Bütün ermənilərin katolikosu II Qaregin Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə çağırış edib.
Müstəqil.Az xəbər verir ki, II Qaregin çağırışını bazar günü Eşmiədzindəki müraciətində səsləndirib.
O, Allahşükür Paşazadədən Azərbaycan Ordusunun əsir götürdüyü erməni əsgərlərin geri qaytarılması və itkinlərin axtarışlarına, Moskva və Bütün Rusun patriarxı Kirillin vasitəçiliyi ilə baş tutan görüşlərin “ruhuna uyğun olaraq”, dəstək verməsini xahiş edib.
Erməni katolikos Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməməsindən də “təəssüflənib” və hərbi yol seçildiyini xatırladıb, eyni zamanda ənənəvi erməni xislətinə uyğun olaraq, müharibənin erməni xalqına ağır itkilərə, həmçinin “ərazi itkisinə” başa gəldiyini bildirib. Başqa sözlə, erməni katolikos Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyini bir daha nümayiş etdirərək, Qarabağa iddiasını ortaya qoymaqla əslində ruhani rəhbər yox, beynəlxalq hüququ tanımayan, bütün dünyanın Azərbaycanın ərazisi hesab etdiyi torpaqlara iddia edən işğalçı olduğunu, erməni xalqını işğal ideologiyasına sürüyənlərin başında gəldiyini növbəti dəfə təsdiqləyib.
Paşazadəyə yalvaran Qaregin Azərbaycan hakimiyyətinin əsirlərin qaytarılması və itkinlərin axtarışlarında “bu gün də destruktiv fəaliyyət” göstərdiyini də həyasızcasına iddia edib.
Bu yerdə xatırlamamaq olmur ki, Azərbaycan hakimiyyəti itkinlərin və meyitlərin axtarılması üçün Ermənistana imkan yaradıb, nəticədə indiyə qədər Azərbaycanın nəzarətində olan ərazilərdən 1211 erməni əsgərin meyiti tapılıb.
Sonda isə katolikos tez-tələsik Putinə və rus sülhməramlılarına “təşəkkür etməyi” (oxu: yaltaqlanmağı) da unutmayıb.
Müstəqil.Az