Türkiyə və Azərbaycan Prezidentləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında iki lider münasibəti var, ikisi də dünyada liderlik diplomatiyası nümayiş etdirirlər.
Bunu -nın Türkiyə bürosuna açıqlamasında Girne Amerikan Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Sadık Akyar bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin ikitərəfli münasibətlərində bütün məsələlərə dair mövqeləri son dərəcə vacibdir.
“Burada, əsas məsələ, təbii ki, iki dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri və çəkisidir. Azərbaycan və Türkiyə prezidentləri davamlı olaraq görüşlər keçirir, məsləhətləşmələr aparırlar. Bunu da qeyd etmək Lazımdır ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev liderlik xüsusiyyətləri baxımından bənzər liderlik diplomatiyası yürüdürlər. İki ölkənin siyasi arenada çəkisinə baxdıqda isə, Türkiyənin son illərdə müdafiə sənayesi sahəsindəki yüksəlişini, İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstəyi, Rusiya – Ukrayna müharibəsi və Qəzza məsələsindəki vasitəçilik rolunu vurğulamaq lazımdır. Hansı ki bütün bunlar onun beynəlxalq münasibətlər sistemində çəkisinin artdığının göstəricəsidir. Azərbaycan isə, öz növbəsində, Rusiya – Ukrayna müharibəsindən sonra Avropaya, demək olar ki, təbii qaz tədarük edən yeganə ölkəyə çevirilib. Bu çox mühüm məsələlərdir”, – ekspert vurğulayıb.
Professorun sözlərinə görə, Ankaranın İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək “Bir millət, iki dövlət” prinsipinin təzahürüdür.
S. Akyar Prezident İlham Əliyevin: “Bu gün ölkəmiz qarşısında hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, zəng edəcəyi insanın, əlbəttə, ilk növbədə, qardaş Rəcəb Tayyib Ərdoğan olacaq”, – fikrinin tamamilə təbii hal olduğunu ifadə edib və iki ölkənin bu cür məqamlarda bir-birinə hərtərəfli dəstək verəcəyinə əmin olduğunu vurğulayıb: “Bu o deməkdir ki, hər iki ölkədə sadəcə dövlət deyil, həm də iki xalq mütləq həmrəylik nümayiş etdirir. Bunun bariz nümunəsi İkinci Qarabağ müharibəsi və Türkiyədə 6 fevralda baş verən dağıdıcı zəlzələdən sonrakı qarşılıqlı münasibətlərdir. Belə bir deyim var ki, iki ölkə arasında daimi dostluq və qardaşlıq deyil, milli maraqlar olur. Lakin Azərbaycan və Türkiyə arasında elə bir münasibətlər yaranıb ki, birinin milli maraqları digərinin də milli maraqları halına gəlib. Bu da o deməkdir ki, bir tərəfin ziyanına olacaq təqdirdə, bunu hər iki tərəf görəcək. İnanıram ki, bundan sonra da Türkiyə və Azərbaycan lazım olduğu halda hər bir mövzuda bir-birinə şərtsiz dəstək verəcək”.