“Azərbaycan lap əvvəldən Çin Prezidenti Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin paytaxtı Pekində keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda deyib.
“Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək edib. Ötən 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox artıb. Yatırılan 260 milyard dollar məbləğində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək edib. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19%-ni təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3% artıb, inflyasiyanın səviyyəsi 2,1%-dir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir”, – deyə o, qeyd edib.
Dövlət başçısı həmçinin vurğulayıb ki, Azərbaycanın çox böyük neft və qaz ehtiyatları var: “Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır. Şaxələndirməyə gəldikdə, bizim diqqətimiz əsasən sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib. İnfrastruktur layihələri bizim üçün çox önəmlidir və biz müasir infrastrukturun yaradılmasına sərmayə yatırmaq üçün maliyyə resurslarımızdan istifadə etdik. Azərbaycanda qazlaşdırma səviyyəsi 95% təşkil edir, Azərbaycan elektrik enerjisini, neft və qazı ixrac edən ölkədir. Nəqliyyat sahəsinə investisiyaların yatırılması bizim əsas prioritetlərimizdən biridir. Üç il öncə Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb. Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir. İnfrastrukturun inkişafına, həmçinin, çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir.