Xəbər verdiyimiz kimi, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin telefon söhbəti olub.
Müstəqil.Az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti də məlumat yayıb.
Bildirilir ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.
Bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib. Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək.
İkitərəfli gündəliyin mühüm aspektlərinə dair fikir mübadiləsi də aparılıb. Prezident İlham Əliyev Rusiya vaksinlərinin göndərilməsinə görə səmimi minnətdarlığını ifadə edib. Bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Hökumətlər, müvafiq nazirliklər və idarələr xətti ilə intensiv təmaslar buna yönəldiləcək.
**19:08
Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub, liderlər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.
Müstəqil.Az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Danışıqlar Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına uyğun olaraq bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün praktik tapşırıqların həllinə vurğu ilə davam edib. Bu çərçivədə Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisəyə diqqət yetirilib. Rusiya tərəfi dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinin başlanması barədə Azərbaycan və Ermənistan arasında razılığın əldə edilməsinə yönəlmiş səylərə vasitəçilik və məsləhət yardımı göstərməyə davam edəcək”, – deyə məlumatda qeyd olunub.
Vladimir Putin və İlham Əliyev ikitərəfli gündəlikdə duran əsas məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Azərbaycan lideri Rusiya vaksinlərinin Azərbaycana göndərilməsinə görə səmimi minnətdarlığını bildirib.
Qeyd edilir ki, liderlər bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraq ifadə ediblər. “Hökumətlər, müvafiq nazirliklər və idarələr xətti ilə intensiv əlaqələr buna yönəldiləcək”, – deyə TASS Kremlin məlumatına istinadən vurğulayıb.
Müstəqil.Az