“İlham Əliyevin komandanlığı ilə ordumuz torpaqlarımızı düşmən caynağından qopardı”

“İlham Əliyevin komandanlığı ilə ordumuz torpaqlarımızı düşmən caynağından qopardı”
Bu gün sonuncu prezident seçkilərindən 4 il keçir. 2018-ci ilin prezident seçkiləri Azərbaycan xalqının İlham Əliyev siyasətinə inamının ən yüksək həddə çatdığının təsdiqi oldu. Əvvəlki seçkilərdən daha çox səs toplamış İlham Əliyev artıq ölkə qarşısında duran ən böyük problemin həllinə – torpaqların işğaldan azad olunmasına ümumxalq dəstəyi ilə gedəcəkdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində məhz belə bir yekdil dəstəyin şahidi olduq. Bu inamı və dəstəyi İlham Əliyev necə qazanmışdı.
2003-cü ildən etibarən keçirilmiş prezident seçkiləri, həmin seçkilər ərəfəsində Prezidentliyə namizəd İlham Əliyevin seçki platformasını bəyan edən çıxışları ildən-ilə, seçkidən seçkiyə  artan inam və etimadın yüksəliş xronologiyasını aydın göstərir. 2003-cü ildə İlham Əliyev ilk dəfə namizədliyini irəli sürərkən onun prezidentliyi dövründə ölkədə qaçqın düşərgəsinin qalmayacağını, öz doğma evlərindən məhrum olmuş soydaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunacağını vəd etmişdi. Prezidentliyə namizəd İlham Əliyev işsizlik və yoxsulluq içində çarpışan vətəndaşlar üçün ölkədə 600 min yeni iş yeri yaradacağını bəyan etmiş və iqtisadi tənəzzülün iqtisadi yüksəlişlə əvəz olunacağına söz vermişdi. Seçicilərin əksəriyyəti ilk dəfə İlham Əliyevə etimad göstərərək onu özünün prezidenti seçdi. İlham Əliyev isə özünün dediyi kimi, yalnız  öz seçicilərinin yox, hər bir Azərbaycan vətəndaşının prezidenti oldu. İlk 5 il ərzində xalq  İlham Əliyevin bəyan etdiyindən daha çox işlər görməyə qadir olduğunu və prezidentlik müddətinin hər gününü və hər saatını xalqın ən ümdə problemlərinin həllinə həsr etdiyinin şahidi oldu. Nəticədə bütün qaçqın düşərgələri ləğv olundu, 600 min əvəzinə isə 900 min iş yeri yaradıldı. Xalq növbəti 2008-ci il seçkilərinə böyük məmnunluq və minnətdarlıq hissləri ilə  gedirdi.
2008-ci il seçkiləri ərəfəsində Prezident İlham Əliyev növbəti 5 il ərzində ölkədə dayanıqlı inkişafı təmin edərək əlverişli biznes mühitinin yaradılacağını, iqtisadiyyatın şaxələndirilməsi üzrə həyati vacib islahatların aparılcağını elan etdi. Prezident seçkiləri bütün dünyada qlobal iqtisadi böhranın başlaması ilə eyni zamana təsadüf edirdi. Dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrində qlobal böhran səbəbindən inkişaf templərinin nəzərəçarpacaq dərəcədə azaldığı bir dönəmdə Azərbaycan növbəti 5 il ərzində ən yüksək iqtisadi inkişaf artımı ilə lider dövlətə çevrildi. Qeyri-neft sektorunun inkişafı istiqamətində gələcəyə hesablanmış çox mühüm addımlar atıldı. Demək olar ki, bütün ölkələrdə həyat səviyyəsi enməkdə davam edərkən ölkəmizdə əhalinin illik orta gəlirləri artmağa başladı. Digər ölkələrdə büdcə defisitinin artdığı bir zamanda Azərbaycan höküməti  hər bir maliyyə ilini profisitlə başa vururdu. Növbəti dəfə İlham Əliyev ən çətin vəziyyətlərdə hansı yüksək nəticələrə nail olmağa qadir olduğunu nümayiş etdirdi. Bütün bunlar prezident Əliyevin ölkənin strateji inkişafı haqqında dəqiq düşünülmüş, aydın və konkret inkişaf proqramına, eləcə də qarşıya çıxan çətinliklərə baxmayaraq bu proqramı uğurla həyata keçirmək iradəsinə malik olduğunu sübut etdi.
2013-cü il seçkiləri həm daxildən, həm də xaricdən Azərbaycanın uğurları əleyhinə çalışan qüvvələrin səfərbərliyi şəraitində keçirdi. “Demokratiya” və “insan haqları” haqqında şüarlarla pərdələnmiş təzyiq siyasəti əslində ölkədə qarşıdurma yaratmağa, Azərbaycanı inkişaf və tərəqqi yolundan döndərməyə yönəlmişdi.  Öz siyasi iddialarına nail olmaq naminə milli maraqlarımızı qurban verməyə hazır olan bir sıra marginal qrupları dəstəkləyən xarici qüvvələr bu dəfə də Azərbaycan xalqının İlham Əliyevə olan sonsuz etimadı və inamı qarşısında geri çəkilməyə məcbur oldular. İlham Əliyevin inamlı qələbəsi ilə başa çatan seçkilərdən dərhal sonra ölkə hərtərəfli islahat və inkişaf dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə Yol Xəritələri təqdim olundu. Bu yol xəritələrinin həyata keçirilməsi ilə Azərbaycan bir çox inkişaf göstəriciləri üzrə dünyada ən qabaqcıl yerlərə çıxdı.
4 il öncə bu gün keçirilmiş prezident seçkilərində İlham Əliyevə göstərilən dəstək özünün pik həddinə çatdı. Xalq artıq öz gələcəyini yeganə lideri hesab etdiyi İlham Əliyevin adı ilə bağlamışdı. Bütün sahələrdə davamlı və sürətli inkişafın şahidi olmuş vətəndaşlar artıq ölkə qarşısında duran ən böyük problemin – Qarabağın azadlığa qovuşmasının nicatını məhz İlham Əliyev siyasətində görürdü. Bütün əvvəlki seçkilərdə Prezident İlham Əliyevin xalqa bəyan etdiyi inkişaf proqramlarında dövlət və ordu quruculuğu qırmızı xətlə keçirdi. Xalq ona inanırdı və uzun zaman gözlənilən həqiqət anının məhz İlham Əliyevin rəhbərliyi altında gələcəyinə əmin idi. Prezident İlham Əliyev ölkədə həyat səviyyəsinin artımı ilə yanaşı onun müdafiə qüdrətinin davamlı olaraq artırılmasını prioritet vəzifə kimi qarşıya qoymuşdu və bu vəzifənin öhdəsindən necə gəlindiyi 2020-ci ilin payızında vətən torpaqları uğrunda müqəddəs savaşda özünü bütün parlaqlığı ilə göstərdi. Bütün bu illər ərzində prezident İlham Əliyevin şəxsi rəhbərliyi ilə hazırlanmış ordumuz 30 il ərzində işğal altında qalmış torpaqlarımızı sanki  bir göz qırpımında düşmən caynağından qopardı. Güc mərkəzləri hesab olunan bir sıra dövlətlərin bütün ciddi-cəhdlərinə baxmayaraq Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında  son anadək – hər bir Azərbaycanlı üçün şərəf və ləyaqət rəmzi olan Şuşanın azad olunmasınadək müharibəni davam etdirdi. Azərbaycan əsgəri Vətənin hər qarış torpağı üçün canını əsirgəmədi, həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verdi.
Bu gün Azərbaycan azad və hürdür. Yüz illər boyunca bu azadlığa və hürriyyətə can atan bir xalq nəhayət ki, sözün tam mənasında öz gələcəyinin sahibidir. Bütün bunlar Azərbaycan xalqının heç zaman yaddaşlardan silinməyəcək tarixi qələbələridir. Amma bu qələbələri mümkün edən ən böyük qələbə –  xalqın müdrik seçimi idi. Xalq müdrik bir seçim etmişdi – İlham Əliyev seçimi.  Məhz Prezident İlham Əliyev ən böyük tarixi qələbələrə Azərbaycan xalqının imzasını atdı, xalqın qürur və ləyaqətini özünə qaytardı. Bununla da Prezident İlham Əliyev Azərbaycan tarixinin ən qüdrətli liderinə çevrildi və bu gün bütün Azərbaycan öz müdrik seçimi ilə fəxr edir.
Cavanşir Feyziyev
11 aprel 2022-ci il.
Share: