II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı – Azərbaycanlı qaçağın film kimi həyatı

II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı – Azərbaycanlı qaçağın film kimi həyatı

Müstəqil.Az  yazıçı Səfər Alışarlının “Dəli Alı” oçerkini təqdim edir.

Dəli Alı XIX əsrin sonu, XX əsrin əvvəllərində rus imperiya zülmünə qarşı mübarizə aparmaq üçün silahlanıb dağlara çəkilmiş qaçaqlardan biridir. Qaçaqlığı milli mübarizəyə meyil etdiyindən 70 illik sovet rejimi dövründə onun adı hər yerdə yasaq edilib. Yalnız son dövrlər qaçağın həyat və fəaliyyəti haqqında məqalələr yazılıb. Maraqlıdır ki, Alı haqqında ən məşhur dastanın müəllifi Azərbaycan poeziyası və aşıq sənətinin sönməz ulduzu Aşıq Ələsgərdir (1821-1926).

Dəli Alı 1857-ci ildə Şəmkirin Keçili kəndində doğulub, 1917-ci ildə hökumət tərəfindən ələ alınmış bir xain tərəfindən qətlə yetirilib. Torpaqlarımızda bugünkü erməni, rus işğalçı niyyətlərinin növbəti kəskinləşməsi fonunda oxuyub araşdırdığım ilkin mənbələrə istinadən Dəli Alının həyat və mübarizəsində 3 əsas məqamı xüsusilə qeyd etməyi vacib sayıram.

  1. Qaçağın Aşıq Ələsgərlə görüşü.
    2. 1905-ci ildə qaçağın öz silahlı dəstəsi ilə Gəncə əhalisini erməni-rus qətliamından xilas etməsi.
    3. Romanovlar sülaləsinin 300 illik yubiley təntənələrində iştirak etmək üçün Rusiya çarı II Nikolayın dəvəti ilə Peterburqa getməsi.

Qaçağın Aşıq Ələsgərlə görüşü dastan janrının qanunlarına uyğun təsvir olunub. Görüş, eləcə də sonrakı təfsilatlar ustad aşıq tərəfindən bədahətən nəzmə çəkilib. Aşıq Ələsgər yaşının ahıl çağında Dəli Alı haqda həqiqətən bir şərəf dastanı yazıb. Bu dastanın özünü və tarixçəsini Göyçə, Gəncəbasar aşıqları da uzun müddət yada salmayıb. Son dövrlərdə dastan cilalanıb və müasir bir bədii filmin ssenarisi kimi hazır vəziyyətə gətirilib.

Dərs alıbdı o, Əliyyi-əladan
Xof еyləmir Xеybər kimi qaladan.
Gəzən zəlzələdən, yaman bəladan
Hifz еyləsin kərəmkanı, Dəli Alı!

Məclisində duran canlar sağ olsun!
Həmişə məclisdə bu damaq olsun!
Sərdar bağışlasın, üzün ağ olsun!
Sən sürəsən bu dövranı, Dəli Alı!

Dastanın müasir söyləyənləri birinci məqamla bağlı diqqətə çatdırırlar ki, bacısı oğlu Zeynalabdini evləndirmək və bu toyun, indiki dillə desək, bədii hissəsini Aşıq Ələsgərə həvalə etmək qərarına gələndə “artıq 25 il idi Dəli Alı qaçaqlıq edirdi”. Peterburqdan Dəli Alının şəklini çəkməyə gəlmiş adamların da həmin toyda iştirak etdiyini Aşıq Ələsgər toydan qayıtdıqdan sonra vurğulayır. Şəkilçəkmə hadisəsinin məhz 1913-cü ildə baş verdiyi mənbələrdə birmənalı bildirilir.

Aşıq Ələsgər — Vikipediya

Qeyd olunur ki, Ağkilsə kəndində toya yazılı dəvəti alanda Aşıq Ələsgərin əlində iki vazkeçilməz işi vardı ki, onlara görə o, qaçağın bacısı oğlunun toyuna gedib-getməmək haqqında xeyli düşünüb-daşınmalı olmuşdu. Bu işlərdən biri o idi ki, Göyçə dağlarında ot biçini vaxtı idi və mal-qarasına qış yemi tədarükü ilə məşğul olan aşıq üstəlik də bundan sonra başlanacaq taxıl biçininin qayğıları ilə yüklənmişdi. Aşıq Ələsgəri bu yaşda bütün Azərbaycan tanıyırdı, onun şeirlərini aşıqlar öz havacatları ilə sədd-sərhəd bilmədən İrana, Turana daşıyıb aparırdı. Ancaq, deyildiyi kimi, bu böyük el sənətkarının qayğıları və güzəranı həmkəndlilərinkindən heç nəyi ilə fərqlənmirdi. Füzuliyə Sultan 9 aqça verərək əbədi tənqidə məruz qalırdısa, aşığa heç onu da verən yox idi. Əksinə çar hökuməti, ardınca da bolşeviklər müxtəlif vergilər adı altında Azərbaycan xalqının nəinki arpa-buğdasını, mal-heyvanını, hətta otunu, samanını da talan edib aparırdı. 1837-ci ilin oktyabrında Rusiya çarı I Nikolay İrəvana gələndə İrəvan xanlığının türk-müsəlman əhalisi yolda onun qarşısını kəsib şikayət edirdilər ki, erməni, rus məmurlar vergi bəhanəsilə onların dərisini soyur, ailələrini aclıq və səfalət içində məhv edir. Lakin dil bilmədiklərinə görə bu şikayəti tükləri yolunmuş diri xoruzları çarın qarşısına buraxmaqla, yola tökdükləri qırcına od vurmaqla əyani şəkildə göstərməyə çalışırdılar. Belə bir sosial, iqtisadi şəraitdə canavarı ayaqları yaşadan kimi aşığı da gəzdiyi el-oba, dəyərli sənəti yaşadırdı.

Dastançılar deyir ki, aşığı tələsdirən ikinci məsələ oğlu Bəşirin toyunu etməkdi. Bildiyimiz kimi, bütün gəncliyini ustadlardan elm, sənət, irfan öyrənməyə xərcləmiş Aşıq Ələsgərin başı necə qarışmışdısa, 40 yaşında evlənmişdi. Bu baxımdan oğlu Bəşir də həm dünyaya gəlməyi, həm də evlənməyilə atasını müəyyən mənada təkrar etmişdi.

Xoşbulaq yaylağına gedən yolda silahlı qaçaqların dəstəsi ilə qarşılaşan Aşıq Ələsgərin Dəli Alı ilə dialoqu öz gərgin psixoloji dinamikası ilə çox maraqlıdır. Eynilə toydan geri qayıdarkən Aşıq və şagirdləri Nəcəflə Əsədin digər qaçaq Məşədi Yolçu ilə qarşılaşması da dastan janrının dialoq, saz və söz incilərindən sayıla bilər.

Aşıq Ələsgər qaçağın Xoşbulaqdakı mal-mülkünü, ilxılarını, heyvan sürülərini, toy tədarükündə yaylaqdan arana bazarlığa göndərilən ulaqlarını, eləcə də toyda kəsilən qoçun-erkəyin saysızlığını diqqətə çatdırır.

“Gördülər ki, alaçıqdan xеyli aralı çoxlu at var, amma hamısı hörüklüdür… Aşıq Ələsgər Zеynalabdından soruşdu:

– Oğul, o hörükdəkilər nə atdı?

– Ələsgər əmi, Alı dayımındı. Atları yorulduqca gəlib dəyişdirirlər.

Aşıq Ələsgər gördü ki, dağın döşündə üç sürü qoyun otlayır. Ondan aşağıda dərədə bir naxır camış var. Bu tərəfdə bir naxır mal otlayır. Gözünü o tərəf-bu tərəfə gəzdirdi, Dəli Alıgilin alaçıqlarından başqa, nə bir oba gördü, nə bir alaçıq. Zеynalabdından soruşdu:

– Oğul, bu mal-hеyvan hansı kəndindir?

– Ələsgər əmi, burada nə qədər mal-hеyvan varsa, hamısı Alı dayımındır”.

Toyun 15 gününü Aşıq Ələsgər şagirdləri ilə birlikdə çalıb-oxuyur, sonra onların zəhməthaqqını artıqlaması ilə ödəyib yola salırlar. Amma toy davam edir, çünki xəbər ağızdan-ağıza yayıldıqca bir-birindən hörmətli-izzətli qonaqlar Xoşbulaq yaylağına gəlib Dəli Alı ilə şad günün bir tikə çörəyini kəsməyi özlərinə borc bilirlər. Amma toyda ağayana səxavətlə baş tutan qonaqlığın maraqlı bir məqamı haqda Aşıq Ələsgər geri, Göyçəyə dönəndən sonra başına toplaşmış kənd camaatına danışır. Dəli Alını camaata saz havasında gördüyü kimi tanıdan Aşıq Ələsgər birdən belə deyir, hətta rus sözlərini də şeirə yeridir:

Dəli Alı əl bеlində,
Çiynində süzən yеridi.
İsmayıl Mələk əl-mövt tək
Candan can üzən yеridi;
Dеdi: “Brat, bajalüstə,
Gəlməsin oğlana, – dеyin!”

Çar II Nikolayın qızı böyük knyaginya Olqa rus imperiyasına qatılmış torpaqlardakı qəhrəman, cəsur döyüşçülərlə, rus ordusuna illər boyu müqavimət göstərən ayrı-ayrı xalqların qəhrəman oğulları ilə şəxsən tanış olmaq istəyirdi. Ənənə 1859-cu ildə əsir götürülərək Peterburqa aparılmış və imperiya paytaxtında böyük təntənə ilə qarşılanmış Şeyx Şamildən üzü o yana davam etməkdə idi. Əslində, bu, yerli xalqları sonadək ram etməyə yönəlik imperiya siyasətinin bir hissəsi idi. Çox güman ki, çar ailəsində bu işi Olqa xanımın incə çiyinlərinə onun şəxsi marağına görə yükləmişdilər.

1910-1916-cı illəri çarın vəliəhd oğlunun hemofiliya xəstəliyinə görə sarayda xüsusi münasibət illəri saymaq olar. Bu vaxtlar çarın arvadı Aleksandra Fyodorovna və dörd qızı – Olqa, Tatyana, Mariya və Anastasiya, eləcə də 1904-cü il təvəllüdlü vəliəhd Aleksey sarayın favoriti, ciddi psixi təsirə və fiziki gücə malik Qriqori Rasputinin məlum təsiri altında idi. Həmin illər bu sarayın divarları arasında Rasputinin iştirakı ilə baş verənlər bütün Rusiya elitasını hiddətləndirir və özlüyündə ölkədə meydan sulayan bolşeviklərin qələbəsi üçün münbit zəmin yaradırdı. Lenin 1917-ci ildə yazırdı: “… inqilab Rasputinin başçılıq etdiyi çar quldur üsul-idarəsinin çürüklüyünü, alçaqlığını, rəzilliyini və əxlaqsızlığını… göstərdi”. 1913-cü ilin əvvəlində Olqa Nikolayevna Peterburqdan knyaz Qolitsini fotoqrafla (bəlkə də rəssamla!) xüsusi olaraq Xoşbulaq dağlarına yollamışdı ki, ona Dəli Alının şəklini çəkib gətirsinlər. Bax, beləcə, nə az, nə çox! Qaçaq Dəli Alının şəklini padşahın qızı istəmişdi. Niyyəti onu rus imperiyasının düşmənindən dostuna çevirməkdi.

Dəli Alı da, necə deyərlər, ucaboy, enlikürək, yaraşıqlı bir kişi idi. Zamanında rus generallarının böyrüncə Qafqazın ən ucqar nöqtələrinə qədər getmiş, döyüşlərdə, sülh anlaşmalarının imzalanmasında iştirak etmiş rus rəssamları imperiyaya ən ciddi müqavimət göstərən Qafqaz kişilərinin rəsmlərini çəkib onları vizual olaraq çar sarayına və Rusiya ictimaiyyətinə tanıdırdılar. Georgiyevski anlaşmasından, Şimali Qafqazın fəthindən, ardınca Gülüstan, Türkmənçay müqavilələrinin imzalanmasından, Şeyx Şamil hərəkatından, Qacarlar sülaləsindən qalan tarixi tabloların çoxu bu gün də rus təsviri sənətinin inciləri sırasına daxildir. Bu rəssam adları içində Sverçkov, Qaqarin, Rubo, Şarleman, Vereşaqin, Maşkov, Zalesski və başqaları var. Bununla belə, rus rəssamlarının Qafqazda realizm janrında ilhamla yaratdıqları düşmən portretlərinin hamısında çatışmayan bir mühüm və ümumi keyfiyyət var: ruslar ona şəxsiyyətin bəzəyi olan “blaqorodstvo” deyirlər. Bizim dildə “alicənablıq”, “ağayanalıq” demək olar. Bunu rus rəssamları Qafqazlı düşmənlərinin obrazlarında qəsdən verməyiblər. Ayvazovski kimi türk düşməni isə realizm qanunlarını də əyərək obyektivliyi minusa endirirdi.

Ciddi axtaran olsa, bəlkə Dəli Alının da, üstəlik Aşıq Ələsgərin də portretlərini Peterburq arxivlərindən tapa bilər. Deyilənə görə, yaylağa şəkilçəkənlərlə birlikdə gəlmiş yekəpər knyaz Qolitsin Alı ilə görüşən kimi, əlini-əldən üzməmiş dərhal ona güləşməyi təklif edib. “Mən tüfənglə güləşirəm”, – Alı bu gözlənilməz təklifə cavab verərək qonağı sakitləşdirib.

Gəncəbasar mahalının xidmətli tədqiqatçılarından olan Əhməd İsayev yazırdı ki, 1906-cı ildə gəncəli millət vəkili İsmayılxan Ziyadxanov Peterburqda birinci Dövlət Dumasının tribunasından bu sözləri söyləyib: “Peterburqa gələr-gəlməz əlimə keçən “Novaya vremya” qəzetinin xüsusi əlavəsində neçə il qaçaq həyatı yaşamış gəncəli bir tatarın (türkün) şəklini gördüm. Şəklin altında belə bir yazı vardı: “Qaçaqlığı haqqında dastanlar söylənilən Dəli Alı – Qafqaziyyə şeytanı”. İ.Ziyadxanov həmin çıxışında qaçağı müdafiə edərək yerlərdə millətlərə qarşı imperiya zülmünün ərşə dirənməsini kəskin tənqid edib.

Aşığın şeirdə adını çəkdiyi “İsmayıl Mələk əl-mövt” Dəli Alının qardaşı, həm də üzdən zəhmli adam olub. Görünür, yaxınlığında peyda olması şəkilçəkəni necəsə çaşdırdığından o deyib: “Brat, bajalüstə*, gəlməsin oğlana, – dеyin!” İndi bunu Aşıq Ələsgər şəxsənmi eşidib, ya ona nəql ediblər, dəqiq demək bir qədər çətindir. Ələsgər toydan qayıtdıqdan sonra ağkilsəlilərin toplantısında bu haqda belə deyir, daha doğrusu, suala cavab verərək mətləbi açıqlayır:

“ – Oğul, padşah tərəfindən adam göndərmişdilər ki, Dəli Alının şəklini çəksinlər. İsmayıl o tərəfdən bəri çıxanda, həmin adamlardan biri bərk qorxdu; xahiş еlədi ki, o oğlana dеyin, yaxın gəlməsin.

– Gələn adamlar Dəli Alının şəklini çəkdilərmi?

– Dəli Alının da şəklini çəkdilər, bizim də şəklimizi çəkdilər”.

Əlbəttə, əgər peterburqlu qonaqlar Dəli Alının bacısı oğlu Zeynalabdinin toyunda iştirak ediblərsə, orada onlar, istər rəssam, istər fotoqraf olsun, təkcə Dəli Alının portreti ilə kifayətlənə bilməzdilər. Aşıqları isə şənliyin aparıcı milli fiqurları kimi mütləq çəkməliydilər. Yəqin ki, çəkiblər, bu gün sadəcə arxiv axtarışlarına ehtiyac var.

Sual doğa bilər: Rusiya imperatorunun, onun qızının və bütövlükdə Peterburq sarayının Gəncəbasar dağlarında qaçaqlıq edən Dəli Alı nəyinə lazım idi ki, ona belə diqqət göstərirdilər, hətta onun qanlı keçmişini əfv edirdilər?

Deyilir ki, Dəli Alı çox mərd adam olub, azərbaycanlı camaatın nə varlısına, nə də kasıbına dəyib-dolaşıb. O, əsasən xalqı əzən, onu çapıb talayan müstəmləkəçi rejimlə, onun məmurları və hərbi qüvvələri ilə vuruşub. Dəli Alının Azərbaycanın qərbində həm böyük nüfuzu, həm də baş verən hər bir hadisəyə tüfəngi ilə təsir etmək imkanları vardı. Xalq onu sevir və düşmənlərdən qoruyurdu.

Bu baxımdan qayıdaq 1906-cı ilə. O ilə ki, birinci Dövlət Dumasına Yelizavetpol quberniyasından deputat seçilmiş İsmayıl bəy Ziyadxanov “Novoye vremya” qəzetində Dəli Alının “Qafqaz iblisi” adlandırıldığını oxuyub qeyzlənmişdi və rus mətbuatının türklərə bu münasibətini Duma tribunasından kəskin tənqid etmişdi.

1905-1906-cı illər Rusiya imperiyası üçün inqilab illəridir. Bu inqilabın proletariat şəhəri Bakıda, milli məfkurə şəhəri Gəncdə, ümumiyyətlə, bütün Azərbaycanda verdiyi əks-səda çox dəhşətlisidir. Paytaxt Peterburqda ara qarışan kimi rus xəfiyyəsi türk xalqlarının milli mübarizə dalğasını kolonial imperiya rejimindən yayındırmaq üçün Qafqazda ermənilərdən istifadə etməyə başladı. Gəncənin yetirməsi olan, həmin illərdə aktiv siyasi fəaliyyətilə seçilən Nağı bəy Şeyxzamanlı xatirələrində 1905-ci il hadisələrinə toxunaraq yazırdı: “Çar hökuməti bu şəkildə Azərbaycanda da istəyinə nail olmuşdu. Yəni 1905-ci il inqilabını yatırmaq üçün azərbaycanlıları ölüm-dirim mübarizəsi ilə üz-üzə qoymuşdu”.

Eyni ssenarini biz 1988-ci ildə SSRİ-nin dağılması ərəfəsində də müşahidə etdik. Rusiya xəfiyyəsi rus ordusu vasitəsilə bu gün də Dağlıq Qarabağda həmin kartı oynatmaqla yüz minlərlə erməni və azərbaycanlı ailəsinin göz yaşlarını axıdır. Ancaq bu qanlı təxribatlar onların son cəhdidir, heç şübhəsiz, qəhrəman Azərbaycan Ordusu tezliklə işğalçıları torpaqlarımızdan tamamilə təmizləyəcək.

İstər 1905-ci ilin yayında, istərsə də sonrakı qanlı olaylarda əvvəlcədən silahlandırılmış erməni çətələrinə və yerli rus hakimiyyətinin əsgərlərinə qarşı mübarizədə çomaq və yaba ilə meydana çıxan Gəncə əhalisi Dəli Alının silahlı dəstəsinin köməyinə arxalanıb. Vəziyyətin son dərəcə kəskinləşdiyi 1905-ci ilin noyabrında Alının qaçaq dəstəsi Gəncə və onun ətraflarında məskunlaşan hökumət orduları ilə açıq toqquşmadan çəkinmədən dağlardan enərək təntənəli şəkildə Gəncəyə daxil olur və bununla böyük ümumxalq rəğbəti və məhəbbəti qazanır. Nağı bəy Şeyxzamanlının xatirələrində bu hadisə belə təsvir edilirdi: “O gün axşama doğru məşhur qaçaq Dəli Alı kəndlərdən toplanmış 2000 silahlı cavan ilə şəhərə girdi. Məşhur adamlar bir yerə toplaşıb müsəlmanları gözləyən təhlükəni aradan qaldırmaq üçün müəyyən tədbirlər görməyə başladılar. Qərara aldılar ki, qaranlıq düşəndə dağlıq tərəfdən ermənilərə hücum etsinlər. Nəhayət, şəhərdən toplanmış min nəfər cavan da Dəli Alının dəstəsi ilə birləşərək axşam saat 7-də erməni məhəlləsinə hücuma keçdilər. Gəncədə xalq qüvvələri Ələkbər bəy Rəfibəyli tərəfindən idarə olunurdu”. Düşmən qarşısına əsas silahlı qüvvə olaraq məhz Alının dəstəsi çıxır. Bu meydan qəhrəman Gəncənin 1804-cü ilin yanvarında işğalçı Sisianov ordularına qarşı yüz il əvvəl yaşadığı Cavad xan cihadının davamı idi. Vəziyyətin ermənilərin xeyrinə olmadığını görən rus hökuməti Gəncə general-qubernatoru Bauerin şəxsində iki tərəf arasında danışıqlara başlanması xahişi ilə Ələkbər bəy Rəfibəyliyə müraciət edir. Bu köməyə görə Dəli Alıya minnətdarlıq rəmzi kimi Gəncə ictimaiyyəti adından hazırlanmış qızıl xəncər hədiyyə edilir. Xəncərin üstündə iki misra ilə belə yazılmışdı: “Alı mərdi-mərdana, Budur girdi meydana!”

Heç şübhəsiz, Alının bu qəhrəmanlığının əks-sədası Peterburq sarayında müzakirə mövzusu olmuşdu və onun şəxsiyyətinə marağı daha da gücləndirmişdi.

Beləliklə, Alının şəkli çəkilərək çar sarayına aparılıb və o, Çar II Nikolayın adından Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin 300 illik yubiley şənliklərində iştirak etmək üçün Peterburqa dəvət edilib. Yubiley şənliklərinin bütün Rusiyada 1913-cü il boyu davam etdiyi qeyd olunur. Onların bəzilərində, xüsusən Volqaboyu şəhərlərdə paroxodla səyahətə çıxmış çar öz ailəsi ilə birlikdə iştirak edib. Ancaq əsas tədbirin 1913-cü ilin may ayında Peterburqda keçirilməsi dəqiq fakt kimi şübhə doğurmur.

Volqaboyu şəhərlərdə Romanovların 300 illik yubiley şənlikləri qeyd olunur: Çarın arxasındakı
general Hüseyn xan Naxçıvanskidir.

Bu tədbirə Alı əliboş getməyib, xeyli meyvə-tərəvəz, çərəz və digər Gəncəbasar matahlarından ibarət böyük pay-püşlə yola çıxıb. Orada Alının başqa görüşləri haqda məlumat yoxdur, amma knyaz Qolitsin onu çara şəxsən təqdim edib. Çar qaçağa hədiyyələr bağışlayıb və ona deyib: “Bundan sonra rus əsgərlərini öldürmə”. Bu məqam çox diqqətəlayiqdir. Çünki çardan sonrakı dövrlərdə də Rusiyanın müstəmləkə türk arealına münasibəti həmin, dəyişməz mənəvi əsaslar üzərində bərqərar olub: biz sənə çoxlu hədiyyələr veririk, yüksək səviyyədə qəbul edirik, çünki sən şəxsən bizim dostumuzsan, ancaq sənin xalqın bizim dostumuz deyil, ona görə biz onun azadlıq ehtiraslarının ram edilməsində sənə güvənirik.

Bu çətin siyasi tənlikdən baş çıxarıb yaşamaq, həm də mübarizə aparmaq üçün şəxsin böyük ağıla, dünyagörüşünə və təcrübəyə sahib olması vacibdir. Dəli Alı universitet bitirməmişdi, tam savadsız idi, adını da yaza bilmirdi. Onun uşaqlığı məktəbdə yox, zəngin adamların qoyununu otarmaqda keçmişdi. Sonrakı bütün həyatını at belində, dağda-daşda yaşamışdı, erməni və rus işğalçıları ilə döyüşə-döyüşə, özünün və məzlumların haqqını qorumağa çalışmışdı. Getdiyi və gördüyü ən uzaq yer Kərbəla ziyarətgahı idi. Ona görə də Peterburq səfərindən sonra Alının mənəvi, psixoloji vəziyyətini təsəvvür etmək çətin deyil. Səfərdən sonra Alı ya tüfəngi yerə qoyub Koroğlu kimi Çənlibeli və dəlilərini tərk etməli idi, ya da çarın ona üzbəsurət dediyi sözü ayaqlayıb keçərək əvvəlki mübarizəsini davam etdirməli idi. Bunların hər ikisi türk kişisi üçün ad və namus məsələsi idi.

Çarla görüşündən sonra da yerli xəfiyyə Alını təqib etməkdən çəkinmədi. Xəfiyyə rəislərinin ciddi cəhdlərinə baxmayaraq, türk-müsəlman əhalidən heç kim, heç bir mükafat naminə Alıya qarşı hər hansı bir təxribata razı olmurdu. Xalq onu təhlükəli anlarda təqibçi rus kazaklarından gizlədir, düşməni azdırmaqla qaçağa və onun dəstəsinə yardım edirdi. İsmayıl Adıgözəlov adlı bir hökumət qulluqçusunun Alını izləyib ələ verməyə razılaşdığı deyilir. Kəndlərin birində gecələmiş Alının səhər tezdən başının üstünü alan İsmayıl Adıgözəlov at belindən ona səslənir:

– Ayə, a dəli, sənə axşamdan xəbər yollamışdım. Niyə burdasan? İndi nə deyirsən? Səni verim bu rusların əlinə?

-Bir də sənnən görüşmərik, İsmayıl, xudahafiz! – Alı cavab verir və cibindən çıxardığı qızıl pul dolu kisəni kazaklara atıb atını çapır. Heç kim ona arxadan atəş açmır.

Adı dillərdə dastan olan Dəli Alı 1917-ci ildə Kürəkçay yaxınlığında, Hazırəhmədli kəndində arxadan vurulur. Bir neçə gündən sonra Gəncə xəstəxanasına aparılır, orada vəfat edir və İmamzadə məzarlığında dəfn olunur.

Başqa bir mənbədə açıqlanır ki, Dəli Alını öz nökəri qətlə yetirib. Eynilə Şuşada Ağa Məhəmməd şah Qacarın nökərləri onu öldürdüyü kimi. Azərbaycanda nökərin və nökərçiliyin forması kimi mahiyyəti də rus Qafqaza gələndən sonra xeyli dəyişib: Nökər nədir, bekar nədir, Aç qapını, ört qapını!

Share: