İdmançımız Avropa çempionu oldu

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Portuqaliyanın Funşal şəhərində təşkil olunan sprint üzrə Avropa kuboku finalında qızıl medal qazanıb.

Müstəqil.Az xəbər verir ki, təmsilçimiz 58 idmançının mübarizə apardığı yarışı 52 dəqiqəlik nəticə ilə başa vurub. R.Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 57 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 9 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi – 5 kilometrlik qaçış zolağını təmsilçimiz 14 dəqiqə 56 saniyə nəticə ilə tamamlayıb.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 2 dəqiqə 47 saniyəlik nəticə ilə 10-cu olub.

Qeyd edək ki, idmançılarımız “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edirlər. Onlar dünya və Avropa çempionatları, dünya və qitə kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.

Müstəqil.Az

 

 

Share: