44 günlük Vətən müharibəsi 100 illər keçsə də heç vaxt unudulmayacaq. Necə ki, əsrlər boyu başımıza gətirilən bəlalar unudulmurdu, yaddaşdan yaddaşa keçirdi və bu zamana kimi yol gəlirdi.
Qarabağımızın mənfur qonşularımız tərəfindən işğal olunmasının yaraları qaysaq bağlasa da, içəridəki sızıltılar ürəyimizə qədər işləyirdi. Axır ki, 30 illik yaraların acısını bir dəfəlik yox etməyin məqamə çatdı, rəşadətli ordumuz düşməni param-parça etdi, onu diz çökdürdü, təslimçilik aktına imza atdırdı.
Düzdür, yaralarımızın tam sağalmasına bir qədər də vaxt qalıb, amma bu bizləri heç də rahatsız etməsin, bütün ağrılar bədənimizdən, ürəyimizdən tədricən çəkilir.
Bu müharibədə əldə olunan zəfərdə hər kəsin payı oldu desək, yanılmarıq. Prezidentimiz, Ordumuzun Ali Baş Komandanından tutmuş, təqaüdünü Orduya yardım üçün yaradılmış fonda köçürən ixtiyar qocaya, oyuncaq üçün yığdığı pula sovqat alıb əsgərlərimizə göndərən azyaşlımıza qədər hər kəs xalqımıza şərəf gətirən bu müharibədə döyüşdü…
Əsgərlərimiz keçdiyi döyüş yolu, ermənilərə qarşışı savaşları haqqında əfsanələrə bənzər hekayətlər danışıldı, olacaqlardan bəhs edildi. 60-80 nəfərlik əsgərimizdən qorxaraq 1500-dən çox erməni əsgərinin qaçmasını düşmən tərəfin ən yüksək kürsülərindən etiraf edildiyinin şahidi olduq. Bu, illərlə sevinə bilməyən ürəklərin fəxarət hissi ilə dolması idi…
Bu, dünya hərb tarixinə yeniliklərlə, bir gün də olsa belə nəinki yerində dayanmayan, saatbasaat hücumda olan ordumuzun yazdığı şanlı bir səhifə idi. Bu səhifənin altında Ali Baş Komandanımız və bütün əsgər və zabitlərimizin imzası var.
Belə əsgərlərdən biri haqda bəhs etmək istəyirəm. 1997-ci ilin may ayın 10-da anadan olmuş, 2020-ci ilin oktyabr ayının 21-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan, Türkiyə Balıkəsir universitetinin mühəndislik fakultəsinin “Mexanika mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbəsi Səfərov Məmmədağa Balakişi oğludur.
Qəhrəmanımızın atası Balakişi müəllimi çoxdan tanıyıram. Bir idarədə işləmişik və elə indi də eyni cəmiyyətdə çalışırıq. Ona hər kəs hörmətlə yanaşır və bu da onun hər kəsə eyni gözlə baxmasının nəticəsidir, desək yanılmarıq. Bunu bilmək heç də çətin deyil. Balakişi müəllim AXDG QSC – də dononmanın texniki xidmət departamentinin rəisi olsa da, onun davranışı, işə münasibəti və cavabdeh olduğu departamentin işinin qurulması istiqamətində gördüyü işlər barəsində söhbət, başqa vaxtın mövzusudur.
Bu yazımda onun ciyərparası – oğlu Məmmədağanın II Qarabağ savaşındakı şücaəti haqqında bəhs etmək istəyirəm. Şəhid qəhrəmanımız haqqında söhbət açmamaq mümkünsüzdür.
Haqqında onlarla yazı yazılan, keçdiyi qısa, lakin mənalı həyat yoluna, Vətən müharibəsində şəhadətə çatdığı ana qədər düşmənə nifrət, Vətənə sevgi hissini aşılayan xarakterindən bəhs edən video-roliklər, yazılan şeirlər, bəstələnən mahnı kompozisiyası… bütün bunlar sıramızdan necə bir gəncin getdiyinin acısını yaşadır bizlərə. Bütün şəhidlərimizə olan təəssüf hissi və ruhlarına sayığı ona da ünvanlanır.
Döyüş yoldaşlarının, komandirlərinin, təhsil aldığı Universitetin müəllim – tələbə kollektivinin qəhrəmanımız haqda fikirlərini dinləmək bəs edər ki, şəhidimizi görmədən onu yaxından tanıyasan. Şəhadət qovuşduqdan sonra yayınlanan şəkillərinə baxıram. Onun şəkillərindəki baxışında qəribə bir təbəssüm var. Təbəssümün alt qatında kədəri görməmək olmur. Sanki gənc əsgərimizin baxışlarındakı təbəssümlə ayrılığın tez gələcəyinin xəbərini gizlətmək istəyirmiş.
Məmmədağa Səfərov Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün döyüş əməliyyatlarında iştirak etdiyinə, ona tapşırılan döyüşçü vəzifəsindən irəli gələn tapşırıqların həyata keçirilməsini şərəflə yerinə yetirdiyinə görə, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
İllərdir bayramlarımızda hər kəsin ağzından eyni dua, eyni arzu çıxardı; gün o gün olsun ki, gələn il bayramımız Qarabağda keçirək. O gün gəldi, bayramlarımızı daha bir vaxtlar işğal altında olan Qarabağda deyil, azad olunmuş Qarabağımızda keçirəcəyik. İgid döyüşçülərinizin, zabit və əsgərlərimizin, qazilərimizin və bir də ömürləri qısa, lakin mənalı olan, ruhları Vətən torpağnda xoşbəxt-xoşbəxt dolaşan şəhidlərimizin, Məmmədağa kimi igidləriizin qanı bahasına bu arzu və dualar gerçəkləşdi…
Faiq Balabəyli