Günün günorta çağı idi. Günəş yerə od ələyirdi. İstidən bütün heyvanlar, quşlar qaçıb gizlənmişdi. Hər kəs kölgə yer gəzir, günəşin yandırıcı istisindən birtəhər canını qurtarmağa çalışırdı. Neçə ay idi ki, yerə bir damcı da olsun yağış düşmürdü. Susuzluq da hamını əldən salmışdı.
Quşlar uçub kənarda su axtarır, içib doyduqdan, çimib sərinləndikdən sonra yenidən evlərinə qayıdırdılar. Heyvanlar isə taqətdən düşdükləri üçün heç yerə gedə bilmirdilər. Düşünmək olardı ki, bir az da belə davam eləsə, bütün heyvanlar və quşlar susuzluqdan və istidən məhv olacaqlar. Ancaq hələ ki dözürdülər. Bu istilərin sonu necə olacaq, heç kim bilmirdi.
Bir qədər aralıda, böyürtkən kollarının altında, kölgəlikdə iki ilan qıvrılıb sərinlənirdi. Diqqətlə baxanda görmək olardı ki, onlar şirin söhbətə məşğuldurlar. Sanki ətrafdakı yandırıcı istidən xəbərləri yoxdur. Onlar nə istidən, nə də susuzluqdan şikayətlənirdilər. Quşların və heyvanların belə əzab çəkməsi onların heç vecinə də deyildi.
İlanların biri bir qədər yaşlı, o biri isə nisbətən cavan görünürdü. Yaşlı ilanın dərisi xalça kimi bəzəkli idi. Elə sanmaq olardı ki, dünyada elə bir rəng, elə bir naxış yoxdur, onun dərisinin üzərində olmasın. Naxışlar elə qəşəng idi ki, baxmaqla doymaq olmurdu. Sanki kiminsə qüdrətli əli bu naxışlara bu qədər gözəllik vermişdi.
Cavan ilanın isə naxışları bir qədər solğun idi. Bu, yəqin ki, yaşla bağlı idi. Eybi yoxdur, böyüyəndə onun da naxışları gözəlləşəcək. Hələ vaxt var…
Bəs, görəsən, onlar nə barədə söhbət edirdilər?
Yaşlı ilan cavandan soruşurdu:
-Çoxdandır görünmürdün. Yaman çox gəzirsən ha…
-Hə, bir müddət buralarda olmadım. Dedim, bir gəzim görüm, dünya nə boydadır? Bizim yaşadığımız buralardan başqa yerlər də vardırmı? Əgər varsa, oralar necədir? Hə, gəzdim bir az.
-Nə gördün gəzdiyin yerlərdə? Təzə bir şey tapa bildinmi?
-Hə, çox şey gördüm, – deyə cavan ilan cavab verdi, – dünya, doğrudan da böyük imiş. Sən demə, bu ağaclığın o biri tərəfində böyük bir düzənlik var imiş.
-Doğrudan? – deyə yaşlı ilan gülümsündü. – Nə boyda idi ki o düzənlik?
-Əşi, ucu-bucağı görünməyən bir düzənlik idi. Yəqin ki, bir başından o biri başına qədər bir ilə sürünüb çatmaq olar. Ora çatana qədər qarnının altı sürtülüb yeyilər.
-Bəs sən o böyük düzənliyin axırına qədər sürünmədin?
-Nə danışırsan? – deyə cavan ilan heyrətləndi. – mən ora çatana qədər ölərdim ki… Ölməsəydim də, qarnımın altında dəridən əsər-əlamət qalmazdı.
-Bəs onda hara qədər süründün? – deyə yaşlı ilan yenə də maraqla soruşdu.
-Hə, bir az süründükdən sonra gördüm ki, onsuz da axıra qədər gedib çıxa bilməyəcəyəm. Ona görə də bir qədər kənarda, sağ tərəfdə meşənin kənarında kiçik evlər görünürdü. Oraya getdim.
Yaşlı ilan onun bu sözlərindən həyəcanlandı.
-Sənə deməmişəm ki, insanlar yaşayan yerlərdən uzaq gəz? – deyə bir az hirslə deyindi. – Axı onlara qətiyyən yaxın getmək olmaz!
-Niyə axı? – cavan ilan dodaqlarını büzüb ağlamsındı. – İnsanlar mənə nə edəcəklər ki?
-Mən bu dünyada onlardan təhlükəli bir varlıq görməmişəm hələ. Onlardan nə qədər uzaq olsan, bir o qədər basin salamat olar. Ən azından quyruğun. Yaxşı, gözünün suyunu tökmə. De görüm, nə gördün oralarda? Salamat qayıtmağından başa düşürəm ki, sən orada heç bir insana rast gəlməmisən.
Cavan ilan onun mehriban danışmasından ürəkləndi və sevinclə orada gördüklərini danışmağa başladı:
-Hə, bilirsən, ora nə qədər maraqlıdır? Orada coxlu insan gördüm. Düzdür, onlar məni görmürdülər, çünki mən otların arasında gizlənərək sürünürdüm. Birdən gördüm bir toyuq, yanında da neçə dənə balaca sarı cücələri mənə tərəf gəlir. Onlar mənə yaxınlaşanda qəflətən tullanıb cücələrdən birini tutdum. Tutan kimi də uddum. Elə dadlı idi ki… İndiyə qədər heç vaxt elə dadlı şey udmamışdım. Burada bataqlıqdan qurbağa tutub yeməkdən bezmişəm. O qədər qurbağa udmuşam ki, sürünəndə qarnım da quruldayır.
-Yaxşı, yaxşı, gileylənmə. De görüm, sonra nə oldu? Səni görən oldumu?
-Yox heç kim görmədi. Amma toyuq bir qışqırıq, bir haray-həşir saldı ki, mən qorxumdan özümü itirdim. O, üstümə tullanıb məni caynaqları ilə döyəcləməyə başladı. Yaxşı ki yaxınlıqda yekə bir daş var idi. Tez onun altına girib gizləndim. Toyuq da bir az qışqırandan sonra qalan balalarını da götürərək çıxıb getdi. Amma heyif! Kaş o cücələrdən bir-ikisini də tutub yeyəydim. Bilirsən, necə dadlı idi? Sən heç cücə yemisən? – deyə maraqla soruşdu.
-Yemişəm, çox yemişəm. Dadını da bilirəm. Mən bu uzun ömrümdə çoxlu cürbəcür şeylər yemişəm, – deyə yaşlı ilan yavaşdan dilləndi.
-Yaxşı, bəs sən niyə elə hey deyirsən ki, insanlardan uzaq gəz? Yəni onlar bu qədər qorxulu məxluqdur? Məncə, ən qorxulu məxluq qartaldır. İlanların üstünə gözlənilmədən necə şığıyırsa, heç sürünüb gizlənmək də olmur. Neçə dəfə görmüşəm onların ilanları şığıyaraq tutmasını. Mən onlardan daha çox qorxurzm, nəinki insanlardan.
-Sən insanlardan ona görə qorxmursan ki, onları heç vaxt görməmisən.
-Görmüşəm, – cavan ilan tez cavab verdi, – amma uzaqdan görmüşəm.
-Hə, uzaqdan… Yaxından görsəydin, belə deməzdin. İnsanlar biz ilanları görən kimi öldürürlər.
-Necə yəni görən kimi? – deyə cavan ilan qorxaraq soruşdu. – Yəni sən ona toxunmasan da səni öldürürlər?
-Əlbəttə, harda gördülər, o saat cumurlar üstümüzə. Əllərinə gələn hər şeylə bizi öldürməyə çalışırlar.
-Axı nə eləmişik biz onlara?
-Heç nə. Sevmirlər bizi, vəssalam. Öldürəndə də tez-tez deyirlər ki, ilanın ağına da lənət, qarasına da.
– İşə bax ha! Bizə niyə lənət oxuyurlar ki? Onda biz də harda onları gördük, çalıb öldürək. Axı bizim güclü zəhərimiz var. Öldürək onları, canımız qurtarsın.
-Yox, olmaz. Biz heç kimi günahsız yerə öldürmürük.
-Niyə ki?
-Çünki onları da, bizi də bir Allah yaradıb. Bizim ixtiyarımız yoxdur ki, günahı olmayan kimsəni öldürək. Həm də ki, axı onları öldürməkələ qurtaran deyillər, çoxdur onlar, lap çox.
-Onda sən heç vaxt heç kimi öldürməmisən? – deyə cavan ilan maraqla soruşdu.
-Öldürmüşəm… – deyə yaşlı ilan fikirli-fikirli cavab verdi. – Bir dəfə öldürmüşəm, amma buna görə həmişə heyifsilənmişəm.
-Niyə heyifsilənmisən? Özün deyirsən ki, onlar bizim düşmənlərimizdir və bizi harda gördülər, öldürürlər. Sən də onlardan cəmi birini öldürmüsən də, bircəciyini.
-Yox, Məsələ başqa cür idi axı. Deməli, mən də sənin kimi bir dənə cücə tutub yemək üçün insanların yaşadığı yerə getmişdim. Bir dostum da mənimlə idi. Elə hərəmiz bircə cücə tutub yemişdik ki, hay-küy qopdu, gəl görəsən. Uşaqlı-böyüklü neçə nəfər üstümüzə töküldü. Biz qaçıb gizlənmək istəsək də, onlar bizi gördülər. Əllərində də bir cür alətlər var idi. Mən əvvəllər görmüşdüm, bu cür alətlərlə onlar yer şumlayırdılar, ot biçirdilər, ot toplayırdılar. Hə, başladılar onlarla bizi döyəcləməyə.
-Bəs niyə onları çalıb öldürmədiniz? Bəs Allah bu zəhəri sizə nəyə görə verib? Düşmənlərinizi öldürməyə görə verməyibmi?
-Bir dayan görüm, kəmhövsələlik etmə. Danışacam hamısını.
Yaşlı ilan dayandı. Danışmaq ona çətin gəlirdi. Yəqin, nəsə dəhşətli bir hadisəni danışmaq istəyirdi, ona görə də çətinlik çəkirdi. Dərindən nəfəs alıb sözünə davam etdi:
-Doğrusu, o zaman bizim beynimizdə yalnız qaçıb canımızı qurtarmaq fikri var idi. Kimisə çalıb öldürmək heç ağlımıza belə gəlmirdi. Amma o insanlardan ən yaşlısı, gözlərindən qan daman birisi əlindəki o alətlərin biri ilə mənim dostumu tikə-tikə doğradı. İnanırsan, tikə-tikə? Gözümün qarşısında doğradı.
Bunu deyib o, yenə də dayandı. Danışa bilmirdi. Fısıltısı ətrafa yayılırdı. Gözlərinin yaşını saxlaya bilmirdi. Cavan ilan da susmuşdau, artıq heç bir sual da vermirdi. Gözləyirdi ki, o özü nə vaxt sakitləşib əhvalatın ardını danışacaq.
Yaşlı ilan heç cür özünə gələ bilmirdi. Amma birtəhər danışmağa davam elədi:
-Mən bunu görəndə dəhşətə gəldim. Bircə cücədən ötrü o boyda ilanı tikə-tikə doğramaq üçün gərək qəddar, ürəksiz biri olasan. Bir cücə nə olan şeydir ki?! İnsanlarda bu zalımlıq, bu qəddarlıq hardandır, bilmirəm. Biz ki onlara bir şey eləmirdik. Sakitcə qayıdıb gələcəkdik evimizə. Amma onlar… Ehh!!!
-Bəs sonra? Sonra nə oldu? – deyə cavan ilan yavaşdan, pıçıltıyla soruşdu.
-Sonra? Hə, sonra gördüm ki, cavan, çox cavan bir oğlan əlində həmin iti dəmir uçluğu olan alətlə mənim üzərimə cumdu. Bildim ki, məni də dostumun taleyi gözləyir. Elə həmin an sürətlə onun üzərinə sıçrayıb əlindən sancdım. Acığımdan bütün zəhərimi onun bədəninə yeritdim. Oğlan bir dəfə qışqırıb yerə çökdü. O saat da canı çıxdı. O qədər zəhərin qarşısında heç fil də dayana bilməzdi. İnsanlar bunu görən kimi məni unudub ona tərəf qaçdılar. Onu qucaqlayıb fəryad eləməyə başladılar. Mən isə onların başının qarışdığını görüb tez sürünərək ordan uzaqlaşdım.
Cavan ilan bir az sakitləşdi. Görünür, yaşlı ilanın insanlardan qisas alması onu razı salmışdı. Ona görə də astadan dedi:
-Düz eləmisən. Səndə heç bir günah yoxdur. Sən dostunun qisasını almısan. Günah insanlardadır ki, siz onlara bir zərər vermədiyiniz halda sizi öldürmək istəmişlər.
-Düz deyirsən, mən dostumun qisasını aldım və buna görə az da olsa, rahatlandım. Amma öldürdüyüm o cavan oğlanı da heç cür unuda bilmirəm. Çox cavan idi. Həyatı hələ qabaqda idi. Yəqin ki, uzun ömür yaşayacaqdı. Mən isə onun həyatına yarıda son qoydum.
Yaşlı ilan yenə də susdu. Dayanmadan fısıldayırdı. Bilmək olmurdu ki, o nəyə daha çox təəssüflənir? Dostunun tikə-tikə doğranmasına, ya özünün bir cavan oğlanı öldürməsinə. Bir az susub dedi:
-Axı bu insanlar niyə belə qəddar olurlar? Yer üzərində onlar kimi ikinci bir qəddar məxluq görmədim mən heç vaxt. Bütün canlıları öldürürlər. Öldürməyə başqa canlı tapmayanda da başlayırlar bir-birlərini öldürməyə. Nəyə lazımdır bu qəddarlıq? Hələ bir bizləri də bəyənmirlər. Aralarından ən pis xasiyyətli adamlara da “ilan kimisən” deyib acılayırlar. Guya biz o qədər pis məxluquq. Axı siz bizdən də zalımsınız! Bax o vaxtdan mən qərara gəldim ki, insanlardan uzaq gəzim. Bataqlıqdan qurbağa tutub yemək onların o dadlı cücələrini yeməkdən yaxşıdır. Sənə də məsləhətim budur ki, nə qədər ömrün var, uzaq gəz insanlardan.
Cavan ilan onun sözlərini başı ilə təsdiqləyərək razılığını bildirdi.