“İgid əsgər” mahnısını yazan müəllifdən soraq var – Müsahibə

“İgid əsgər” mahnısını yazan müəllifdən soraq var – Müsahibə

“SORAQ” LAYİHƏSİNDƏ

Kimdən eşitmişdim, harada oxumuşdum, bilmirəm, amma özümə qapılanda, özüm-özümü ovudanda çox vaxt bu misraları pıçıldamışdım:

İndi özümün özümlə

sonuncu davam çatışmır.

İçimdə dərd nəfəs alır,

çölümdə havam çatışmır…

Şeirin sonrakı misraları da dodaqlarımın dilimdən “oğurlayıb” qulaqlarıma ötürəcəyi qədər həzinlikdə eşidilərdi:

Yenə də dərsə gedirəm,

Ömrümü tərsə gedirəm.

İt hürən səsə gedirəm

Bir xeyir-duam çatışmır…

Bu şerin məni ovsuna salmasında isə ötən günlərimin bir daha oxuna – geriyə qaytarılmayacaq anlarını yaşadıqca dadıma çatan misralarıydı:

Ömrü saralı varağam,

Qəlbi yaralı bulağam,

mən elə həmin uşağam –

Ay, anam, atam çatışmır.

Şeirdə sonuncu misra “Anamla atam çatışmır” kimidir. Müəllifi yaxından tanımadığımdan heç bu redaktəyə görə ondan üzrxahlıq etmək də könlümdən keçməyib.

“Axr.az”ın “Soraq” layihəsinin imkanlarından istifadə edib bu şeirin müəllifinin kimliyini aradım. Şair dostumuz Ehtiram İlham köməyimə çatdı. Sən demə, bu müəllifin qələmə aldığı digər yazılar da hər kəsin dilinin əzbəri imiş. Təsadüfən əzbərdən söylədiyim şeirin müəllifinin adını çəkdi:

– Bu, Şahin həkimin şeiridi.

Öyrəndim ki, “İgid əsgər möhkəm dayan” və onlarla hərbi vətənpərvərlik mövzusunda yazılan mahnıların, hərbi marşların sözlərinin müəllifi Şahin Musaoğlu həm də gözəl həkimdir. Ehtiram bəyin vasitəsi ilə həkim-şair Şahin Musaoğlu ilə əlaqə saxladıq.

Vədələşdiyimiz zamanda görüşdük. O bir qədər tez gəlmişdi və bu onun dəqiqliyindən xəbər verirdi. Adətən şairlər xəyalpərəst olduqlarından vəd verdikləri yerə ya gecikər, ya da heç gəlməzlər. Şahin Musaoğlunun bu dəqiqliyi isə görünür onun həkimliyindən və hərbi mövzuda yazmasından irəli gəlirdi.

Şairlə görüşə foto-reportyorumuz İsminin telefonunun yaddaşında olan, sözləri Şahin Musaoğluna məxsus “İgid əsgər, möhkəm dayan” mahnısı ilə getdik…

Söhbətimiz şəhərimizin ən xoşagəlimli kafelərinin birinin arxasında çay süfrəsinin arxasında başladı… bitəndə isə…

Hələ tələsməyək.

Şahin həkim işlərinin çox olmasına baxmayaraq mütaliə etməyə vaxt tapır. Söhbətimiz çağdaş ədəbiyyatımızdan, ədəbiyyatımızın bu günü, dünəni haqda davam etdi. Dövrü mətbuatı da müntəzəm izləyir. Saytımız haqda xoş sözlərini də əsirgəmədi:

– Saytınızda kifayət qədər dolğun, operativ xəbərlər yer alır. Layihələrinizi maraqla oxuyuram.

Söhbəti onun yaradıcılığına yönəldirəm:

– “Cənab leytenant” mahnısının da sözləri sizindir?

– Bəli. Bir çox hərbi vətənpərbvərlik janrında mahnılarım var…

Söhbətimiz yenə də məcrasından çıxır. Mahnılarının ona gətirdiyi uğurdan bəhs edirəm. Özünə necə təsir etməsini soruşuram.

– Cavan vaxtlarımda hiss eləmirdim. Adam yaşlanınca dərk edir ki, səni həm də sənətinə görə tanıyırlar. Heç vaxt reklamımla məşğul olmamışam. Bəlkə də pasiyentlərim bilsəydilər ki, həmin mahnıların müəllifi mənəm…

Sözünü yarımçıq kəsir. Həkimliyin ali sənət olmasından bəhs edir.

 Həkimlik ümumiyyətlə, şərəfli peşədir, müqəddəs peşədir. Həkim xəstə ilə kontakta olub, ona doğru diaqnoz qoyanda, elə bil dünyanı kəşf edir. Bunu ona görə etmirik ki, xəstə sənin müalicənə, qoyduğun diaqnoza “sağ ol” deyəcək, yoxsa yox. Biz öz peşəmizə davam edirik. Həkimlik elə sənətdir ki, illərin təcrübəsi ilə formalaşır. Çox yerlərdə işə götürmək üçün cavan kadr axtarırlar, bizdə isə püxtələşmiş kadrlara üstünlük verilir.

– Həkimlikdən belə ürəklə danışırsız, yorğunluq hiss etməzsiz bu sənətdə.

– Yorğunluq olur. Bir də görürsən ki, xəstə gəlib, müayinə edirsən. İki nəfər yaxınlaşır, xəstənin halını soruşur. Danışırsan, bir də görürsən ki, daha iki nəfər gəldi. Eyni sual, eyni izahat. Gedirlər. Az keçir ki, daha iki-üç nəfər otağa girir, məlum olur ki, indi gələnlər xəstənin yiyələridir. Bayaqkılar onu gətirən sürücü, iş yoldaşı, qonşusu və sairlərdir.

– Bu, həkimlərə necə təsir edir?

– Əlbəttə, mənfi. Vaxtını alır, enerjini aparır. Bu vaxta qədər xəstəyə hansısa yardım etmək olar…

Yanlış qərarlar!

– Təcrübədən, cavan kadrlardan danışdınız. Çoxmu olur gənc kadrların yanlış diaqnoz qoyması? Təcrübənizə söykənib nə deyə bilərsiniz?

– Bir ustaddan soruşurlar ki, bu qədər uğurlar əldə edibsən, bunu sirri nədədir? Ustad iki kəlmə ilə cavab verir: “Doğru qərarlar”. Soruşurlar ki, bəs doğru qərarları necə verirsən? Bu dəfə bir kəlmə ilə cavab verir: “Təcrübə!” Yenə də sual verirlər: “Bəs o təcrübəni necə əldə edirsən?” Ustad dərindən ah çəkir: “Yanlış qərarlar!” Hə bizdə də olur.

– İçimdən bir səs gəlir ki, sizin həkimlikdən öncə şeirə marağınız olub.

– Radioda “Çapar” uşaq verilişi var idi. Beşinci sinifdə oxuyanda orda iki şeir oxumuşdum. O vaxtdan yazırdım. Düzdür, bizim ana tərəfin hamısı həkimdir. Ata tərəfim isə yox. Amma sözsüz, o vaxt həkim olmaq barədə heç fikirləşmirdim, şeirlər yazırdım.

Atam anamın işləməsinə icazə vermirdi

– Şeirlər əlinizdən tutdu. Günlərin bir günündə qərara gəldiniz ki, şeirlərlə insanın ovqatını müalicə etdiyiniz kimi, gedib həkim kimi səhhətinin də keşiyində durum, yoxsa dolanışıq üçün seçdiniz bu sənəti?

– 70-80-ci illərdə oxumuşam. Gənclik, yetkinlik dövrüm o illərə təsadüf edib. Bir az şəhər mühitində, sonra kənd mühitində oxumuşam. Mən orta məktəbdə oxuyanda kəndimizdən Tibb Universitetində heç kəs oxumurdu. Ailədə də həkilmlər vardı, fikir formalaşırdı da, istər-istəməz. Babamı, anamı, dayımı görürdüm, ağ xalatda, hamı hörmətlərini saxlayırdı. Düzdür, atam anamın işləməsinə icazə vermirdi, amma həkim olmamda bütün bunların da rolu olub. Əmim isə ticarət işçisi idi, mənə deyirdi ki, hökmən OBXS olmalısan.

– Sizin OBXS işçisi olmanızı arzulamaqla özünə bir müdafiəçi istəmirdi ki?

– Ticarət işçisi idi də, bəlkə də onun üçün ideal o idi, o işin qulpundan yapışmaq (gülür).

Həkimin üç aləti var: sözü, dərmanı, bıçağı

– Siz həm həkimliyi, şeiri, paralel aparırsınız, həm də bəstəçisiniz…

– Onların da obyekti insandır, həkimliyin də. O da xeyirxahlığa xidmət edir, bu da. Musiqi ruhun qidası olduğu kimi, həkimlik də ruhun müalicəsidir. Həkim olmağım məni incəsənətə yaxınlaşdırıb. Bunların vəhdətində mən özümü tapdım. Qədim şərq sözüdür: “Həkimin üç aləti var. Sözü, dərmanı, bıçağı”. İlk növbə də söhbət sözdən gedir.

– Həkimin, sözsüz ki, dərmanı acı olsa da, dili şirin olmalıdır.

– Əlbəttə. Xəstəni sözlə də müalicə etmək lazımdır.

– Hit mahnılarınız var, hamısı da vətənpərvərlik ruhunda, adam qulaq asanda döyüşə can atır. Lirik mahnılarınız yoxdur?

– “Qəlbin payızı” adlı lirik mahnım var. Sevgi haqqında şeirlərim var, ancaq mahnı bəstələməmişəm.

– Niyə?

– Yaradıcılığımın mahnı bəstələmək dövrü müharibə vaxtına təsadüf etdi. Sifarişlə yazmırdım, elə o dövrün, o günün tələbi idi. Məsələn, həkim olduğuma görə, düşünmürdüm ki, mahnı yazmalıyam, şeir yazmalıyam. Professionallıq baxımından həkiməm. İstəyirdim ki, xalqıma qulluq edəm. Mən həmin dövrdə hiss edirdim ki, həkimlikdən kənar da nəsə deməyə sözüm var. O nöqteyi-nəzərdən şeiri yazdım. Şeiri də yazdım, gördüm ki, hisslərimi, anlada biləcəyim şeyləri çatdıra bilmədim, dedim bəlkə mahnı ilə çatdırım.

– Bəs, müğənni seçimində?

– Müğənni kimi Şəmistan Əlizamanlının üstündə dayanmaq sırf təsadüf oldu. Ona qədər bir neçə müğənni ilə danışmışdım. Onlardan biri də Faiq Ağayev idi. O da söz verdi ki, Sankt Petrburqa gedib gəlim, sonra baxarıq.

Məmməd İsmayıl dedi ki, sənə olmaz

– Siz də tələsirdiniz?

– Yox, tələsmək yox idi. Şou-biznes o vaxt yox idi. Ancaq tanışlarım az idi, müraciət edəcəyim elə də bir adam tanımırdım. Mənim kontaktım Faiqlə idi, amma Şəmistanla da təzə tanış olmuşduq. İnanmırdım ki, o mahnı oxuya bilər. Sizə bir şey də deyim, bu, tarixdir. Şəmistan Məmməd İsmayıla, – o zaman Məmməd İsmayıl Az TV-nin sədri idi, – deyəndə ki, mən mahnı oxumaq istəyirəm, musiqisini şair-həkim yazıb. Məmməd müəllim ona deyib ki, sənə olmaz, alınmaz. Sonra birlikdə görüşdük. Rəhmətlik Ağalar Mirzəni çağırdı, dedi ki, “İgid əsgər, möhkəm dayan”ın sözlərini redaktə elə. Redaktədən sonra gördüm ki, bu mənim şeirim deyil. Tamam dəyişilib. Dedim, Şəmistan, bunu qoyaq qırağa, yazırıqsa, ilkin variantı yazırıq, yazmırıqsa yox. Məmməd İsmayıl zəng eləyib, bizi Az TV-nin səsyazma studiyasına tapşırdı. Getdik. Orda Adil Bəbirov vardı, bizə yardımçı oldu.

Fitlə bu məsələ həll olunur

– Çox vaxt apardı mahnını yazmaq?

– Yox. Biz o mahnını xəstəxana dəhlizlərində hazırlamışdıq. Milli qəhrəman Yusif Mirzəyev yaralıydı, xəstəxanadaydı. Şəmistan da o zaman xəstəxanada yatırdı. Bu mahnını Azərbaycanın ilk batalyonuna və Yusifə həsr etdik. Yusif rəhmətlik palatada gəzəndə, özü-özünə oxuyurdu bu mahnını. Artıq onu biz özümüz üçün o qədər məşq eləmişdik ki… Şəmistan təxminən yarım saat ərzində oxudu və Adil Bağırov nəqarət yerində dedi ki, sən bu yerdə fit çal. Sonra orkestrlə yazarıq. Elə də etdi, fit çaldı. Sonra qulaq asanda da gördük ki, fitlə bu məsələ həll olunur. Əlavə heç nəyə ehtiyac qalmadı.

Bir də “Cənab leytenant”

– Maraqlıdır, yuxudan oyananda, boş olanda özünüzün hansı mahnınızı zümzümə edirsiniz, hansı şeirinizi oxuyursunuz ki, sizi ovundurur?

– Öz mahnılarımdan?

– Bəli.

– Bəzən olur ki, mən öz mahnılarıma qulaq asmıram. Amma mən musiqini çox sevirəm. Evdə də, işdə də, yolda da demək olar ki, musiqi ilə nəfəs alıram, öz mahnılarımla. Mənim üçün bəlkə də, ilk olduğuna görə daha çox “İgid əsgər” mahnısına qulaq asıram. Mənim bəstəkar kimi, ictimaiyyət arasında tanınmağımda əsas o mahnının rolu olub. Bir də “Cənab leytenant”.

Ay həkim, bunları siz yazmısınız?

– Siz bəstəkar kimi, şair kimi tanınandan sonra pasiyentlərinizin sayı artdı?

– Olub ki televiziyada, ya qəzetdə hansısa müsahibədən sonra, xəstələrim zəng edib və deyib ki, “ay həkim, bunları siz yazmısınız?”. Mən həkimliyimi onun üzərində qurmamışam ki, bununla özümü reklam edəm. Üstündən illər keçib, yanıma gələn xəstə heç bilməyib ki, mən həm də bəstəkaram və ya şairəm. Bu yaxınlarda tədbirdə idik. Qulu Məhərrəmli, professor Rafiq Əliyev, Ramiz Rövşən də orada idilər. Ramiz Rövşən mənə dedi ki, sənin belə istedadın var, bu işlər sənin çiynindədir, bu missiya sənin üzərindədir, gərək üzə çıxasan, arada görünəsən.

Nə edim mən beləyəm də…

– Doğurdan da mahnılarınız görünür, hər kəsin əzbərindədir. Hətta döyüş mahnıları olsa da, toylarda da ifa olunur. Amma siz özünüzü gizlətmisiz. Niyə? Təvəzökarlıq edirsiz, yoxsa işiniz çoxdur, başınız pul qazanmağa qarışıb?

– 4-5 ay bundan qabaq Qənimət adlı dostumuz mənə bir şey danışdı. Şəmistan ona deyib ki, bəs mən görüşə getmişdim. Orda dedilər ki, bu mahnıların müəllifi rəhmətə gedib. İnsan bu qədər də səssiz olmaz, ona de ki, arada görünsün. Dostlarım da bunu mənə dedilər. Ancaq nə edim, mən də beləyəm də…

– Elə biz də elə deyirik. Sorağınızı güclə aldıq…

Faiq  BALABƏYLİ

Axar.az. 2014.05.06

 

Share: