Artıq 2020-ci il başa çatmaq üzrədir. Bu il ölkəmizdə həm də bir çox yüksək vəzifəlilərin həbs edilməsi kimi xatırlanacaq.
Müstəqil.Az ilin ən səs-küylü həbslərinin siyahısını təqdim edir:
Bu il fevralın 20-də Neftçala rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizlik Xidmətinin( DTX) keçirdiyi əməliyyat zamanı rayon başçısı İsmayıl Vəliyev və onun müavinləri, rayon təhsil şöbəsinin müdiri və yerli xəstəxananın baş həkimi həbs edilib. İsmayıl Vəliyevin həbs edilməsinə səbəb büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını ələ keçirmək olub.
DTX/nın növbəti əməliyyatı aprelin 29-da Biləsuvar rayon İcra Hakimiyyətində olub. Bu əməliyyat zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə əməllərinə görə icra başçısı Mahir Quliyev həbs edilib.
DTX-nın başqa bir əməliyyatı İmişli İcra Hakimiyyətində reallaşdırılıb. Mayın 5-də keçirilən əməliyyata zamanı icra başçısının ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxladığı pul vəsaitləri, həmçinin dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş binadan növbəli qaydada verilməli olan mənzillərin onun tərəfindən rüşvət müqabilində qanunazidd verilməsi, ictimai işlərə cəlb edilən vətəndaşların əmək haqqı kartlarına köçürülən məbləğlərin ələ keçirilməsi, eyni zamanda rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, icra hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsi aşkarlanıb.
Dövlət Təhlükəsizliyi Xidməti mayın 8-də Mədəniyyət Nazirliyində nazirin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun həbsi ilə nəticələnən daha bir əməliyyat keçirib. Bu əməliyyatın keçirilməsinə səbəb Rafiq Bayramovun mədəniyyət müəssisələrinin tikintisi, təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin müntəzəm olaraq nağdlaşdırılıb mənsəməsi, Zakir Sultanovun isə tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini özünə götürməsi olub.
Mayın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinə qarşı DTX və Baş Prokurorluq tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı DSX-nin rəis müavini general Əfqan Nağıyev və onun tabeliyində olan Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Muradov, mayor Müzəffər Namazov və digərləri vəzifə səlahiyyətlərindən istifadə etdikləri üçün saxlanılıb.
Lakin Ə.Nağıyev həbsindən bir neçə gün sonra ev dustaqlığına buraxılıb. Vətən Müharibəsi başlamamışdan öncə isə onun barəsində olan cinayət işinə xitam verilmiş, günahsız olduğu sübuta yetirilmişdi. Vətən müharibəsindəki igidliyinə görə general təltif də edildi.
İyulun 3-də DTX-nın Xarici İşlər Nazirliyində 3 əməkdaşın həbsi ilə nəticələnən növbəti əməliyyatı keçirilib. Əməliyyat zamanı XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev dövlət vəsaitlərinin ələ keçirildikləri, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət aldıqları və s. hüquqazidd əməllər törətdikləri üçün həbs edilib.
Avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Bu əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, birinci müavini Tacəddin Novruzov, şöbə müdiri Natiq Kərimov rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən külli miqdarda rüşvət aldıqları üçün həbs edilib.
Müstəqil.Az