İlham Rəhimovla Medvedevin verdiyi eyni mesajın gizlinləri (ŞƏRH)

İlham Rəhimovla Medvedevin verdiyi eyni mesajın gizlinləri (ŞƏRH)

Azərbaycanda geniş əksəriyyətin Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı kimi tanıdığı İlham Rəhimovun “Yeni Müsavat”a verdiyi 3 hissəli geniş müsahibəsində səsləndirdiyi fikirlər siyasi kluarlarda ciddi müzakirə mövzusuna çevrilib. 

Qeyd edək ki, İlham Rəhimov həmin müsahibədə Qarabağdakı Rusiya sülhməramlılarını Azərbaycanın ən böyük problem adlandırmışdı. Rusiyada böyük varidat sahibi olan bir adamın dilindən belə ifadənin işlənməsi təəccüblə qarşılandı. Çünki Putinin yaxın ətrafına daxil olan Rəhimovun özünü vətənpərvər kimi göstərib Rusiyanın əleyhinə danışmasını səmimi qəbul etmək sadəlövhlük olardı. Elə Rəhimovun sözugedən müsahibədə işlətdiyi başqa bir fikir də bunu göstərir. Rəhimov açıq mətnlə deyir:
“Rusiya siyasi elitasını çox yaxşı tanıyıram. Eyni zamanda Putinin fikrini də çox yaxşı bilirəm. 20 il dediklərimi indi də təsdiq edirəm – nə qədər Putin hakimiyyətdədir, indi bizim Qarabağda olan ən böyük problemimiz olan sülhməramlılar məsələsini həll eləməliyik. Rusiyada hakimiyyət dəyişsə, bu, çox çətin olacaq. Nələrisə bilirəm ki, belə deyirəm”.
Guya İlham Rəhimovun narahatlığı həm də, özünün dediyi kimi, bu günə aid real, gizli informasiyalara əsaslanır.
Müşahidəçilərin fikrincə, Rəhimov Putini anlaşmaya daha yaxın, yəni “bazarlığa” daha açıq sayır. Bu da Azərbaycanın Rusiyanın geosiyasi maraqlarının təmin olunmasından keçir. Yəni Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü, sonra da KTMT-yə daxil olması şərtdir.
İlham Rəhimovun məlum müsahibəsinin ştrixlərini Rusiya Federasiyası Təhlükəsizlik Şurası başçısının müavini Dmitri Medvedevin fevralın 1-də verdiyi müsahibəsində də görmək olur. Bu baxımdan hər iki müsahibənin, yəni Rəhimovla Medvedevin müsahibələrinin təxminən eyni vaxtda verilməsi də təsadüf saymaq olmaz.
Medvedev müsahibəsində Qarabağ məsələsinin “həlli”ndə Putinin əməyini yüksək qiymətləndirməklə bərabər münaqişə tərəflərinə də mesaj vermişdi:
“Vladimir Putin Qarabağla bağlı gördüyü iş “zərgər dəqiqliyi” idi. Əgər o, Qarabağ məsələsinə müdaxilə etməsəydi, problem bu günə qədər davam edə bilərdi. Bu, çox böyük bir işdir. Azərbaycan və Ermənistan prezidentləri buna görə Vladimir Putinə minnətdar olmalıdır”.
Yəni, Medvedevin dediyinin tərcüməsi budur: Putin olmasaydı, vəziyyət münaqişə tərəfləri üçün, konkret Azərbaycan üçün başqa cür olacaqdı. Ona görə də rəsmi Bakı Putinə olan minnətdarlığını göstərməlidir. Bu da İlham Rəhimovla Rusiyanın sabiq prezidentinin dedikləri arasında böyük bir fərq olmadığını ortaya qoyur. Maraqlıdır deyilmi?
Yeri gəlmişkən, qeyd edək ki, Rusiyada Putin hakimiyyəti üçün böyük bir təhlükə var və müşahidəçilər Putinin hakimiyyətdən getməsini çox real sayırlar. Belə ki, Rusiyada artan sosial narazılıq və ABŞ-ın yeni administrasiyasının Kreml sahibinə məlum münasibətləri fonunda Putinin hakimiyyətdən getməsi mümkündür. Çünki Qərb dünyasının Putinə olan mənfi münasibəti Rusiyanın maraqlarını da zərbə altına qoyur. Məsələn, Amerikanın məşhur kəşfiyyat orqanının (CİA) Putinə yaxın olan oliqarxlarla bağlı davam etdirdiyi araşdırmaların sonunda onlara sanksiyalar tətbiq ediləcəyi gözlənilir ki, bu da Rusiyanın postsovet məkanı başda olmaqla Avropa və dünyanın başqa yerlərində Kremlin maraqlarına uyğun olan iş adamlarının əks cəbhəyə keçməsinə gətirib çıxarda bilər. Artıq bunun ilk simptomları özünü göstərməkdədir. Belə ki, Gürcüstan hakimiyyətinə faktiki nəzarət edən milyarder Bidzina İvanişvili siyasətdən getdiyini bəyan edib. Bu baxımdan hakimiyyət dəyişikliyi müəyyən mənada Rusiyanı Qərbin artan aqressiv münasibətindən sığortalaya bilər. Son illər demək olar kölgədə qalan və Qərbdə Putinlə müqayisədə yaxşı reputasiyası olan Dmitri Medvedevin yenidən ön plana çıxmasını hakimiyyət dəyişikliyinə hazırlıq kimi qiymətləndirmək olar.
Qeyd edək ki, Dmitri Medvedev fevralın 1-də ölkənin ən aparıcı 5 media orqanına uzun bir müsahibə verib. Eyni zamanda hakim Bütöv Rusiya Partiyasının sədri də olan Medvedev  müsahibədə həm xarici, həm də daxili siyasət barədə suallara ətraflı cavab verib. Analitiklər hesab edir ki, müsahibənin zamanlaması, formatı və verilən cavablar keçmiş prezident və baş nazirin Putindən sonra prezidentliyə iddialı olduğunu deməyə əsas verir. Medvedev sanki Rusiya elitasına “mənim prezident olmağıma razı olun, əvəzində sadəcə iqtisadi siyasət deyil, həm də təhlükəsizlik məsələlərində sizin xəttinizə uyğun kurs aparacağam” mesajı verir.
Məlumdur ki, Rusiya Şərqi Avropada mövqelərini bir-birinin ardınca itirir. Ukraynadan sonra Belarusda da Rusiyanın maraqlarına böyük təhlükə var. Bu baxımdan Rusiyanın Cənubi Qafqaza daha çox maraq göstərməsini anlamaq olar. Medvedevin məlum müsahibədə Qarabağla səsləndirdyi fikirlər də bunu göstərir. Görünür, Moskavada ümid edirlər ki, hakimiyyət dəyişikliyi ərəfəsində Qarabağda “sülhməramlı” faktorundan istifadə edib, Cənubi Qafqazın ən böyük və strateji olkəsini təsir altına ala bilərlər. Medvedevin və İlham Rəhimovun dediyi “Putinə minnətdarlıq” ifadələri həm də buna hesablanıb…
 
Orxan Əhmədli
Share: