İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısına daha 233 yeni mənzil əlavə edilib.
Bu barədə Fonddan bildirilib.
Məlumata görə, yaşayış sahələri Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşir. Mənzillərin aylıq ödənişi 376 manatdan başlayır. Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün 03 avqust 2023-cü il tarixindən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3736 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), həmçinin ”1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.