“Bu razılaşmanın əldə olunması məni çox sevindirdi. Bu, çoxdan arzu edilən hadisə idi və nəhayət ki, baş tutdu. Bu yataqda 50 milyon barrelə yaxın neft ehtiyatı var. Bu həm Türkmənistan, həm də Azərbaycana əlavə qazanclar gətirəcək”.
Bu sözləri BAKU.WS-ə İqtisadçı ekspert Sabit Bağırov bildirib.
Onun sözlərinə görə, bu yataq əslində daha geniş iqtisadi əməkdaşlığın əsasını qoyacaq: “İstənilən neft layihəsi iqtisadiyyatda multiplikatora malikdir. Bundan sonra iki ölkə arasında digər sahələrin birgə inkişaf etdirilməsi, o cümlədən yaxın gələcəkdə Transxəzər qaz boru kəmərinin inşasının reallaşması da mümkündür.
Bu, hər iki ölkə üçün çox yaxşı hadisədir. Buna çox sevinirik və böyük töhvə verəcəyinə ümid edirik”.
Xatırladaq ki, bu gün Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.
Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.
SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.
Müstəqil.AZ