İlham Rəhimov Bakıda beynəlxalq konfrans keçirdi — Video

Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq konfransda dövlət rəsmiləri, Milli Məclisin deputatları, tanımış hüquqşünaslar, QHT və KİV nümayəndələri, eləcə də, Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya və s. ölkələrdən nüfuzlu hüquqşünasları, hüquq təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirin açılışında çıxış edən asossasiyanın prezidenti İlham Rəhimov Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələ ilə bağlı başsağlığı verib. O, rəhbərlik etdiyi təşkilatın zəlzələdə hər iki valideynini və digər yaxınlarını itirən bir neçə uşağın himayəyə götürülməsi barədə təşəbbüs göstərdiyini bildirib.

İlham Rəhimov deyib ki, konfrans onun təşəbbüsü ilə keçirilir: “Bir-iki ay öncə Moskvada yoldaşlarla birgə qərara gəldik ki, bu tədbiri Bakı şəhərində keçirək. Təşəbbüsü də açığı, elə özüm verdim. Bu tədbirin Bakıda keçirilməsində əsas məqsəd odur ki, xaricdən gələn 9 ölkədən 30-dan çox nümayəndəyə izah edək ki, müstəqil Azərbaycanda belə tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var”.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiyanın əməkdar hüquqşünası Taliya Yarullovna Xabriyeva tədbirin əvvəlində akademiyanın xüsusi mükafatını İlham Rəhimova təqdim edib.

O, çıxışında beynəlxalq hüquq sistemində son illərdə ciddi problemlərin yarandığını, dövlətlərarası münasibətlərin gərginləşdiyini və bu kimi tədbirlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu deyib:

“Cinayətkarlığa qarşı mübarizə bütün ölkələrdə aktual hesab olunur. Bunun üçün tarixən və bu günümüzdə də tövsiyələr işlənib hazırlanıb. Ötən il çox vacib hadisə baş verdi. Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimov Rusiya Elmlər Akademiyasının tərkibinə seçildi. O, həmçinin akademiyanın Fəxri Fərmanı ilə təltif olundu”.

Daha sonra Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rəyasət Heyətinin üzvü, akademiyanın Dövlət və Hüquq institutunun direktoru, hüquq elmləri doktoru, professor Savenkov Aleksandr Nikolayeviç çıxış edib. O, ilk olaraq Rusiya Federasiyasının Ədliyyə nazirinin təbrikini çatdırıb:

“Nazir konfrans iştirakçılarına müraciətində vurğulayır ki, Azərbaycan, Moldova, Ukrayna, Serbiya və digər ölkələrin hüquq sahəsinin mütəxəssislərinin bir araya gətirilməsi uğurlu addımdır. Cinayətkarlığa qarşı mübarizə bütün ölkələrdə prioritet hesab edilir. Bizim hazırda burada iştirak etməyimiz onu göstərir ki, dövlətlərimiz hüquqi bəşəri dəyərlərə sadiqdir. Rusiya Federasiyasından hüquq nümayəndələrindən də burada hüquqşünaslar yer alır. Düşünürəm ki, fikirlərimizi çatdıra biləcəyik”.

Konfransda çıxış edən Bolqarıstanın “Slavyane” Fondunun sədri, hüquq elmləri doktoru, professor Zaxariya Zaxariyev bildirib ki, hazırkı beynəlxalq vəziyyət qeyri-sabitdir: “Bu isə terrorizmin və radikalizmin genişlənməsinə səbəb olur. Planetimizin bütün sülhsevər ölkələrində gərginliyin azaldılması, sülh mühitinin bərpası müzakirə mövzusudur. Kapitalizm öz tarixi resursunu tamamilə tükədib. COVID pandemiyası zaman ötdükcə “avtoritarizm pandemiyası”na çevrildi, bəzi qüvvələr üçün əsas silah oldu”.

Baltikyanı ölkələr üçün demokratiya imkanlarının tükəndiyini bildirən Z. Zaxariyev dünyada kapitalizmi əvəz edəcək yeni münasibətlər sisteminin yaranmasının zəruri olduğunu deyib.

Rusiyanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, RF İstintaq Komitəsi Akademiyasının professoru Yuri Qolik isə bildirib ki, dünyada nasizm baş qaldırmaqdadır:

“Məsələn, ABŞ-yə baxsaq, görərik, yaxud Çində müşahidə edə bilərik. Nasizm üfunətli təfəkkürün bir hissəsidir”.

Cinayət hüququnun bütün resurslarını korrupsiya ilə mübarizədə tükətdiyini deyən professor əlavə edib ki, korrupsiya ilə mübarizə daxildə getməlidir: “Burada hüququn başqa sahələrində olan mütəxəssislər danışmalıdır. Cinayət hüququ çox mürəkkəb sosial sistemdir. Hüquqi maarifləndirməni sosial sistemlərə salmağı çox vaxt unudurlar. Ətrafımızda gördüklərimizi necə başa düşsək, elə də yaşayacağıq. İstənilən sosial sistem cəmiyyəti idarə etmək üçün yaradılır. Əks halda cəmiyyətin buna ehtiyacı yoxdur”.

Türkiyə-Rumıniya Ticarət Palatasının sədri, vəkil İbrahim Gül isə keçirilən konfransın beynəlxalq hüquqi əməkdaşlıq baxımından faydalı olduğunu bildirib:

“Burada 35-ə yaxın beynəlxalq nümayəndə iştirak edir. Hazırda dünyada gedən qloballaşma prosesi cinayətkarlıqla mübarizədə ölkələrin tək hərəkət etməini mümkünsüz edir. Bu cinayət hüququnda da belədir. Bir ölkə təkbaşına həm fiziki, həm texniki, həm də hüquqi baxımdan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparmaqda gücsüzdür. Odur ki, ölkələrin hüquq sistemlərini inteqrasiya etdirməsi, beynəlxalq hüquqi aktların vaxt keçmədən dəstəklənərək tətbiq edilməsi çox vacibdir. Çox şadam ki, İlham müəllimin təşkilatçılığı ilə bu gün Azərbaycan bu işdə öncüllük edir və buna görə təşəkkür edirəm”.

Konfrans çıxışlarla davam edib, müxtəlif istiqamətlərdə müzakirələr və fikir mübadilələri aparılıb.


Share: