyard 77 milyon manat investisiya yatırılıb. Bu investisiyanın 69 faizi, yəni hər 3 manatdan 2-si Bakı və Abşeron yarımadasına yönəlib. Eyni vəziyyət kredit qoyuluşlarında da müşahidə olunur. Mərkəzi Bankın rəsmi statistikasından aydın olur ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 15 milyard 538 milyon 703,6 min manat təşkil edib. Bu qoyuluşların 12,1 milyard manatı Bakının payına düşüb.

Göründüyü kimi, sərmayələrin, kreditlərin bölgüsündə regionların payı olduqca aşağıdır. Bu isə bölgələrdə iqtisadi fəallığın Bakıya nisbətən kəskin aşağı olduğunu, sahibkarlığın zəif inkişaf etdiyini göstərir. Halbuki son 15 ildə ölkədə regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqram həyata keçirilməkdədir. Rəsmi rəqəmlərdə bu proqramlar çərçivəsində 200 milyard manat vəsaitin xərcləndiyi açıqlanır. Lakin hələ ki, regionların öz potensiallarına uyğun inkişafından danışmaq mümkün deyil.

Regionların mövcud potensiallarına adekvat həcmdə sərmayə cəlb edə bilməməsinin əsas səbəblərindən biri yerli icra hakimiyyətlərinin investisiya strategiyasına malik olmamalarıdır. Yerli icra strukturları tərəfindən investorların diqqətini cəlb edə biləcək addımlar, onlarla görüşlər, yerli və xarici sərmayədarlar üçün təqdimatların keçirilməsi ilə bağlı informasiyalara çox az hallarda rast gəlmək mümkündür. Əvəzində hər bir rayonda icra başçılarının böyük biznes şəbəkəsi qurulur. Son illərdə həbs olunan ona yaxın icra başçısının dosyesində onların rəhbər olduqları rayonlarda kənd təsərrüfatından tutmuş, sənaye istehsalına qədər çoxsahəli biznes subyektlərinin olduğuna dair konkret faktlar, rəqəmlər əksini tapır. İcra başçıları rayonlarda öz bizneslərinə üstün şərtləri təmin etmək üçün ən müxtəlif qanunsuzluqlara gedirlər: məhdud su resurslarını öz əkinlərinə yönəltməkdən tutmuş, rayonda iş qurmaq istəyən, yaxud onun diqqətini cəlb edən sahədə artıq işləyən sahibkarları sıxışdırıb kənara atmağa qədər…

Prezident İlham Əliyev: Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini

Prezident İlham Əliyev də dəfələrlə məmurların, xüsusilə də yerli icra hakimiyyəti başçılarının biznesə əngəl yaratmasından danışıb: “İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz… Haqsız rəqabət, bu da bizim üçün böyük problemlər yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var”. Dövlət başçısı qeyd edib ki, onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər: “Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz”.

Prezidentin xəbərdarlıqlarına baxmayaraq, bu gün rayonlarda icra başçılarının biznes maraqlarının azad sahibkarlığın inkişafı qarşısındakı əsas maneə rolundan kənarlaşdığını söyləmək hələ də mümkün deyil. Bütün bunların fonunda, büdcədən mərkəzləşmiş qaydada vəsait almayan rayonlar necə dolanır? Onların xərcləri hansı mənbələr hesabına qarşılanır?

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, hansısa rayonun büdcədən vəsait almadan öz xərclərini qarşılaması qeyri-mümkündür: “Deyirlər, rayonlara büdcədən vəsait ayrılmır. Bəs rayonlara orta təhsilə, səhiyyənin saxlanmasına, aqrar sektorun inkişafına, mədəniyyət-idman tədbirlərinə, yol-nəqliyyat infrastrukturunun saxlanmasına, sosial müdafiənin maliyyələşdirilməsinə dövlət büdcəsindən vəsait ayrılır, yoxsa ayrılmır? Əgər ayrılırsa, ”rayonların tam özünümaliyyələşdirməsi” deyəndə bu xərclər nəzərə alınmaq şərtiləmi bölgələrin maliyyə müstəqilliyi səviyyəsi müəyyən edilir? Axı maliyyə müstəqilliyi yalnız icra başçılarının öz aparatını və JEK-ləri saxlaması ilə müəyyən edilmir. İndiki halda bizim hökumət “özünümaliyyələşdirmə”ni yalnız bu xərclərin çərçivəsi ilə məhdudlaşdırır. Dünyanın hansı ölkəsini idarə edənlərin təcrübəsində, maliyyə avtonomiyası ilə bağlı hansı nəzəri ədəbiyyatlarda belə yanaşma var”?

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli də bildirir ki, reallıqda rayonların əksər xərcləri büdcədən maliyyələşdirilir: “Azərbaycanda vergi və rüsum mərkəzləşdirilmiş yığılır (bir tək bələdiyyələrin kiçik həcmli rüsum və vergi toplamaq ixtiyarı var, amma bu ayrı mövzudur və rəqəmlər cüzidir). Belə olan təqdirdə, ”filan rayon özünü maliyyələşdirir” nə deməkdir?! Haradan alır vəsaiti?! Bəyəm təhsilə, səhiyyəyə, təhlükəsizliyə, infrastruktura və s. sahələrə rayon pul qazanıb-ayırır?! Təbii ki, yox, bəs bu nə xəbərdir yayılır?! Öz fikrimi deyə bilərəm: Azərbaycan hökumətinin ən çox sevdiyi məsələlərdən biri rəqəmlərlə oynamaqdır. Prezident son çıxışlarında, “rayonlar özləri-özlərini dolandırmalıdlr” deyib, hökumət də həmin “rəqəmlərlə rəqs etməyə” girişib – sadəcə, kağız üzərində bəzi hesablama qaydalarını dəyişiblər – vəssalam. İndi də çıxıb Prezidentə deyəcəklər ki, siz dediniz, biz əməl etdik – amma dəyişən bir şey yoxdur, dəyişməsi mümkün də deyil”.

Ekspertin sözlərinə görə, rayonların özünü dolandırması üçün yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri genişləndirilməlidir: “Hazırda rayon icra hakimiyyəti başçılarının elə səlahiyyətləri yoxdur ki, xaricdən kimisə öz rəhbəri olduğu rayona investisiya qoymağa dəvət etsin, yaxud buna şərait yaratsın. Bu işlər mərkəzi orqanların səlahiyyətindədir. İcra hakimiyyəti başçıları rayonlarda özlərinə və yaxınlarına biznes qurmaqla məşğul olur. Buna görə də regionlarda bələdiyyə institutu güclənməli, icra hakimiyyəti ləğv edilməli, bələdiyyələrin müstəqil büdcəsinin formalaşdırılması qaydaları müəyyən edilməli, istənilən bələdiyyə ərazisindən toplanan vergilərin bir hissəsi onlarda qalmalıdır. Məsələn, ƏDV 18 faizdir, hər hansı bir bələdiyyə ərazisindən toplanan ƏDV-nin 3 faizi həmin bələdiyyənin büdcəsinə gedir, mənfəət vergisinin 3 faizi yenə bələdiyyənin büdcəsinə daxil olur, bələdiyyələr kommunal və nəqliyyat xidmətləri göstərib pul qazanır və s. Bələdiyyələr iqtisadi gücə malik subyekt kimi formalaşmasa, rayonlarda investisiya cəlbediciliyinin artmasından danışmaq mümkün deyil”.

Belə bir sistem qurulmadan, “flan rayon özünü dolandırır” fikri mifdir, baş aldatmaqdır, söz və rəqəm oyunudur…”

Share: