Müəllif: Eynulla Fətullayev
Siyasi və iqtisadi islahatların dərinləşdirilməsi, sürətləndirilməsi ilə başlayan ilin başlıca siyasi hadisəsi Yeni Azərbaycan Partiyasının VII qurultayı oldu. Ekspert cameəsində indiki pandemiya dövründə təbii sual meydana çıxdı: partiya rəhbərliyini təcili olaraq qurultay çağırmağa, kadr və təşkilati dəyişikliklər həyata keçirməyə hansı motivlər və səbəblər vadar etdi?
Birinci məqalədə biz siyasi gündəmin başlıca sualına cavab tapmağa çalışacağıq.
Bizim gözlərimiz önündə siyasi sistemin keyfiyyət dəyişikliyi və transformasiyası baş verməkdədir. Söhbət sistemin görünüşünün dəyişdirilməsində deyil, kökündən yenilənməsindən gedir. Hakimiyyət nəinki siyasi institutlarla və vətəndaş cəmiyyəti ilə münasibətlər sisteminə yenidən baxıb, eyni zamanda siyasi sistemin özünün daxilində münasibətlərin xarakterini dəyişib. Bununla belə qeyd etmək lazımdır ki, hakimiyyət fəlsəfəsinin özü dəyişməyib. Üçüncü respublikanın qurucusu Heydər Əliyev tərəfindən əvvəldən əsası qoyulan siyasi vərəsəlik və milli stabilliyin imperativi hakimiyyətin siyasi strategiyasının əsasını təşkil etməkdə davam edir. Belə görünür ki, hakim elita dövlət aparatının idarəetmə sisteminin və dövlət aparatının fəaliyyətinin təftişini həyata keçirib. Və yeni prosesdə gerisayım nöqtəsi son parlament seçkiləri və hakim sosial quruluş kimi nomenkulaturanın regenerasiyası olub.
YAP-ın qurultayı pandemiya dövründə, təcili çağırıldı. Axı YAP-ı yeniləmədən siyasi islahatların sürətləndirilməsi haqda danışmağa dəyməz
İcra aparatının, onun nəticəsində Prezident Administrasiyasının daxili siyasi proseslərə fəal müdaxiləsi dövründə hakim YAP-ın rolu bir qədər zəifləmişdi. Hakimiyyətin aparıcı qayışı-partiyanın insan resursları tükənmişdi. Çünki YAP-ın özü son on ildə funksional və həyat qabiliyyətli siyasi təşkilat təəssüratı yaratmırdı, daha çox vitrin rolunu oynayırdı. Bu, böyük ölçüdə ölkədə bütün siyasi həyatın mariginallaşması, xüsusən də hakim elitanın rəqiblərinin mübarizə metodlarının nüfuzdan düşməsi fonunda baş verirdi.
Milli-demokratik müxalifət seçki və parlament mübarizı yolundan imtina etdi, ictimai şüura mübarizənin yeganə yolu kimi hakimiyyətin “məxməri”, daha sonra “rəngli”, bir az ondan sonra “ərəb baharı”, daha bir müddət sonra isə “maydan” inqilabı yolu ilə qeyri-legitim yolla dəyişdirilməsini yeritməyə çalışdı.
Biz Əli Kərimlinin “qar topası” metodologiyasını dəfələrlə izah etmişik, hansı ki, bu metodologiya sona qədər ictimai narazılığın və siyasi etirazların “qaçılmaz partlayışı” üzərində qurulub. “Milli-demokratlar” 2000-ci illərin ortalarında bütün seçkiləri boykot edərək bir yığın tərəfdarları ilə hakimiyyətə küçə mübarizə metodunu sırımağa çalışırdı. Real, sivil, parlament mübarizəsinin olmadığı şəraitdə hakim partiya öz yerini güc strukturlarına buraxmışdı. Paytaxtın izdihamlı küçələrində bir ovuc müxalifətçinin “başıpozuq, kortəbii” etirazlarının qarşısını daha kim almalı idi ki? Bir ovuc etirazçı apolitik xalqı oyatmağa çalışırdı. Lakin heç cür alınmadı. Və müxalifətçilər bir çox hallarda təsadüfən yoldan keçənləri də öz tərəfdarları kimi qələmə verirdi. Onların tamaşaya oxşayan küçə aksiyaları asayiş keşikçilərinin preventiv tədbirləri ilə qarşılaşırdı. Və ildən-ilə belə davam edirdi.
Son 15 ilin siyasi mübarizə tarixçəsini bax bu miskin mənzərə əks etdirir. Bir ovuc müxalifətçi, səhnədə, jurnalistlərin qarşısında yoldan keçənlərin diqqətini özünə cəlb etməyə çalışır…
Azərbaycanın bütün siyasi həyatı son on ildə Bakının mərkəzi küçələrində müxalifətin 30-50 tərəfdarının polislə qaçdı-tutdu oynamasına qədər deqradasiyaya məruz qalmışdı.
Polislərlə müxalifətçilərin qaçdı-tutdu oynadıqları bir vaxtda hakim partiya Prezident Administrasiyasının əlavəsinə çevrilmişdi. Partiya, daha doğrusu partiya funksionerləri hakimiyyətin icraedici qolu ilə çuğlaşmışdı. Bir yığın müxalifətçi isə, hansı ki, xalqdan hələ də qorxunc dərəcədə uzaqdırlar, birdəfəlik internetə “köçdü”. Təxminən 5-7 il əvvəl siyasi həyat virtual məkanın yeni sərhədlərinə qovuşdu. Onlarla birlikdə YAP da öz iqamətgahında bir neçə kabineti açıq saxlayaraq virtual şəbəkəyə keçdi. Hakim partiyanın virtual yaşam dövrü də başladı. Son illərdə YAP-ın partiya həyatı darıxdırıcı və boz hesabat yığıncaqlarından, ölkənin siyasi folklorunda mənfi personaja çevrilən Siyavuş Novruzovun bivec çıxışlarından ibarət idi.
Axı YAP Heydər Əliyev və Azərbaycan ziyalılarının ən yaxşı nümayəndələri-Sirus Təbrizli, Ziya Bünyadov, Xəlil Rza, Fərəməz Maqsudov və digərləri tərəfindən yaradılmışdı, Azərbaycan torpaqlarının geri alınması və milli sabitliyin formalaşması uğrunda mübarizədə güclü siyasi silah idi. Şübhəsiz ki, partiya canlı siyasi orqanizm kimi hakimiyyətin möhkəmləndirilməsində, sabitliyin yaranmasında və dövlətçiliyin formalaşmasında mühüm rol oynamışdı. Və nəticədə həm də parlament divarları arasında revanşist müxalifətlə mübarizədə və 1988-ci il prezident seçkiləri kampaniyasında.
Fırtınalı 90-cı illərdəki qızğın siyasi mübarizə YAP tərəfdarlarını küçələrə çıxarmışdı
Əlbəttə, Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra İlham Əliyev ölkənin qalib milli lideri statusunu qazandı. Və Prezident ayrıca götürülmüş siyasi sinfin və ya sosial seqmentin dəstəyinə ehtiyac duymur. İ.Əliyev nəinki YAP-ın və Heydər Əliyevin 1993-cü ildə elan etdiyi başlıca proqram vəzifəsini-ərazi bütövlüyünün bərpasını yerinə yetirdi, eyni zamanda milli xəyalları reallaşdırdı.
Qarabağın paytaxtı Şuşa, 30 il əvvəl olduğu kimi yenə də Azərbaycan milli ləyaqətinin alınmaz məbədidir. Bununla yanaşı, məhz İlham Əliyevin idarəçiliyi dövründə rusiyalı jurnalist Maksim Şevçenkonun haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan regionun güclü dövlətinə, müstəqil və iqtisadi baxımdan inkişaf etmiş dövlətə çevrildi. Ümumxalq dəstəyinə arxalanan Prezidentə qarşı kiminsə rəqib kimi ortaya çıxmağa cəsarət edəcəyini təsəvvür etmək belə çətindir.
Ancaq Prezident yeni milli-dövlətçilik prioritetlərini elan etdi və yeni milli konsensus ideyasını açıqladı. Hər cəmiyyətdə, hətta ən inkişaf etmiş cəmiyyətdə belə hakimiyyətdən narazılar olur. Azərbaycana gəldikdə, əlbəttə ki, söhbət daxili siyasətdən narazı olanlardan gedir, çünki bütün siyasi qüvvələr, o cümlədən barışmaz şəbəkə müxalifəti İ.Əliyevin xarici siyasəti ilə yekdilliklə razı olduqlarını ifadə edir.
İlham Əliyev azərbaycanlıların xəyallarını həyata keçirdi. Şuşadan sonra Prezidentə qarşı çıxmağa kim cəsarət edə bilər?
Prezident xalq hakimiyyətinin, amma izolyasionizm və suveren demokratiya formasında, üçüncü qüvvələrin və ölkələrin daxili siyasətə müdaxiləsini məhdudlaşdıran formatda xalq hakimiyyətinin qızğın ideya tərəfdarıdır. Partiyanın qurultayındakı çıxışında İ.Əliyev bu səbəbdən siyasi dialoqun əhəmiyyətinə diqqəti yönəltdi. Amma konstitusiya çərçivəsinə və parlament mübarizəsi formasına sadiq olan siyasi qüvvələr və vətəndaş cəmiyyəti institutları ilə. Hakimiyyət sistemdənkənar cərəyanlarla, “maydan” hərəkatı və ya “xalq üsyanları” ilə hədələyən qüvvələrlə danışıqlar masası arxasına oturmayacaq. İ.Əliyev yeni postmüharibə dövrü siyasi reallıqlarında çoxqütblü siyasi sistemin narazıların və tənqdi səslərin cəlb edilməsi ilə təkmilləşdirilməsi qərarını verdi. Antaqonist siyasi təşkilatların yeni mövcudluq müxanizminin əsasını qoydu. Siyasi islahatlar yekun mərhələyə daxil olur. Və bu mübarizədə hakim partiya Prezidentin və yeni dövrün tələblərinə cavab verməlidir.
Üstəlik hələ Heydər Əliyevin dövründən YAP məmur sinfinin yetişdiyi yer idi. Məhz partiyanın divarları arasında, ideya rəqibləri və başqa cür düşünənlərlə qızğın diskussiyalarda fəalların yeni nəsli formalaşırdı. YAP Prezidentin funksional aparatının aparıcı qayışı idi.
Tamamilə qanunauyğundur ki, İ.Əliyev partiyanın icra aparatını da yenidən formalaşdırdı. İcra katibi və onun müavinləri vəzifəsindən imtina etdi, partiyanın mərkəzi aparatını da yenidən qurdu. Və yeni aparata hakim sinfin ən savadlı və təhsilli nümayəndələrindən biri-sovet quruluşunun dağılmaqda olduğu dövrdə komsomolda iş təcrübəsi qazanan, müxtəlif nazirliklərdə və idarələrdə, eləcə də Prezident Administrasiyasında və icra strukturlarında iş təcrübəsi olan Tahir Budaqovu rəhbər təyin etdi.
Partiya aparatına ziyalı Budaqov rəhbərlik edir
Yenilənmiş partiyanı qarşıda mübarizələr, seçkiqabağı kampaniya və ideoloji qarşıdurma gözləyir. YAP icra hakimiyyətinin üzləşdiyi kadr qıtlığını da aradan qaldırmalıdır. Yeni kabinetlərdə və partiyanın köhnə dəhlizlərində əhatəli siyasi yenilənmə baş verməlidir. Prezidentin qələbəsindən ruhlanan gənclik partiyanın qapılarını döyməlidir, ideya-siyasi mübarizəyə qoşulmalıdır.
Dünyanın əksər ölkələrində qalib gəlmiş sosial dövlət modeli sağlarla sollar, klassiklər və demokratlar arasında klassik ziddiyyətləri aradan qaldırıb, klassik siyasi partiyaları personallaşdırılmış qeyri-formal hərəkatlara çevirib. Sollar sağa gedib, sağlar isə mərkəzə meyl edib.
Böyük hesabla müasir Avropanın bütün partiya hərəkatları, xüsusən də dövlətlərin yüksək sosial öhdəlikləri, avroskeptizmi və reanimasiyası, milli dövlətçilik ideyasının populyarlaşması fonunda sosial liberalizm və ya sosial-reformizm platformasına yönəlib. Yəni dövlətin iqtisadiyyata müdaxiləsinin və dövlətin özünün rolunun gücləndirilməsinin tərəfdarı kimi çıxış edir. Bugünkü dünyada ideoloji fərqlər olduqca şərtidir və böyük hesabla siyasi vərəsəlik ənənələrinə köklənib.
Yeni dövrdə partiyanın proqram vəzifələrinin təftişə ehtiyacı varmı? Müasir dünyada siyasətin və ideologiyanın nisbətini necə müəyyən etmək lazımdır? Axı indi Qərbin özündə aktivistik siyasi ideologiyanın çöküşü haqda açıq danışırlar, onların müasir siyasi proseslərlə təsirini inkar edirlər. Və yeni universallaşmış “naturalizm” ideologiyası şərtlərində öz “dəyərlər sistemini” necə qurasan?
Bu suallara növbəti məqaləmizdə cavab verməyə çalışacağıq.