IELTS imtahanına təşviqlə bağlı əməkdaşlıq müqaviləsi imzalandı — Fotolar

IELTS imtahanına təşviqlə bağlı əməkdaşlıq müqaviləsi imzalandı — Fotolar

Bu gün Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 6 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” əməkdaşlıq müqaviləsi imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Elm və Təhsil Nzirliyi məlumat yayıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Muxtar Məmmədov ali təhsil müəssisələrində ingilis dilinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. Nazir müavini qeyd edib ki, bu, keyfiyyətli elmi məqalələrin yazılması, dövlətlərarası önəmli akademik layihələrdə fəal iştirakın təmin edilməsi, elmi-pedaqoji heyətin qabaqcıl ölkələrin təcrübəsindən yararlanması və nəticədə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” komponenti üzrə nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasına xidmət edəcək.

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov fondun ümumi fəaliyyəti, strateji hədəfləri, həmçinin tamamlanma mərhələsində olan digər təşəbbüsləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Elnur Nəsibov bu layihənin fondun ali təhsil müəssisələri ilə tərəfdaşlıq, elmi jurnal, nəşr və dərsliklərin hazırlanmasında universitetlərə dəstək və akademik mobillik proqramlarının həyata keçirilməsi üçün əhəmiyyətli komponent olduğunu bildirib. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova çıxışında hazırkı dövrdə elm və təhsilin inkişafında xarici dil biliklərinin, xüsusilə, ingilis dilinin önəmli olduğunu qeyd edib. Ülkər Səttarova əlavə edib ki, layihənin başlıca məqsədi məhz ali təhsil ocaqlarının müəllim və tələbələrinin bu dili mənimsəməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva çıxış edərək Şuranın Azərbaycandakı 30 illik fəaliyyəti ərzində həyata keçirdiyi proqramlar və əldə etdiyi uğurlar barədə qonaqları məlumatlandırıb. 

Sonra layihənin benefisiar qurumları olan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış ediblər.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişlərinin Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanması planlaşdırılır.


Share: