İlham Əliyevin bəyanatları barədə ciddi düşünmək lazımdır

Azərbaycan Prezidenti İlham Əliyevin 19 sentyabr tarixində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi sensasiyon fikirlər barədə artıq həm Azərbaycanda, həm də xaricdə bir çox siyasi müşahidəçilər, ekspertlər açıqlamalar verib, münasibət bildiriblər.

Məni isə hamıdan çox məhz düşmən ölkənin baş nazirinin və ekspertlərinin İlham Əliyevin müsahibəsinə necə reaksiya verəcəkləri maraqlandırırdı. Ermənistanın Baş naziri Nikol Paşinyan hələ ki, susur. Çünki şokdadır. İlham Əliyevin çıxışı ona şok yaşadıb. Çünki Azərbaycan Prezidenti bu çıxışında Paşinyanı rəzil edib və onun gerçək simasını (daha doğrusu, yalançı, riyakar, məsuliyyətsiz, qeyri-ciddi simasını) açıb ortaya qoyub, ifşa edib.

Mən bu fikrimi, bu qənaətimi, öz təxminlərim əsasında yox, Ermənistan KİV-lərində, erməni social şəbəkə istifadəçilərinin şərhlərində yer alan fikirlərin əsasında deyirəm. Bəli, istər bir çox erməni siyasətçiləri və ekspertləri, istərsə də sıravi ermənilər Azərbaycan Prezidentinin Ermənistan rəhbərliyi barədə səsləndirdiyi fikirləri anlayışla qarşılayır və bu fikirlərin həqiqət olduğunu etiraf edirlər.

Mən indi Ermənistanın nüfuzlu şəxslərindən ikisinin – Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyanın və politoloq Stepan Danielyanın Prezident İlham Əliyevin müsahibəsi ilə və Nikol Paşinyanla bağlı fikirlərini təqdim etmək istəyirəm. Bu fikirlər Prezident İlham Əliyevin siyasi və hərbi ritorikasının təsir gücünü, effektini qiymətləndirmək baxımından çox önəmlidir.

Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərlə görüşündə bildirib ki,“Qarabağ münaqişəsi ətrafında baş verən proseslər çox narahatvericidir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları aydın siyasi məqsədə malikdir. Türkiyə tərəfinin də bəyanatlarını nəzərdən keçirsək, başa düşərik ki, Azərbaycan Qarabağı yox, Azərbaycan və Türkiyə Ermənistan və Qarabağı istəyir”.

O qeyd edib ki, İlham Əliyevin bəyanatları barədə ciddi düşünmək lazımdır və bu bəyanatların arxasında aydın şəkildə tanklar və toplar görünür. Aşotyan həmçinin Paşinyan-Mnasakanyan cütlüyünün Qarabağla bağlı siyasətini uğursuz siyasət kimi qiymətləndirib. Aşotyan Qarabağ məsələsinin həlli haqqında danışarkən deyib: “Prosesə öz nöqteyi-nəzərlərindən başlayaraq bütün prosesi ayaqlarının altına atıblar. Proses hələ başlamamış biz potensial günahkarıq, niyə? Çünki Nikol Paşinyan və Zöhrab Mnatsakanyan daxili populizmə qapılmışdılar, iki il yarım ərzində bizi dinləmirlər”. Respublikaçılar partiyasının sədr müavini deyib ki, Nikol Paşinyan bütün bunlara görə cavab verməlidir. “Müharibə olsa, Ermənistan bu müharibədə günahkar kimi etiketlənməməlidir. Ermənistan Baş naziri – Xarici İşlər naziri cütlüyünün öz rüsvayçı uğursuzluqlarına necə üzsüzlüklə yanaşması təəccüblüdür”, – deyə o qeyd edib.

Aşotyanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Nikol Paşinyan keçmiş iqtidar komandasının yenidən hakimiyyətə geri qayıtmaması üçün ondan atəşkəsi gücləndirməyi xahiş edib və Qarabağ məsələsinin həlli üçün vaxt istəyib. Aşotyanın fikrincə, Ermənistanda baş verən bütün proseslər Qarabağ məsələsi ilə əlaqəlidir. Aşotyan qeyd edib ki, hazırda Azərbaycan təbliğatı qalib gəlir.“Ermənistan-Qarabağ münasibətlərində heç vaxt bu cür xaos olmayıb”, – deyə Aşotyan bildirib.

Armen Aşotyan Azərbaycan Prezidentinin çıxışını Nikol Paşinyanın iç üzünü açıb ifşa etmək baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. “Əliyevin bəyanatları hamı üçün Nikol Paşinyanın maskasını cırır. Nikol Paşinyan Qarabağ danışıqları məsələsi üzrə elə bir günah toplayıb ki, bu günahdan təmizlənə bilməz, günah çantasını götürməli və getməlidir”, – deyə Aşotyan vurğulayıb.

Erməni politoloq Stepan Danielyan isə İlham Əliyevin çıxışlarını etibarlı mənbə kimi qiymətləndirib və ermənilərin əsl həqiqətləri Azərbaycan Prezidentinin çıxışlarından öyrənə biləcəyini qeyd edib. O, bununla bağlı erməni ictimaiyyətinə belə bir çağırış da edib: “İlham Əliyevin çıxışlarını diqqətlə dinləyin. Onun dediklərində həqiqət var və bir çox hallarda həqiqəti məhz ondan öyrənmək olur, bizim pəltək yalançıdan yox”.

Politoloq S.Danielyanın bu fikiri erməni sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Danielyan isə etiraf edib ki, Prezident İlham Əliyevin son müsahibəsi Ermənistanda həqiqətdən də böyük rezonans doğurub və zəlzələ effekti verib. Çünki İlham Əliyev Ermənistanın son təxribatlarının nə ilə nəticələnəyini erməni ictimaiyyətinin diqqətinə çatdırdı və bir növü onları ayıltmış oldu. Azərbaycan Prezidenti işğalçı ölkənin baş nazirinin hazırki siyasətinin Ermənistana çox baha başa gələcəyini ermənilərin diqqətinə çatdırdı. Paşinyanın yalanları ilə, Feysbuk üzərindən populistcə etdiyi canlı yayımlarla (əslində isə canlı nağıllarla) bəslənən sıravi ermənilər yəqin ki, İlham Əliyevin bu çıxışından özləri üçün lazımi nəticələr çıxaracaqlar.

Əlisahib Hüseynov 
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Share: