İki dəfə şəhidlik yaşayan dənizçi

İki dəfə şəhidlik yaşayan dənizçi

XDND idarəsinin I Qarabağ müharibəsində şəhid olmuş əməkdaşı İsgəndər Xankişiyevdir. XDND-nin “Atlet-22″ kran gəmisinə bir vaxtlar özünün işlədiyi şəhid matrosumuzun, qəhrəman döyüşçümüzün adı verilmişdi.  Onun və XDND idarəsinin I Qarabağ  müharibəsinin digər əməkdaşları haqda 2003- cü ildə nəşr etdiyim “Kəsilməyən həyacan fiti” kitabımda bəhs etmişdim. Nəşri qələbə gününün 1-ci ildönümünə qədər gerçəkləşəcək “Dənizçilərimiz Vətən müharibəsində” növbəti kitabımda da qəhrəmanımız haqqında bu məqalə dərc olunur.

Xankişiyev  İsgəndər Ramiz oğlu 1970-ci ildə Vətənimizin dilbər guşəsi Qarabağda – qəhrəmanlar yurdu Ağdamın Novruzlu kəndində anadan olub.

Axarlı-baxarlı Qarabağın dərdlərə dərman havasından udub, suyundan içib. Damarlarına təmiz al qan ilə birlikdə ana südünün halallığı, saflığı da dolub. Ürəyinə təpər, dizlərinə qüvvət verib o yurdun abu havası. İsgəndər hələ uşaqlıqdan bədxah erməni qonşularımızın namərdliyi, fürsət düşəndə arxadan zərbə vurması və onların müxtəlif nadürüstlüyü haqqında yaşlı adamlardan çox eşitmişdi. Onu da özü üçün dəqiqləşdirmişdi ki, bu millətlə nə qədər yaxın olsan da, bir o qədər də uzaq olmalısan, ehtiyatı əldən verməməlisən. Bunlara etibar etmək, çobanın itlə çomaqsız dostluq etməyi kimi bir şey olar.

İsgəndər hərbi xidməti başa vurduqdan sonra XDND idarəsində, “ATLET-22” gəmisində matros kimi əmək fəaliyyətə başlamışdı. İşinin ustası idi, deyirlər, İsgəndərdən söz düşəndə.

Qondarma Dağlıq Qarabağ problemi ortaya atılanda, bədxah qonşuların torpaq sevdası baş qaldıranda isə İsgəndər Xankişiyev dənizçi dostları ilə vidalaşdı. Doğma rayonu Ağadmın müdafiəsi üçün könüllü cəbhəyə yola düşdü. Bir vaxtlar qayğısız uşaqlıq illərini yaşadığı yurdda “at oynatmaq” istəyən erməni dığalarına qarşı barışmaz mövqe tutdu. Neçə-neçə murdar ermənin qanını axıtdı. 1993-cü il iyunun 19-da canı qədər sevdiyi Vətən torpağı urğunda özünü şəhidlik zirvəsinə yüksəltdi.

Dənizçi dostları, bu xəbərdən sarsıldı. “ATLET-22” gəmisinin kapitanı, indi Allahın rəhmətinə qovuşmuş  Firudin Hüseynov İsgəndərdən söz düşəndə yana-yana deyirdi: “Çox fərasətli oğlan idi. Söz vermişdi ki, toyuna çağıracaq bizi. Amansız ölüm imkan vermədi. Nə qədər çətin iş olsa da, o, həmin işin öhdəsindən ləyaqətlə öhdəsindən gələrdi”.

Zarafat etməyi xoşalayırdı. Amma heç kəsin xatirinə dəyməzdi. Ölümündən sonra dənizçi dostları işlədiyi gəmiyə İsgəndərin adını verilməsi üçün təklif irəli sürdü. İdarə rəhbərliyi bu təklifi bəyəndi. “ATLET-22” gəmisinə şəhid olmuş dənizçinin adı verildi.

Təəssüf ki,  “İsgəndər Xankişiyev” gəmisi də adını daşıdığı qorxmaz dənizçi, igid döyüşçü İsgəndərin taleyini yaşadı. Qəza nəticəsində yanan “İsgəndər Xankişiyev” kran gəmisi Gəmi Təmiri zavodunda yenidən açıq dənizə çıxmaq üçün həsrətlə təmir olunacağı günü gözlədi. Lakin gəmi bir müddətdən sonra istismara yarasız olduğu kimi doğrandı. Dənizçi dostları “İsgəndər Xankişiyev”in açıq dənizə çıxacağı günü həsrətlə gözləsərlər də bu baş vermədi. Döyüşçü və dənizçi həmkarları  dostlarının ikinci şəhidlik ömrünə təəssüf edirlər.

Faiq Balabəyli

Share: