İki azərbaycanlı BP-də yüksək vəzifə aldı

BP Azərbaycan şirkətinin iki əməkdaşı yüksək vəzifələrə təyinat alıb.

Şirkətdən Müstəqil.az-a verilən məlumata görə, həmin kadrlardan biri hazırda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti olan Orxan Quliyevdir. O.Quliyev bu ilin 1 iyun tarixindən BP-nin Rumaila bölümündə baş menecer vəzifəsində çalışacaq.

Bu yeni vəzifədə Orxan BP-nin İraqdakı Apstrim biznes bölümünə rəhbərlik edəcək. O, Yaxın Şərq üzrə rəhbərlik qrupunun üzvü və qlobal əməliyyatlar təşkilatının geniş tərkibli rəhbərlik qrupunun üzvü olacaq.

BP-də işlədiyi ötən 23 il ərzində Orxan AGT regionunda və Londonda Bakı Tbilisi Ceyhan, Cənubi Qafqaz Boru Kəməri və AÇG layihələri çərçivəsində dənizdə, layihələrin mühədislik təminatı və layihələrin idarə olunması sahələrində əməliyyatlara aid rəhbər vəzifələr tutmaqla əməliyyatlar və əsas layihələr ilə əlaqədar böyük təcrübə qazanıb.

Orxan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası ilə magistr dərəcəsi və Azərbaycan Neft Akademiyasını qaz axınlarının dinamikası üzrə doktorluq dərəcəsi ilə bitirib.

Digər yüksək vəzifəyə təyinnolunan həmvətənimiz Rəhman Rəhmanov 1 aprel 2019-cu ildən etibarən Apstrim, qlobal layihələr təşkilatında layihələrin idarə olunması üzrə vitse-prezident vəzifəsində çalışacaq.

Yeni vəzifəsində Rəhman layihələrin həyata keçirilməsinə dəstək olaraq layihələrin idarə olunması, layihə xidmətləri, keyfiyyət, risklər, tikinti və istismara təhvil vermə ilə əlaqədar ixtisaslaşma sahələri və funksional bölmələr üzrə gündəlikdə duran məsələlərin həll edilməsinə cavabdeh olacaq. O, qlobal layihələr təşkilatının texniki funksiyalar üzrə rəhbərlik qrupunun üzvü olacaq və layihələrin idarə olunması çərçivəsində ixtisaslaşma sahələri üzrə bacarıqların artırılması forumuna, eləcə də layihələrin idarə olunması şəbəkəsinə rəhbərlik edəcək.

19 illik təcrübəyə malik Rəhman BP-də 2003-cü ildən işləyir və karyerası ərzində bir sıra layihələrdə rəhbər vəzifələr, o cümlədən Dərinsulu Günəşli layihəsində sazlama üzrə menecer, Çıraq Neft Layihəsində qazma işlərinin təhvili üzrə menecer və Şahdəniz 2 layihəsində üst modulların təhvili üzrə layihə meneceri vəzifələrini tutub. Rəhmanın ən son vəzifəsi AGT regionunda midstrim layihələri üzrə baş menecer olub.

Rəhman Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutu tərəfindən mühəndislik üzrə doktorluq dərəcəsinə layiq görülüb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz təyinatları yüksək qiymətləndirib: “Orxan və Rəhman bizim regiondakı biznesimizin uğuruna böyük töhfələr vermişlər, bunun üçün ona çox təşəkkür edirik. Peşəkar azərbaycanlı kadrların belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Orxana və Rəhmana BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik!”

Share: