İlin ədəbi yekunu: keçən ilin son, yeni ilin ilk yazısı

İlin ədəbi yekunu: keçən ilin son, yeni ilin ilk yazısı

Kulis.az Cavanşir Yusiflinin “İlin ədəbi yekunu: keçən ilin son, yeni ilin ilk yazısı” adlı yazısını təqdim edir.

Bəli, belə bir “janr” var: ilin ədəbi yekunları – hələ sovet dövründən bu günə qədər davam edən “janrda” ən çeşidli kombinasiyada “dövrə vuran”, öz oxu ətrafında fırlanan sadalamalar ədəbi prosesin konkret il üçün uğurları, səthdə görünən faktları önə sürür və ilin bitdiyində o sədalar da sönür. Ancaq, fikrimizcə, məsələyə tam başqa, tam fərqli rakursdan yanaşmaq lazımdır: bu sadalanan faktlar, uğur, yaxud şedevr kimi hallandırılan mətnlər ümumi ədəbi proses müstəvisində ədəbi düşüncənin dərinliyini necə əks etdirir? Çünki bəzən dayaz yerlər də ilk baxışdan dərinlik ölçüsü kimi vizuallaşa bilir. Zaman keçdikcə bu fakt “məzarlığı” prosesi ən fərqli bucaqlardan göstərə bilən kontekstə çevrilməlidir.

O məqam gəldikdə uğur kimi önə sürülən mətnlərin yeri nə olacaq, o mətnlərdən hansı sözlər, hansı xarakter qalacaq? Bədii mətnlər ədəbi prosesə məhz xarakteri ilə təsir göstərir, bu dialoji səciyyədə “bu gün” yoxdur, bu günün dəyərləndirilməsi keçmişlə gələcəyin görüş, toxunma, təmas nöqtəsidir. Bu nöqtəni, bu “böhran” məqamını göstərən mətnlər varmı? Əlbəttə, var, ancaq olanlar ola biləcəklərin boş qalan yerinin ağrısını daşıya bilirmi? Bir ilin ədəbi prosesinin yekunlarını dəyərləndirmək üçün ən azı, iyirmi ilin uzaqlığından gəlmək lazımdır və hər bir nöqtəni, hər bir böhran anını diqqətlə analiz edərək. Şübhəsiz ki, bu, hər şeydən öncə, prosesi göz ayırmadan izləməyi tələb edir, həm də ən əsas məqamların, bədii mətnlərin ortaya qoyduğu perspektiv, rakurs, baxış fəlsəfəsini.

Vaxtilə bir mətn oxumuşdum, onun tərcüməsini oxuyanda nə demək istədiyimiz daha dərindən anlaşıla bilər. Mətndə piano, musiqi və pianoçu barmaqları iştrirak edir. Deyilir ki, pianoçularda “barmaqların vəziyyəti // dillərə toxunuşu” heç də zəriflik və incəlik vasitəsi, yaxud işarəsi sayılmamalıdır; o, sadəcə hər hansı, yəqin, konkret məqamda gəlməli olan notu almaq üçün barmaqların sıralanmasıdır; deyilir ki, barmaqlar dillərə toxunan kimi şüurlu şəkildə o şey icra edilir ki, sonradan avtomatik rejimə keçsin – bir sözlə, bu, sırf refleks fiksasiyasıdır.

Müəllif yazır ki, mənsə pis ifaçıyam, barmaqlarım ritmlə ayaqlaşa bilmir, nəyisə improvizasiya edirəm, amma həmişə hansı barmağı hansı dilə toxundurmağı unuduram, tez-tez səhv buraxıram. Bunun səbəbi odur ki, mən dərhal səsdən feyz almaq istəyirəm, ancaq barmaqlarla dillərin ünsiyyəti çox darıxdırıcı aura yaradır, bu da feyz məsələsini gündəlikdən çıxarır. Allahlar Orfeyə nə demişdi: oyunun nəticəsinə vaxtından qabaq baxma, vaxtı yetişməyəndə boylanma onlara sarı… ancaq nə zaman ki, musiqi fraqmenti sənin xəyal etdiyin, ancaq real həyatda heç cürə yetişə bilmədiyin səs mükəmməlliyinə yetişir, o, fantazm // təxəyyül nümunəsi və fraqmenti kimi canlanır, doğulur və bütün aləmi sarır. Müəllif sonda bunu deyir: mən sevinclə təxəyyülün şüarına tabe oluram: “Dərhal! – qoy lap reallığın əhəmiyyətli dərəcədə böyük bir hissəsi itsin…”.

Bu mətndə iki məqam əsasdır: birincisi dilə, tuşa düz basmaq, yəni barmağınla deyil, ürəyindən gələn səslə. Bizim prosesdə doğulan ədəbi nümunələrdə, zənnimizcə, məhz bu qüsur qabarıqdır, görünür, artıb çoxalır. Özü də həm ədəbi nümunələrdə, həm də onların məziyyətlərindən bəhs edən yazılarda. Sanki dayanmadan yazmaq stixiyası var, bu stixiya xof yaradır, dayansam, çox əhəmiyyətli şeylərin nəfəsi kəsilər, uçub gedər əlimizdən, ancaq dayanmaq həm də və başlıca olaraq çox şeyi itirməməkdi, yazmaqdan vaz keçmək təxəyyüldəki “kombinasiyalardan” feyz almaqdır, sən pianonun dillərinə ürəyinlə toxunursan, həmin o fantazm səni bu dünya və gerçəkliyin elə bir nöqtəsinə gətirir ki, ordan hər şey ovuc içindəki kimi görünür.

Bədii təkamül deyilən bir anlayış var, nəfəs dərməlisən ki, yeni nəsnələr doğulsun, yeni üfüqlər açılsın. Çox istedadlı şairimiz Məstan Günərin yaradıcılığına diqqət edin. “Obalardan əsən yellər” kitabı fikrimizcə, məhz bu nəfəs dərmənin, təxəyyülün “uğultusuna” (dünyada tək bir adam sənmişsən kimi bu uğultunun içindəki dramatizmi öyrənmək…) illərlə qulaq kəsilməyin nəticəsi idi. Xaqani necə deyirdi? Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı // O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı // Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərxan // Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı // Dizim üstü o məktəbdir ki, Nuh onda gəmi salmış // Gəmim – Cudi dağı, gözdən axan yaş isə tufanı // Bu cür insanlara Cudi dağı ancaq topuqdandır // Dizinə onların çıxmaz su, tufan tutsa dünyanı…

Yaxud Məmməd İsmayıl nümunəsi. Yaxud İsa İsmayılzadə, Ələkbər Salahzadə və sair… Bu və digər imzalar fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxışı şərtləndirir, məhz bu tipli yaradıcılıq və mətnlər ədəbi prosesləri tam fərqli bucaqdan əks etdirə bilirlər: bayaq yazdığımız kimi, keçmişlə gələcəyin toxunub ayrıldığı bir məqamda. İndiki zamansa “yoxdur”, o ünsiyyət və ayrılıq anında “olmayan” (iştirak etməyən) indinin bütün sirləri, bütün mənzərələri misralar arasındakı sahələrə verilir, nəfəs kimi. Və indiki zamanın bu sirləri, sirli nəfəsi gələcəyin mükəmməl ədəbi nümunələrinin yaranmasına təkan olur. Məmməd İsmayılda, onun yaratdığı poetik mühitdə hər şey zahirən axar-baxarlı və sakitdir, dinamika bədii tapıntıların // mətləb icadının zamanla irəliləyişində üzə çıxır.

Birdən səndə elə bir qarşısıalınmaz ehtiyac yaranır ki, hansısa bədii mətni oxuyasan, orda sənin beynini, ruhunu “darıxdıran” mətləblərin açarı var, elə bir düstur var ki, sənin əndişənin, həsrət və iztirabının tam dərinliyini göstərə bilər. Baxmayaraq ki, şeir düstur təklif eləmir. Ələkbər Salahzadə və İsa İsmayılzadə poeziyası zahirən baş alıb gedən axtarışlara ziddir, ancaq, zənnimizcə, elə ədəbi prosesin də əsas istiqamətlərini vaxtında onlar müəyyənləşdiriblər. Həm də adları çəkilən şairlər həmişə, zaman keçdikcə mənəvi ehtiyacların səslədiyi şairlərdir, bax, orda bir kitab var, o kitabxanada, rəflərdə, onun hansısa səhifəsində “Güllələr demədi geri qayıdın”, yaxud “Ağ bir zanbaq kimi açıldı səhər” misraları var, içi duyğu və enerjiylə dolu, Azərbaycan poeziyasının dünəni və gələcəyi olan bədii mətnlər. Yəni bu günün, bu ilin ədəbi prosesinin yekunlarından danışanda bu perspektivi unutmaq olmaz, bu dəlil və faktlar həmişə göz önündə durmalıdır.

Bu rakursdan baxanda nələr görünür? Həmin perspektivi əks etdirən bədii nümunələrimiz varmı? Əlbəttə, var. Bədii dəyəri yüksək olan nümunələr yazılır, müzakirələr, müsabiqələr, görüşlər… bunları saymaqla qurtarmaz. Müşahidələr bir də belə bir məqamı açıqlayır ki, hər şey elə indi, yəni ilin sonunda başlayır, bu da təsadüfi deyildir. Əsas olan isə ən uğurlu mətnlərin “sakit” təması, bir-birlərinə dialoji aspektdə nüfuzu sanki gizlinlərdə bir dilləşmə atmosferi yaradır. Kuliz.az saytının təşkil etdiyi “İlin hekayə müsabiqəsində” (İkinci müsabiqə) belə mətnlər olmamış deyildi.

Mübariz Örən, Şəhriyar del Gerani, Orxan Cuvarlı, Nərmin Kamal, Orxan Həsəni və sair nasirlərin hekayələri… Həmin “gizlin dilləşmə” nə zaman yarana bilər? Şübhəsiz ki, mətnlər mükəmməl olanda (şərti mənada mükəmməl-!). Məsələn, Orxan Cuvarlı ilə Orxan Həsəninin hekayələrinin hansına üstünlük verilməsi olsun ki, münsiflər üçün problem yarada bilər, məncə, olub da. Bu hekayələrin qaliblər pyedestalına qalxmaması bir məsələ deyil, əsas olan onların arasındakı “dilləşmə” məqamıdır, yaxşı mətnlərin yarışması ədəbi prosesin dinamikasını üzə çıxarır, eyni zamanda müəlliflərin yaradıcılıq üzüntülərini. Məsələn, Orxan Həsəni iki aspektdə mətnlər yaradır, zənnimizcə, “İnziva” və “Qırmızı ayaqqabılar” fərqli yanaşma, fərqli metod məhsuludur. Şəhriyarın “Türbulans”ı münsiflər bir yana dursun, oxucular arasında ən fərqli fikirlər və dəyərləndirmə mövqeyi yarada bilən nümunədir. Bayaq altını cızdığımız dilləşmə, yarış stixiyası da elə bu fərqli mövqelərdə ifadə olunur və bizim ədəbi prosesin gücü də bundadır. Həm də ilin sonunda. Çünki ilin sonunda hər şey yenidən başlayır.

Burda başqa bir məqam adıkeçən dilləşmə, nüfuz, bir sözlə, dialoji aspektin altdan-altdan sürət götürməsidir. Vaxtilə fransız filosofu Jak Derrida da bu məsələni qabartmışdı. Diqqət edin: “…Belə ki, onda intervü götürənlərin birinin “sizin əsərləriniz labirintə” bənzəyir fikrinə belə cavab verir ki, şübhəsiz, bütün mətnlər özündən sonra gələn bütün digər mətnlər üçün sonsuz ön söz rolunu oynayır, bu sonsuz ön söz sonrakı mətnə güc kimi verilir. Derridanın fəlsəfi cəhdlərinin məğzini “metafizikallıq” və Avropa mədəniyyətinin tənqidinin davamlı radikallaşması kimi səciyyələndirmək olar. Belə bir məqam Haydeggerin fundamental antologiyasında əksini tapıb”. Yəni bütün mətnlərin özündən sonrakı mətnlərə güc kimi verilməsi ciddi məqamdır, fikrimizcə, bu proses bizdə alınacaq.

Yuxarıda belə bir ifadə işlənmişdi: “qoy lap reallığın əhəmiyyətli dərəcədə böyük bir hissəsi itsin…”. İtsin ki, yerin dərinliyindən, üfüqlərin “zirvəsindən” olub-keçəni, insan iztirablarını… ən ağrıyan məqamından əks etdirə bilsin. Əsmər Həsənova adlı şairin şeirlərinə baxın.

Çıxıb getsəm indi…

Ayaqyalın keçsəm arpa zəmilərindən

qızmar günəşin altında,

görsəm, necə olur başqa cür yaşamaq…

Çıxıb getsəm indi…

sonuncu izlərimi ləpələr udsa,

boğulsam mavi sularında dənizin,

görsəm, necə olur başqa cür boğulmaq…

Yaxud onun “Göyərçin yuvası” şeiri:

Burda binaların üstü qırmızı

utanan qızların yanağı kimi.

Bu şəhərdə pəncərələr danışmır

dilənən qadının uşağı kimi.

Elə ki yağışlar yağır şəhərə,

damlar boya sürtür dodaqlarına.

İslanmasın deyə, çölə çıxmayan,

düzür ləyənləri otaqlarına.

Şəhərdə qohumlar yada qarışıb,

saatın dalınca qaçır adamlar.

Yuxu əsir alıb yorğun şəhəri,

burda ayaq üstə yatır adamlar…

Share: