İlham Əliyevlə Ərdoğanın Azadlıq Meydanından ucalan çağırışları…

İlham Əliyevlə Ərdoğanın Azadlıq Meydanından ucalan çağırışları…

XX əsrdə olduqca keşməkeşli tarixi hadisələr yaşayan və son 30 ildə isə torpaqlarının böyük bir hissəsi işğal altında qalan Azərbaycan xalqının nə vaxtsa Qələbə sevincini, Zəfər xoşbəxtliyini yaşamağa tam haqqı çatırdı. 10 dekabrda baş tutan Zəfər Paradı xalqımızın illərdən bəri həsrətlə və həyəcanla gözlədiyi tarixi hadisə idi.

Həm xalqımız, həm dövlətimiz, həm də ordumuz ölkəmizin baş meydanında keçirilən Zəfər Paradına qədər böyük bir yol keçdi. Zəfər Paradı qalib Ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin tərənnümü və son akkordu idi. Amma bu son akkordun həqiqətən də layiqli və möhtəşəm olması üçün son illərdə dövlətimiz tərəfindən böyük işlər görülüb.
44 günlük müharibədə əldə etdiyimiz Qələbə heç də birdən-birə qazanılmadı. Bu Qələbə üçün Prezident və Ali Baş Komandan İlham Əliyev tərəfindən uzun müddət xüsusi hazırlıq işləri aparılmış, etibarlı zəmin yaradılmışdı. Məhz bu zəmin üzərində döyüşən Müzəffər Ordumuz qısa bir müddət ərzində dünya hərb tarixində görünməmiş bir uğura, zəfərə imza atdı. Zəfər Paradı da Ordumuzun bu uğurunun, qələbəsinin dünyaya təntənəli nümayişi idi. Bu parad eyni zamanda milli həmrəyliyimizin təcəssümü kimi, bir xalqın düşmənə qarşı mübarizədə öz Dövləti, öz Ordusu, öz Ali Baş Komandanı ilə yumruq kimi birləşməsinin təzahürü kimi qiymətləndirilməlidir. Düşmənin başına endirilən “Dəmir yumruq” da elə həmin bu yumruq idi. Bunu cənab Prezident də Zəfər Paradındakı tarixi çıxışında xüsusi qeyd etdi.
44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olunmasını, Ermənistanın təcavüzkar, işğalçı hərbi-siyasi rəhbərliyi üzərində qəti qələbəmizi təmin etdi, Zəfər Paradı isə milli kimliyimizi özümüzə qaytardı, milli qürurumuzun yenilməzliyini nümayiş etdirdi. Xalqımızın qəhrəman övladlarının həyatı, qanı bahasına əldə olunan tarixi Qələbəmizə həsr olunmuş Zəfər Paradı eyni zamanda dostlarımıza da, düşmənlərimizə də böyük bir mesaj idi. Və bu mesajı Azərbaycan və Türkiyə liderləri birlikdə verdilər. İlham Əliyevlə Ərdoğanın Azadlıq Meydanından ucalan çağırışları həm Zəfərimizin təntənəsi, həm də sülh çağırışları idi. Biz savaşdıq və nəinki Qarabağda, həm də bütün bölgədə sülhü bərqərar etdik!
Zəfər Paradımızda qardaş Türkiyənin liderinin və hərbçilərinin bizimlə bir yerdə olmasının çox dərin tarixi və siyasi əhəmiyyəti vardır. İki qardaş ölkənin liderləri bununla bütün dünyaya yeni birlik modeli nümayiş etdirdilər. Bəli, tarixi köklər, milli birlik və səmimi qardaşlıq üzərində qurulan müttəfiqlik beynəlxalq siyasətdən və diplomatiya tarixindən tanıdığımız, bildiyimiz birlik modelləri arasında ən sarsılmaz və etibarlı birlik formasıdır. İki liderin Azadlıq Meydanının uca kürsüsündən nümayiş etdirdikləri bu birlik heç şübhəsiz ki, dostlarımızı sevindirəcək, düşmənlərimizi isə məyus edəcək. Artıq ilkin reaksiyaları da görürük. Bəzi qüvələr və ölkələr bu əzəmətli Zəfər Paradından və iki türk liderinin Paradda verdikləri mesajlardan narahat olmağa, təşviş keçirməyə başlayıblar. Amma biz onlara fikir verməməliyik. Əsas odur ki, biz qalibik. Qalibləri isə necə deyərlər, mühakimə etmirlər. Zəfər Paradında Ordumuzun döyüş ruhunu, hərbi-texniki gücünü və Azərbaycan-Türkiyə liderlərinin çiyin-çiyinə duruşunu həzm etməyən qüvvələr bundan sonra hələ çox kədərlənməli olacaqlar.
Biz bundan sonra düşmənlərimizi məyus edəcək daha böyük işlər görəcək və birgə uğurlara imza atacayıq. Bu mənada Zəfər Paradı bir dönəmin yekunu, yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Zəfər Paradını keçirməklə biz 30 illik işğal tariximizi Qələbə notları ilə qapatdıq. İndi tamamilə yeni dövr və yeni həyat başlayır. Mən Zəfər Paradına böyük Qələbəmizin üzərində qurulacaq yeni həyatın start nöqtəsi kimi baxıram. Qalib dövlətimiz və yenilməz xalqımız inşAllah Qarabağımızı yenidən quracaq!
Əlisahib Hüseynov 
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Share: