Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakından söz açıb.
Azərbaycan dövlət başçısı daha sonra Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını pisləyib.
Ölkə başçısı qeyd edib ki, MDB liderləri dəfələrlə nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıblar.
“Ermənistanın keçmiş hakimiyyəti Yerevanın mərkəzində alman faşistlərinə xidmət edən Qaregin Njde ləqəbli faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”, – deyə Prezident İ.Əliyev bildirib.
Milli Məclisin tarixçi deputatı, professor Musa Qasımlı Prezidentin çıxışını şərh edib.
M.Qasımlı Oxu.Az-a açıqlamasında deyib ki, Prezidentin MDB Dövlət Başçılarının Aşqabad Sammitindəki nitqi böyük əhəmiyyət daşıyır.
“Hər şeydən əvvəl cənab Prezident İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə qazanılmasında Azərbaycan xalqının müstəsna rol oynadığını bildirdi. Xüsusi vurğuladı ki, bu rol Azərbaycan xalqının əməyi, təbii sərvətləri, intellektual səviyyəsi, xalqımızın ön və arxa cəbhədə, partizan, anti-faşist hərəkatında qəhrəmanlıqları ilə bağlıdır”, – deyə M.Qasımlı əlavə edib.
Deputat deyib ki, Azərbaycanın dövlət başçısı Ermənistan Baş nazirinin oturduğu bir masada nasistlərlə əməkdaşlıq etmiş, keçmiş SSRİ xalqlarına, xüsusən rus xalqına nifrət edən Qaregin Njdeyə abidə qoyulmasını söyləyib.
“Cənab Prezident MDB dövlət başçılarına söylədi ki, əslində, Ermənistanda nasizmin dövlət səviyyəsində təbliğatı gedir. Çünki nasizmə dair hər hansı abidənin qoyulması təbliğat vasitələrindən biridir”.
M.Qasımlının fikrincə, Yerevanda Qaregin Njdeyə abidə qoyulması bir daha onu göstərir ki, Ermənistanda terrorizm, nasistlərlə əməkdaşlıq etmiş şəxslərin təbliği dövlət siyasətinə çevrilib.
“Erməni faşizmi nasizmdən daha qəddardır. Müasir dövrdə nasizm tərəfdarlarının qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir. Hesab edirəm ki, son bir neçə gündə cənab Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana ikinci dəfə tərs bir şillə vurdu. Ölkə başçımız Ermənistanın siyasətinin mahiyyətini açdı”.