Xəbər verildiyi kimi prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.
AZƏRTAC həmin görüşün stenoqramını dərc edib. Həmin stenoqramdan hissələri təqdim edirik:
Görüş iştirakçılarını salamlayan TASS agentliyinin Baş direktoru Sergey Mixaylov deyib: Salam, həmkarlar. Biz sizin hamınızı burada görməyə şadıq. Əlbəttə, pandemiya üzərində qələbə elan edə bilmərik, lakin yavaş-yavaş TASS-ın məşhur “TASS-ın baş redaktorları klubu”nu bərpa edirik. Ona görə yox ki, biz əlifba sırası ilə “A” hərfindən başlamağı qərara almışıq, sadəcə, belə alınıb. TASS agentliyinə gəldiyinizə görə çox sağ olun. Cənab Prezident, biz çox şadıq, Siz burada həmişə çox əziz qonaqsınız və 10 il bundan əvvəlki görüş yadımızdadır, Mehriban xanım da burada olmuşdu. Ümumiyyətlə, nisbətən yaxın vaxtlarda, 5-6 il bundan əvvəl. Adətən bizim görüşlər səmimi dostluq şəraitində keçir. İstənilən sualları verə bilərsiniz. Siz nə isə demək istəyirsinizmi?
Prezident İlham Əliyev: Çox sağ olun. Mən Rusiyanın aparıcı media rəhbərləri ilə görüşmək imkanı yaratdığına görə TASS rəhbərliyinə təşəkkür etmək istərdim. Zənnimcə, mənim Rusiyaya rəsmi səfərimin formatı və əlbəttə, xüsusən dünən qarşılıqlı müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması nəzərə alınmaqla, əsl münasib vaxtdır. Rusiya ilə Azərbaycan arasında çoxsaylı sənədlər imzalanıb – 200-dən artıq. Lakin bu, xüsusi sənəddir, çünki dövlətlərarası münasibətlər qurulmasından 30 il keçdikdən sonra biz müttəfiqlik səviyyəsinə çatmışıq. Əslində, mən deyərdim ki, biz bunu rəsmən təsbit etmişik. Ona görə ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri, mənim fikrimcə, uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Yəni, bu sənəd təkcə böyük işə yekun vurmaqla qalmayıb, həm də Rusiya ilə Azərbaycanın gələcək qarşılıqlı əlaqələri üçün, müsbət regional inkişaf üçün böyük perspektivlər açır. Bu sənəd imzalanandan heç bir gün keçməmiş mən buradayam. Qeyd edildiyi kimi, mən buraya ilk dəfə gəlməmişəm və bu divarlar mənə doğma olub. Xüsusən TASS-da həmişə mövcud olan sərbəstlik şəraitini, fikir mübadiləsi aparmaq və bəzən rəsmi bəyanatların çərçivəsindən kənarda olan müəyyən məsələləri aydınlaşdırmaq imkanını vurğulamaq istərdim.
Dünən Rusiya Prezidenti və mən rəsmi bəyanatlar verdik. Həmin bəyanatlar Azərbaycan mətbuatında tam şəkildə dərc edilib. Fikrimcə, onlarla tanış olmağa imkanınız olub. Buna görə təkrarçılıq etmək istəməzdim. Zənnimcə, sadəcə, bizim söhbətimiz üçün daha çox vaxt saxlamaq lazımdır. Beləliklə, sizin hamınızı görməyə çox şadam. Sağ olun ki, gəlməyə, vaxtınızı bu görüşə sərf etməyə imkan tapmısınız. Mən bunu çox yüksək qiymətləndirirəm.
Sergey Mixaylov: Buyurun, həmkarlar.
Vladislav Fronin, “Rossiyskaya qazeta”nın Baş redaktoru: Onda Bəyannaməyə aid birinci sual yaranır. Bəyannamədə 43 bənd var. Siz ümumi sözlərlə “ümumi səviyyə” deməsək, yeni səviyyə daha konkret olaraq nə deməkdir? Xahiş edirəm izah edin, həqiqətən iqtisadiyyatda, mədəniyyətdə, qarşılıqlı fəaliyyətin digər sahələrində yeni səviyyə nədən ibarətdir? Axı, bizdə neçə illərdir ki, müqavilə mövcuddur. Bəs bu, nə deməkdir, müqavilədən yüksək sənəddirmi?
Prezident İlham Əliyev: Mənim fikrimcə, elədir. Bu, müqavilədən yüksəkdir, ona görə ki, yadımdadırsa müqavilə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında idi, lakin o, müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir. Mən tapşırıq vermişəm, Azərbaycanın Xarici İşlər Nazirliyi Bəyannamənin tam mətnini öz saytında yerləşdirib ki, hər kəs onunla tanış ola bilsin. Mənim dünən qeyd etdiyim kimi, orada 43 bənd var. Əlbəttə, bütün bəndləri şərh etmək həddən artıq vaxt aparar. Bir də ki, buna ehtiyac yoxdur, baxmaq olar. Lakin bu Bəyannamənin adının özü çox şeydən xəbər verir. Bu, artıq dediyim kimi, qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun bir ildən artıq müddətdə, – keçən ilin yanvar ayından, – bu Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Əlbəttə, bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma mərhələsindədir.
Onu da deməliyəm ki, Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir. Yəni, münasibətlər o dərəcədə şaxələndirilib ki, bizim hansı sahələrdə əməkdaşlıq etməyimizi müəyyənləşdirməkdənsə, hansı sahələrdə əməkdaşlıq etmədiyimizi göstərmək və ya söyləmək daha asandır. Əlbəttə, hesab edirəm ki, bizim iki qonşu ölkə üçün bu səviyyəni qarşılıqlı müttəfiqlik səviyyəsi kimi müəyyən etmək böyük nailiyyətdir və əlbəttə, böyük məsuliyyətdir. Biz gələcəkdə də həmişə bu yüksək səviyyəyə uyğun olmalıyıq.
Müstəqil.Az